Məhkəmə qərarları › İş №2(060)-6386/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6386/2021

26.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6386/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Nailə Xəlfəqulu qızı Novruzovanın katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi Notariusunda 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilədə Cavabdeh1 İddiaçı 44000 (qırx dörd min) manat məbləğində borc pul verdiyi qeyd olunmuşdur. Həmçinin onunla Cavabdeh2 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi Notariusunda 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilədə Cavabdeh2 İddiaçı 40000 (qırx min manat) məbləğində borc pul verdiyi qeyd olunmuşdur. Cavabdeh1 sələmə pul verən şəxsdir. O, həmin borc müqaviləsindən təxminən 1 il yarım əvvəl cavabdehdən sələmə 4000 ABŞ dolları məbləğində pul götürmüşdür. Müqavilə bağlandığı anadək o, cavabdehə faizi ilə birlikdə 52000 ABŞ dolları məbləğində pul vermişdir. Müqavilə bağlandıqdan 10-15 gün sonra Cavabdeh1 onun evinin yaxınlığında 20000 ABŞ dolları məbləğində pul vermişdir. Həmçinin cavabdehə oğlu Elçinə məxsus mağazada işləyən Şahmuradov Xaqaninin yanında bir neçə dəfə müəyyən məbləğlərdə pul vermişdir. Lakin Cavabdeh2 bir neçə dəfə qardaşı Cavabdeh1 yanında görmüşdür. Onun həmin şəxslə heç bir əlaqəsi olmamış, ondan pul götürməmişdir. Cavabdeh2 və Cavabdeh1 onu aldadaraq notariusda müqavilə bağlamışdır. Həmçinin Cavabdeh1 ilə telefon danışıqlarında da bu özünü sübuta yetirir. Həmin səs yazılarını məhkəmə prosesi zamanı təqdim edəcəkdir. Bu səbəbdən də həmin müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə aralarında bağlanmış 25 iyun 2019-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək cavabdehlərə faizi ilə birlikdə 52000 ABŞ dolları məbləğində pul verdiyini, ona məcburi qol çəkdirildiyini bildirdi. Əlavə olaraq göstərdi ki, şahidləri var, lakin üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında 2019-cu il tarixdən məhkəmədə bu mübahisəylə bağlı iş getdiyini bildirərək, bu barədə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini təqdim etdi. İddiaçının oğlunun məsələni uzadacaqları barədə səs yazısı olduğunu bildirdi. Qeyd etdi ki, kredit müqaviləsi bağlanan zaman isə notarius tərəfindən iddiaçıya şərtlər izah olunmuşdur. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etmədiyini, müqavilə bağlanan zaman iddiaçıya hədə-qorxu gəlmədiyini bildirdi. İddiaçıya qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini təqdim edərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 25 iyun 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı 40000 manat məbləğində faizsiz kredit vermişdir. Borc verən məbləği Sumqayıt şəhərinin xüsusi notariusu X1 notariat kontorunda bağlanmış kredit nmüqaviləsinə əsasən "xxxx" ASC-nin Sumqayıt filialı vasitəsilə borc alana tam ödəmiş, borc alan isə həmin məbləği almaq üçün notariusdan bank çekini qəbul etmişdir. İş materiallarında olan olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 25 iyun 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 44000 manat məbləğində faizsiz kredit vermiş, borcalan krediti 25.12.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1784/2021 saylı, 01.07.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2(060)-4749/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-881/2021 saylı, 17.03.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (MM 337.1-337.3) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (MM 339.1-339.2) Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. (MM 339.5) Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatlarda cavabdehlər tərəfindən aldadılaraq müqaviləyə qol çəkdiyini bildirsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamış, həmçinin 25.06.2021-ci il tarixdə qəbul edilmiş kredit müqaviləsini mübahisələndirməmişdir. Belə olan halda İddiaçı ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil edərək iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən, iddia tələbi öz təsdiqini tapmamışdır. Belə ki, müqavilənin etibarsızlığı ilə bağlı İddiaçı gətirdiyi dəlillər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən təqdim olunmuş məhkəmə aktları ilə təkzib olunduğu işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 337, 339-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar