Məhkəmə qərarları › İş №2(060)-6324/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6324/2021

12.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6324/2021 12.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyət qabiliyyətsiz hesab edilməsinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09.10.1988-ci il tarixdə anadan olmuş qızı X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 09.10.1988-ci ildə anadan olmuşdur. O, iddiaçının qızıdır. Bunu A.Rzayevanın adına 20.10.1988-ci ildə verilmiş, XİV-ЖГ № 291572 saylı doğum haqqında şəhadətnamə təsdiq edir. Qızı epilepsiya xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı TSEK-in TSE-0 seriyalı AR №851783 saylı arayışına görə qızına 2-ci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. Xəstəlik anadangəlmədir, əmək qabiliyyətini tam itirmişdir. Qızının kənar şəxslərin köməyinə daima ehtiyacı vardır. Qızına ərizəçi özü baxır, qulluğunda durur. O, öz hərəkətlərinin mənasını dərk etmir, özünü müstəqil idarə edə bilmir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, 09.10.1988-ci il tarixdə anadan olmuşdur. - 6 saylı zona Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, 1988-ci il təvəllüdlü X2 uşaqlıqdan müddətsiz ikinci qrup əlildir. -“Sumqayıt Tibb Mərkəzi” 1 nömrəli xəstəxana poliklinika şöbəsi tərəfindən verilmiş 771 saylı, 05.07.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 3 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində dispanser və ya ambulator müşahidədə deyil. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2147 saylı, 02 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Saray qəsəbəsi, yeni məhəllədə nömrəsiz evdə qeydiyyatsız yaşayır və qızı X2 İİ qrup əlildir. Ərizəçi özü qızı X2na qulluq edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 09.10.1988-cü il təvəllüdlü X2 ərizəçinin qızıdır. Qızı 2-ci qrup əlil olaraq epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar olaraq daim müalicə olunur. Onun daim kənar şəxslərin köməyinə ehtiyacı vardır. Psixiatrik kabinetində dispanser və ya ambulator müşahidədə deyil. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 321-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi iş materialları ilə sübut olunmur, həmçinin X2 öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir. Buna görə də, X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas və məhkəmə psixiatrik ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi 09.10.1988-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi 09.10.1988-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar