Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6323/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 05.04.2021ci il tarixli, ******* nömrəli akta əsasən abonentin saldosunda qeyd edilən 216 manat və sayğacın dəyərinə görə hesablanmı 64,67 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, ev 39/16, mənzil 55 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən mənzilə xidmət edən mexaniki tipli təbii qaz sayğacı çıxarılarq əvəzinə yeni mexaniki tipli təbii qaz sayğacı quraşdırmışlar. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” 21.01.2021-ci il tarixli, ******* nömrəli akt tərti olunmuşdur. Mənzildən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X3 Kalibriləşmə Laboratoriyasında yoxlama keçirilmiş və 30.03.2021-ci il tarixli, MSK- 29/1710-00634-1 saylı akta əsasən müəyən edilmiş ki, “Sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plomblardan biri kəsildiyindən” sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 05.04.2021-ci il tarixli ******* nömrəli akta əsasən sayğacın dəyərinə görə 64,67 manat borc hesablanmışdır. İddiaçı qaz sayğacına heç bir müdaxilə etmədiyini və tələb olunan məbləği əsassız hesab etdiyini qeyd etmişdir. O, aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. Mülkiyyətində olan mənzildə 20 ildən artıqdır ki, yaşayış yoxdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi. İddiaçı həmçinin bildirdi ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Sözügedən mənzildə çoxdandır yaşayış yoxdur. Sayğac elə yerdə yerləşir ki, ona müdaxilə etmək belə mümkün deyil. Bu qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddia tamamilə əsassızdır. Sayğac çıxarılıb laboratoriyaya aparılarkən heç bir ödəniş alınmayıb. Laboratoriyada bəlli oldu ki, sayğacın iki plombu qırıq olub. Bu qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 39/16A, 55 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir . “Qaz sayğacının yoxlanılması barədə” 30.03.2021-ci il tarixli, 29/1710-00634-1 nömrəli akta əsasən 22.02.2021-ci il tarixdə qaz sayğacı dövlət yoxlamasına gətirilmiş, sayğacların müayinəsi laboratoriyasının rəyinə görə sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın ekranında kənar təsir izi var, plastmas qapaq açıldı və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan biri baxış zamanı qırıldı. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 05.04.2021-ci il tarixli, ******* saylı akta əsasən 29.03.2021-ci il tarixdə G-4 markalı ******* nömrəli sayğaca baxış keçirildi. Sayğacın hesab mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombundan hər ikisi kəsilib. Aktda dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 06.04.2021-ci il tarixdə iddiaçıya 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın **********2 saylı abonent saldosunda iddiaçıya akt əsasında 216 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçının ünvanında olan G-2,5 markalı ******* nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombundan hər ikisi kəsildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat ABB Sumqayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X1 müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 216 manat borcun və sayğacın dəyərinə görə ondan tələb edilən 91,21 manat pulun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 216 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında və sayğacın dəyərinə görə hesablanmış borclar silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına 05.04.2021-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat və sayğacın dəyərinə görə ondan tələb edilən 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində borclar silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6323/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6323/2021
10.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver