Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6372/2024 25.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X11 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizə tələbi:
1. Ərizəçi maraqlı şəxs qismində «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X11 2 saylı Sumqayıt Ərazi İdarəsini qoymaqla ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Saray bağları massivi, B-3837 ünvanında yerləşən, bağ torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “Ərizəçi Bəylər qızı” qeydinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X12 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3837 ünvanında yerləşən və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında onun, həyat yoldaşının və iki oğlunun ümumi birğə mülkiyyəti kimi qeydiyyata alınmış torpaq sahəsinə dair reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişdir. Lakin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin oğlu X6 müraciətinə verdiyi 14 may 2024-cü il tarixli, 3-21-3-31/2- 1715/2024 nömrəli cavabında JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin ad və ata adlarında uyğunsuzluq aşkar edildiyi, şəhadətnamədə “X9”, şəxsiyyət vəsiqəsində isə “X12”, eyni zamanda şəhadətnamədə “Ərizəçi Bəylər qızı”, şəxsiyyət vəsiqəsində isə “Ərizəçi” kimi qeyd edildiyi göstərilərək, çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsindən imtina edilmişdir. Halbuki, yol verilmiş bu səhvlərə səbəb yaşayış yeri üzrə 1 saylı Mənzil-İstismar Sahəsinin 2005-ci ildə verdiyi “ailə tərkibi haqqında” arayış olmuşdur ki, həmin arayışda o, səhvən Ərizəçi Bəylər qızı olaraq göstərilmişdir. Həmin arayış keçmiş Bağlar Təsərrüfatı İdarəsinə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmiş və sənədləşmədə adı çəkilən təşkilatlar tərəfindən bu şəkildə həyata keçirilmişdir. Hal hazırda o, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq hüquq müəyyənedici sənədi əldə etmək istəyir, lakin maraqlı şəxs sənədlərdə olan uyğunsuzluq səbəbindən hüququnun qeydiyyata alınmasından imtina edərək, adlar arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə məhkəməyə müraciət olunmasını tövsiyyə etmişdir. Göstərilənlərə əsasən sözügedən ərizə ilə məhkəməyə müraciət edərək JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi Bəylər qızı qeydinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmək məcburiyyətində qalmışdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 4792 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında daimi qeydiyyatda olan şəxslər sırasında X13, Ərizəçi Bəylər qızı, X10, X9 göstərilmişdir.
6. Torpağın mülkiyyətə verilməsinə dair JN-3160B saylı şəhadətnamədən görünür ki, bu şəhadətnamə Sumqayıt şəhər sakini X13 və ailə üzvləri Ərizəçi Bəylər qızı, X10, X1 Saray bağları ərazisində sahəsi 0,12 hektar olan B-3837 nömrəli bağ sahəsi verilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-1715/20 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, şəhadətnamədə “X9”, şəxsiyyət vəsiqəsində is “X12” kimi, eyni zamanda şəhadətnamədə “Ərizəçi Bəylər qızı”, şəxsiyyət vəsiqəsində isə “Ərizəçi” kimi qeyd edildiyi bildirilmiş və adlar arasındakı uyğunsuzluğun məhkəmə qaydasında həll olunması tövsiyyə edilmişdir.
8. AЗ 744066 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1964-cü ildə anadan olmuşdur. X2, anası isə X3r.
9. AZE 000***** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ərizə təmin edilməlidir.
13. Belə ki, iş materialları ilə müəyyən olunur ki Torpağın mülkiyyətə verilməsinə dair JN-3160B saylı şəhadətnamə ilə X13 və ailə üzvləri Ərizəçi Bəylər qızı, X10, X7 Saray bağları ərazisində yerləşən, sahəsi 0,12 hektar olan B-3837 nömrəli bağ sahəsi verilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Saray bağları massivi, B-3837 ünvanında yerləşən, bağ torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “Ərizəçi Bəylər qızı” qeydinin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Belə ki, ərizəçinin X2 olduğu halda, həmin sənəddə şəxsin ata adı Bəylər kimi göstərilmişdir. Bu sənəd hüquq müəyyənedici sənəddir və onun ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi həmin sənədin əsasında verilmiş mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruridir.
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-in 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
15. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2- 1715/20 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi bildirişi ilə onun müraciəti təmin edilməmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə uyğun olaraq, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.
17. Həmin Qərarın 6.2 və 6.3-cü bəndlərinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
18. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.
19. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş şəhadətnaməyə başqa qaydada düzəliş edilməsi və yaxud ərizəçiyə məxsus olmasının müəyyən edilməsi mümkün olmamışdır.
20. İş materiallarından göründüyü kimi, ərizəçi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizəçinin ata adı ərizəçinin doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində “Bəliyar” olaraq qeyd edilmişdir. Eyni zamanda sözügedən şəhadətnamədə ərizəçinin ata adı “Bəylər” kimi qeyd olunmuşdur. Göründüyü kimi, şəxsin, adı, soyadı, atı adı müxtəlif sənədlərdə müxtəlif cür yazılmışdır. Məhkəmə tədqiq edilmiş sübutlar əsasında belə qənaətə gəlir ki, JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “Ərizəçi Bəylər qızı” qeydi Ərizəçi məxsusdur. Şəhadətnamədə yanlışlıqla ərizəçinin ata adı “Bəliyar” əvəzinə “Bəylər” kimi göstərilmişdir. Şəhadətnamə hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin düzəldilməsi başqa qaydada mümkün olmamışdır. Göstərilənlərə əsasən, JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “Ərizəçi Bəylər qızı” qeydinin Ərizəçi məxsus olmasının müəyyən edilməsi barədə ərizə təmin edilməlidir.
21. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-3160 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “Ərizəçi Bəylər qızı” qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-3160 KOD 30800086 nömrəli, 26 may 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “Ərizəçi Bəylər qızı” qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva