Məhkəmə qərarları › İş №2(060)-6382/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6382/2020

01.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6382/2020 01.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıveridyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna kompensasiya verməklə xitam verilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən, 5/9 saylı evin 39 saylı mənzilinin bazar qiyməti müəyyən edilərək onun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2002-ci ildə faktiki nikaha girmiş, nikahları xx xxxxx 2004-cü ildə rəsmi qeydə alınmışdır. Birgə nikahdan 3 övladları anadan olmuşdur. O cavabdehə məxsus olan Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən 5/9 saylı evin 39 saylı mənzilinə gəlin köçmüşdür. Mənzil 3 otaqdan ibarət olub, 49,93 kv.m ölçüdədir. Sözügedən mənzil X2 məxsus olmuşdur. Hal-hazırda qaynatası (P.Əhmədov) vəfat etmiş və mənzilin icarədarı sonra qaynanası X3muşdur. Qaynanasının vəfatından sonra miras əmlakı vərəslərdən heç biri qəbul etməmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 2(060)- 1644/2007 saylı qətnaməsi ilə onun və 2 uşağının (xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7) Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 5/9, mənzil 39-a yaşayış hüquqları tanınmışdır. Cavabdeh onun və uşaqlarının mənzildə yaşamasına imkan vermir. Müxtəlif bəhanələrlə onu və uşaqları evdən çıxarmaq istəyir və bu məqsədlə tez-tez mənzildə dava-dalaş salır, əsassız söz-söhbətlərə səbəb olur. Hal-hazırda cavabdeh mənzilin özəlləşməsinə maneçilik törədir. Dəfələrlə cavabdehə mənzilin özəlləşməsi üçün AR ƏMDK yanında DƏDRX-nin X8 müraciət etməyi təklif etmişdir. Lakin o bu təklifdən boyun qaçırmış, onu incidib bezdirirək evdən çıxarmaq istəmişdir. Yuxarıda qeyd etdiyi kimi sözügedən mənzil Dövlət Mənzil Fonduna aiddir. Qanunvericilikdə Dövlət Mənzil Fonduna məxsus mənzillərdə istifadə hüququna xitam verilərək kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Hesab edir ki, bu sahədə mülki hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadığına görə oxşar münasibətləri tənzimləyən hüquq normalarına istinad edilməlidir. Onun həmin mənzilə yaşayış hüququ məhkəmə qaydasında tanınmışdır. Halhazırda sözügedən mənzilin icarədarı kimi Cavabdeh çıxış edir. O sözügedən mənzildə 2002-ci ildən yaşayır və qeydiyyata 2007-ci ildən götürülmüşdür. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1981-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx/xx- 1337/69 saylı arayışa əsasən X4 ilə Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə 20 nömrəli akt qeydi tərtib olunmuşdur. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X11 anadan olmuşdur. (iş materiallarına əlavə olunmuş AZ-İ 846412, AZ-İ 631160 və AZ-İİ 228872 nömrəli doğum haqında şəhadətnamələrin surətlərinə əsasən). İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1644/2007 saylı, xx xxxxxx 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, X1 xx xxx 2005-ci il tarixdə anadan olan X6 və xx xxxxxxxx 2006-cı ildə anadan olan X7 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon 5/9 saylı evin 39 saylı mənzilinə yaşayış hüququnun tanınması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və toplanmış bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1644/2007 saylı, xx xxxxxx 2007-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddiaçı cavabdehlərin ailə üzvü olduğundan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən mənzildə ailə üzvü kimi yaşamaq hüququ qazanmışdır. İddiaçı N.Cəfərovanın mübahisəli mənzilin icarədarı olmuş P.Əhmədovun ailə üzvü olması və ailə üzvü kimi mənzildə yaşaması təsdiq olunur. Bu səbəbdən iddiaçı X1 uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon 5/9 saylı evin 39 saylı mənzilinə yaşayış hüququnun tanınması hissəsində iddia tələbi təmin edilməlidir. Göründüyü kimi, sözügedən qətnamə ilə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olduğu tanınmamış, sözügedən mənzil dövlət fondunda olduğundan və İddiaçı (həmin vaxt N.Cəfərova) Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı quraraq 2004-cü ildən mübahisəli mənzildə yaşadığından İddiaçı (həmin vaxt N.Cəfərova) mənzildə yaşamaq hüququ verilmişdir. Kompensasiya institutu isə yalnız yaşayış binasının tərkib hissəsindən (mənzildən) istifadə hüququ olan şəxslər üçün nəzərdə tutulmuşdur. Digər tərəfdən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququ istifadəçiyə deyil, mülkiyyətçiyə məxsus olan hüquqdur. Belə ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianı mülkiyyətçi qaldırmalıdır. Hazırki iddia ərizəsi isə Sumqayıt şəhəri, 5/9 saylı evin 39 saylı mənzilinə mülkiyyət hüququ əsasında sahiblik edən şəxs tərəfindən qaldırılmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı istifadə hüququna kompensasiya verməklə xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı istifadə hüququna kompensasiya verməklə xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar