Məhkəmə qərarları › İş №2(060)-6387/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6387/2025

25.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6387/2025 25.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia qaldıraraq, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2024-cü il tarixdə heç bir əsas olmadan tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında qanunsuz yazılmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, 1992-ci ildən məcburi köçkün həyatı yaşayır. Hal-hazırda yuxarıda göstərilən ünvanda yaşayır. 2020-ci ildən 2025-ci ilin əvvəlinə kimi bu evdə yaşamamışdır. Qazdan istifadə etdiyi müddət ərzində vaxtlı-vaxtında qaz pulu ödəmişdir. Qaz sayğacı rəhmətlik atasının adınadır. “ASAN xidmət” mərkəzinə yaxınlaşıb qaz sayğacını öz adına keçirmək istəmiş, lakin ona orada bildirdilər ki, xx.xx.2024-cü il tarixdə 3110,40 manat cərimə yazılıb. Uzun müddət bu ünvanda yaşamamışdır. “Azəriqaz” İstehsalat Birliyinin işçiləri ona heç bir sənəd və ya akt təqdim etməyiblər. Yazdıqları cərimə aktının surətini ona təqdim etməyiblər. Heç bir şeydən xəbəri yoxdur. Evinə heç məktub da göndərməyiblər. Bir neçə dəfə Sumqayıt Qaz İdarəsinə getsə də, ona heç bir sənəd təqdim olunmadı, nəyə görə hansı səbəbdən cərimə yazıldığını izah etmədilər. “ASAN xidmət” mərkəzi izah verəndə bildirmişdir ki, guya qaz sayğacına müdaxilə etmiş və qeyri-qanuni qazdan istifadə etmişdir. Bu tamamilə yalandır. Qazdan az isifadə edir, çünki evində kombi belə yoxdur, ona görə də sayğac nə yazır onu da ödəyir. Qanunsuz qaz istifadə etməmişdir. Qaz idarəsinin işçiləri yalandan cərimə yazıblar, evinin qaz xətləri qaydasındadır. Heç bir kənar xətt yoxdur. Sayğacı küçədə yerləşir, qaz sayğacı qaz İdarəsinin balansında olduğu üçün, həmçinin qanuna görə cavabdeh tərəf xarab olmuş sayğacın sazlığına özü məsuliyyət daşıyır. Şikayətci olduğu üçün məhkəməyə müraciət etdi. Atası 2012-ci ildə rəhmətə gedib onun adına 2024-cü ildə cərimə aktı yazıblar. Akta imza etməmiş, aktın surəti ona verilməyib və ******* saylı akt əsasında yazılmış borcla razı deyildir. Bu qədər qaz istifadə etməyi qeyri-mümkündür. Hesab edir ki,cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında yazılmış ümumilikdə 3110,40 manat borc əsassızdır. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh kimi etirazlarını nəzərə alaraq qeyd olunan əsaslarla 2(060)-4685/2023 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)- 6387/2025 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi ilə müraciət edərək 3110,40 manat borcun əsassız olduğu üçün ləğv olunmasını qeyd etmişdir. İş üzrə cavabdeh olaraq aşağıda qeyd etdiklərinə əsasən iddia ərizəsinə etiraz edir. Belə ki, ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus qaz sayğacına (sayğac Salmanov İsa Şamil oğlunun adınadı) əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib edilmiş və “Azəriqaz”-ın sistemində (akt özü mövcud deyil) sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğu qeyd olunmuşdur. Abonentin sayğacdan kənar xətt istifadə etməsi video çəkilişlə qeyd aparılmışdır. Belə ki, abonent sayğacdan kənar xətt çəkərək qazdan qeyri-qanuni istifadə etmişdir. Abonentin sayğacdan kənar qaz xətti istifadə etməsi aktlaşdırılıb sistemə işlənib. Dövlət əmlakını taladığına görə iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İtirilmiş qaza görə abonentə 3110,40 manat (29920 m3 qaz) dəyər hesablanmışdır.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

Tədqiq olunan sübutlar:

6. AZ-İİ 561269 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Salmanov İsa Şəmil oğlu xx.xx.2012-ci ildə ölmüş, onun ölümü Qubadlı rayon qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 146 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.

7. Abonentin saldosundan görünür ki, Salmanov İsa Şamil oğlunun ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə akt üzrə 2024-cü il tarixinə 3110,40 manat məbləğində borcu yaranmışdır.

8. Sumqayıt Bələdiyyəsi Yeni Yaşayış massivinin 8-ci məhəlləsi üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2025-ci il tarixli, 1845 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə 949 saylı evdə yaşayır.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

11. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun

-13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -13.8-1-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın

-4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu -3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. -18.1-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. -18.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. -26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, cavabdehin nümayəndəsini dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir.

15. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Abonentin saldosu”ndan aydın olur ki, Salmanov İsa Şamil oğlunun adına Sumqayıt şəhəri, Seymur həyət evləri, ev 2, 109 saylı mənzildə qazdan istifadəyə görə **********01090 saylı kod açılmışdır. Salmanov İsa Şamil oğlu xx.xx.2012-ci ildə vəfat etmişdir. İddiaçı Salmanov İsa Şamil oğlunun oğludur. Hazırda iddiaçı qeyd olunan ünvanda yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı həmin ünvanda yerləşən mənzildən istifadə etməklə hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.

16. İddiaçı “Azəriqaz” İB tərəfindən qeyd olunan ünvana qaz sərfinə görə hesablanmış borcun silinməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, Seymur həyət evləri, ev 2, 109 saylı mənzildə qazdan istifadə qaydalarının pozulmasına görə 3110,40 manat məbləğində borc yazılmışdır. Hal-hazırda iddiaçı həmin borcun silinməsini məhkəmədən xahiş edir.

17. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı” haqqında Qanunun 13.8-1-ci maddəsinin məzmunundan aydın olur ki, qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq ivcra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

18. Hazırki iş üzrə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq ivcra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edildiyi və həmin orqanların və ya məhkəmənin qərarı ilə həmin şəxsin qazın talanmasında təqsirli olduğu müəyyən edilməmişdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.

20. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

22. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

23. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

25. Hazırki işdə cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir.

26. Beləliklə, məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından və fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.

Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı (abonent kodu: **********01090) ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə 2024-cü ilin fevral ayında hesablanmış 3110 (üç min yüz on) manat, 40 (qırx) qəpik məbləğində borc silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 51 (əlli bir) manat, 10 (on) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar