Məhkəmə qərarları › İş №2(060)-6365/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6365/2021

13.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6365/2021 13.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 514 nömrəli fərdi yaşayış evi ona məxsusdur. 02.09.2020-ci il tarixində onun mənzilinə quraşdırılmış mexaniki qaz sayğacı yenisi ilə əvəz edilmiş və bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 02.09.2020-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Onun mənzilindən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X2 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və 21.04.2021-ci il tarixli, MSK-29/1710-01450-1 saylı akta əsasən müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.04.2021-ci ildə ******* nömrəli akt tərtib edilmişdir. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləğin əsassız hesab etmişdir. Aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. Qaz sayğacı fərdi evdən kənarda, hasarın çölündə yerləşir, sayğaca edilən hər hansı bir müdaxilələrə görə o, günahkar deyildir. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.04.2021-ci il tarixli ******* saylı akta əsasən abonentin saldosunda qeyd edilən 216 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 185,73 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, izahatında ondan xəbərsiz qaz sayğacının dəyişdirilərək mexaniki sayğac qoyulduğunu, sayğac üzrə ödənişlər etdiyini, lakin bu vaxta kimi heç bir problem yaşamadığını bildirərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X4 izahatında iddia tələbini qəbul etməyərək, məhkəmədən verilmiş iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş materiallarına əlavə olunmuş sənədlərə baxıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 29.04.2021-ci il tarixli, ******* nömrəli aktda qeyd edilir ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 514 nömrəli fərdi yaşayış evi **********05140 abonent kodu altında qeydiyyatdadır. Qeyd olunan sayğaca baxış keçirilən zaman sayğacın klapanının işlək olmaması, sayğacın çıxış plastmas borusunun deşilməsi, Sumqayıt QİŞ tərəfindən mexaniki göstəricinin düzgün qeyd olunmaması aşkar edilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 02.09.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı mənzilinə quraşdırılmış köhnə sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına 29.04.2021-ci il tarixli tərtib edilmiş akta əsasən itirilmiş qazın bərpası üçün 2160 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 21 aprel 2021-ci il tarixli, MSK-29/1710-01450-1 saylı aktın surətindən görünür ki, çıxarılan sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın klapanının işlək olmaması, sayğacın çıxış plastmas borusunun deşilməsi, Sumqayıt QİŞ tərəfindən mexaniki göstəricinin düzgün qeyd olunmaması aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 514 nömrəli fərdi yaşayış evi İddiaçı təbii qazdan istifadəyə görə akta əsasən 216 manat məbləğində borcu var. İş materiallarında olan 07 iyul 2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 514 nömrəli fərdi yaşayış evindən çıxarılmış, istismara yararsız sayğaca görə 185,73 manat borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 14.07.2021-ci il tarixli, 2(060)-6365/2021 saylı qərardaddan görünür ki, İddiaçı iddianın təmin edilməsinə dair ərizəsi təmin edilərək, iş üzrə mübahisə həll edilib qətnamə çıxarılana qədər cavabdeh «Azəriqaz» İB tərəfindən Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 514 nömrəli fərdi yaşayış evinə təbii məişət qazının verilməsinin dayandırılması qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan suiistifadə yolverilməzdir. (MM-560.3.2) Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus mənzilə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından, sayğacda yaranmış xətalar nəticəsində təbii məişət qazının itirilmiş sərfiyyatı ilə bağlı iddiaçı məsuliyyət daşımır. Belə olan halda, məsuliyyəti iddiaçının öhdəliyinə verməsi və əsassız olaraq borc hesablanması qanunsuz hesab edilərək, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh təşkilat daşıdığından, iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh təşkilat tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh təşkilat tərəfindən iddiaçının abunə koduna hesablanmış 216 manat cərimə borcun və sayğacın dəyəri kimi hesablanmış 185,73 manat məbləğ silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduqda, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «Azəriqaz» İB tərəfindən 29.04.2021-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 514 nömrəli fərdi yaşayış evinə hesablanmış 216 (iki yüz on altı manat) manat cərimə borcu və sayğacın dəyəri kimi tələb olunan 185,73 (yüz səksən beş manat yetmiş üç qəpik) manat borc **********05140 saylı abonentin hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar