Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6414/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxslər - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdrəsi, Maraqlı şəxs2 ASC, "xxxx" ASC) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək , Sumqayıt şəhəri, Novxanı Bağlar massivində 0,09 ha torpaq sahəsindən ibarət 1692 A saylı bağ sahəsinə dair JN-2041B, kod 308011B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx.xx.1949-ci ildə Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olan ərizəçiyə məxsus olması, bundan başqa Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 032356 saylı depo hesabından çıxarışa əsas “Azərkimya İstehsal və X1" Açıq Səhmdar Cəmiyyətinin səhmlərində 38 ədəd səhmin qiymətli kağızın ərizəçiyə məxsus olması barədə hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır (307.2.5). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (6). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər (6.1.). Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir (6.3.). Hazırkı xüsusi icraat qaydasında ərizədə ərizəçi iki müxtəlif faktın, yəni Sumqayıt şəhəri, Novxanı Bağlar massivində 0,09 ha torpaq sahəsindən ibarət 1692 A saylı bağ sahəsinə dair şəhadətnamənin, həm də “Azərkimya İstehsal və X1" Açıq Səhmdar Cəmiyyətinin səhmlərində 38 ədəd səhmin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Göründüyü kimi ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi faktlar müxtəlif sənədlərə aid olmaqla, bu faktların müəyyən edilməsi müxtəlif aspektlərdə araşdırma aparılmasını tələb edir. Eyni zamanda ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini istədiyi ikinci fakt səhmlərin ona məxsus olması faktıdır. Ərizəçi adının Milli Depozit Mərkəzi tərəfindən verilmiş çıxarışda səhv göstərildiyini bildirsə də, həmin depozit hesabından çıxarışın deyil, məhz səhmlərin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Səhm isə qiymətli kağız olmaqla, hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.7.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-ə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır (114.1.3.). Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. (114.2.). Ərizəyə əlavə edilmiş materiallardan görünür ki, ərizəçi hazırki tələbi üzrə 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə geri qaytarıldığı üçün həmin rüsum ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi ərizənin verilməsi üçün **********38 saylı qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6414/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6414/2023
28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver