Məhkəmə qərarları › İş №2(060)-635/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-635/2025

22.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-635/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanına ******* saylı akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, fərdi evdə qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Həmin akt əsasında 3110,40 manat cərimə yazılmışdır. Həmin akt əsasında yazılmış borcla razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı akta imza etməmiş və xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında yazılmış borcla razı deyildir. xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib olunmuş borc (abonent Kodu: **********05751) əvvəlki ev sahibi X1 (anasının) adına tərtib olunmuşdur. Hazırda evin mülkiyyətçisi özüdür. Anası X4 xx.xx.2019-cu il tarixdə dünyasını dəyişmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında yazılmış 3110,40 manat borc əsassızdır. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında yazılmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca baxış keçirilmiş, sayğacdan kənar xətt aşkar olunmuşdur.

7. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı X2 ******* saylı, xx.xx.2024cü il tarixli akt əsasında fərdi evdə sayğaca baxış keçirilmiş, «Qazdan istifadə qaydaları»nın tələblərinə zidd olaraq, sayğacdan kənar xətt aşkarlandığından sayğacın istismara yararsız olması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 25920 kub metr əlavə sərfiyyat hesablanmışdır.

8. İş materiallarındakı X1 adına olan **********05751 saylı abonentin saldosundan görünür ki, X1 abonent hesabına “Qalıq və aktlar” əsasında 2024-cü il üzrə 3110,40 manat borc yazılmışdır, ünvan üzrə sayğac Zenner G4T Smart tiplidir, quraşdırılma tarixi xx.xx.2022-ci ildir.

9. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, AZ-İİ № 008227 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə ürəyin hipertenziv xəstəliyindən ölmüşdür.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və yoxlamanın nəticəsində onun barəsində xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 25920 kub metr əlavə sərfiyyat hesablanaraq 3110,4 manat borc yazılmışdır. Hazırda iddiaçı borcun silinməsini tələ edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

13. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

14. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.

15. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

16. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

18. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunmuşdur. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Həmçinin məhkəmə təbii qazdan kənar xətt vasitəsi ilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddia kənar xətdən istifadə nəticəsində hesablanmış 3110,4 manat borcun silinməsi hissəsində qismən əsaslıdır.

19. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının hesabatı düzgün aparılmamışdır. Məhkəmə həmin hesabatın 30 gün müddəti üçün aparılmasını qanuni və ədalətli hesab edir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməlidirlər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur.

21. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 4 m3/saat, günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün (4x12x30=1440m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır.

22. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borcun xx.xx.2024-cü il tarixli hesabat üzrə 172,8 (1440 x 0,12 =178,8) manat olmalıdır.

23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 172,8 manat məbləğində borcun tələb edilməsi əsaslıdır.

24. Məhkəmə hesab edir ki, iddiaçıdan 3110,4 manat borcun tələb edilməsi hissəsində tam əsassızdır. Belə ki, iş materiallarında olan abonent saldosunun “qalıq və aktlar” bölməsində 2024-cü ilin yanvar ayı üzrə 3110,4 manat məbləğində borcun olması qeyd olunsa da, bu borcun nəyin əsasında hesablandığı iş materialları ilə müəyyən olunmur.

25. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Beləliklə, şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 3110 manat (3110,40 manat – 172,8 manat = 2937,6) məbləğində borcun silinməsi hissəsində təmin edilməlidir.

27. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanı üzrə **********05751 saylı abunə hesabından Cavabdeh İB tərəfindən ******* saylı, xx.xx.2024-cü il tarixli akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 2937,6 (iki min doqquz yüz otuz yeddi manat, altmış qəpik) manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

28. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 51,10 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.

29. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

30. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

31. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

33. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanı üzrə **********05751 saylı abunə hesabından Cavabdeh İB tərəfindən ******* saylı, xx.xx.2024-cü il tarixli akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 2937,6 (iki min doqquz yüz otuz yeddi manat, altmış qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən 51,1 (əlli manat, on qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar