Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6472/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı «sayğacın dəyərinə və dəymiş ziyana görə hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı «sayğacın dəyərinə və dəymiş ziyana görə hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İB tərəfindən sayğacın dəyərinə görə hesablanmış 64 manat 67 qəpik pulun və dəymiş zərərə görə hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «Azəriqaz» İB tərəfindən 07.04.2021-ci il tarixdə sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akta əsasən mövcud qaz sayğacı yeni sayğacla əvəz olunmuşdur. Əvvəlki G-4 markalı ******* nömrəli məişət qaz sayğacı dövlət yoxlanılmasına göndərilmişdir. Cavabdeh tərəfindən 29.06.2021-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin aktda qeyd olunmuşdur ki, sayğacın çıxış borusu deşilmişdir. Həmin akta əsasən sayğacın dəyəri 64,67 manat və dəymiş zərərə görə 216 manat borc hesablanmışdır. Ona görə də, hesablanmış borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sayğac yaşadığı mənzilin daxilində deyil, binanın blokunda yerləşir. Həmin sayğac çıxarılan zaman X3 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan «Azəriqaz» İB-nin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.5, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, 9-cu bəndinə, 3-cü maddəsinə, 18-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə istinad edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27.11.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri 13-cü mikrorayon 59 saylı evin 29 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. 29 iyun 2021-ci il tarixli ******* saylı aktda göstərilmişdir ki, 11.06.2021-ci il tarixdə Dövlət yoxlamasına gətirilmiş G-4 markalı ******* saylı sayğaca baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusunun deşilib. Aktda dəymiş ziyanın hesablanması barədə tələb qoyulmuşdur. 29 iyun 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 / saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: 4 x 6 x 90 = 2160 m2. Yuxarıda qeyd edilən akt və tələbnaməyə əsasən cavabdeh sayğacın dəyərinə görə hesablanmış 64 manat 67 qəpik pulun və dəymiş zərərə görə hesablanmış 216 manat borcun ödənilməsini iddiaçıdan tələb etmişdir. İddiaçı həmin akt və tələbnamə üzrə hesablanmış zərər məbləğinin, həmçinin sayğacın dəyərinə görə hesablanmış məbləğin silinməsini tələb etmiş və iddiasının əsası kimi 07 aprel 2021-ci il tarixli ******* saylı (qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında) akta, həmçinin istehlakçı ilə təchizatçı arasında olan münasibətləri tənzimləyən qanunvericiliyə istinad etmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib edilmiş 07 aprel 2021-ci il tarixli ******* saylı aktdan göründüyü kimi, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, yuxarıda markası və nömrəsi qeyd edilmiş sayğac çıxarılıb götürülərkən sayğaca baxış keçirilmiş və sızıntı olub-olmaması, deşiklərin olub-olmaması yoxlanılmışdır. Aktda qeyd edilmiş ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar olunmamışdır. Yeni quraşdırılmış qaz sayğacı texniki qaydalara cavab verir və abonentə təhvil verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən aktda göstərilənlərdən əlavə vurğulamağı zəruri hesab edir ki, məişət qazının cüzi sızıntısının hiss edilib, texnogen qəzaların qarşısının alınması məqsədi ilə istehlakçılara verilən təbii qazın tərkibinə spesifik maddələr (adətən odorant) əlavə edilir (bax: – neft-qaz sahəsi ilə bağlı xüsusi ədəbiyyətlar). Aktda qeyd edildiyi kimi, qaz sızıntısı olub-olmamasının yoxlanılması üçün təzyiq altında qaz verilişi ilə, sabun köpüyündən istifadə etməklə baxış keçirilmişdir və sızıntı olsa idi, qaz sahəsində çalışan və yoxlamanı aparan işçilər dərhal spesifik qoxunu hiss edərdilər. Lakin iş materiallarında olan sənədlərdən və fotoşəkillərdən də göründüyü kimi, sayğacın nə özündə, nə plastmas borusunda deşik, dəlik, sızıntı aşkar edilməmişdir, digər sözlə ifadə etdikdə, sayğac çıxarılarkən sayğacda qüsur olmamışdır. Yalnız bu faktın mövcudluğu iddiaçının iddiasının təmin edilməsinə özü-özlüyündə kifayət qədər əsas verir. Bundan başqa, qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçı sayğacda heç bir qüsur olmaması ilə yanaşı, sayğac təhvil götürüləndən sonra yaranmış zədələnmənin onun təqsirli hərəkəti nəticəsində baş vermədiyini bildirir və hesab edir ki, itirilmiş qaz sərfinə görə cərimə, həmçinin qaz sayğacının dəyişdirilməsi ilə bağrı xərc ondan tutulmamalıdır. Həmçinin sayğac iddiaçının cavabdehliyi sərhəddində deyil, cavabdehin cavabdehlik daşıdığı, binanın blokunda (girişində) quraşdırılmışdır. Məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edir və vurğulayır ki, qaz sayğacına müdaxilənin, yaxud qaz sayğacının zədələnməsinin iddiaçının təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsinə, həmçinin qaz sayğacı çıxarılıb yenisi ilə əvəz olunan anda hər hansı qüsurun mövcud olmasına dair sübutlar mövcud olmadığından, itirilmiş qaz sərfiyyatına görə hesablanmış cərimə, həmçinin yeni sayğacın quraşdırılması ilə bağlı xərc (vəsait) İddiaçı tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 29 iyun 2021-ci il tarixli ******* saylı akta və 29 iyun 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən İddiaçı əsassız yerə tələb edilən - sayğacın dəyərinə görə hesablanmış 64 manat 67 qəpik və dəymiş zərərə görə hesablanmış 216 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 29 iyun 2021-ci il tarixli ******* saylı akta və 29 iyun 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən İddiaçı əsassız yerə tələb edilən - sayğacın dəyərinə görə hesablanmış 64 manat 67 qəpik və dəymiş zərərə görə hesablanmış 216 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6472/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6472/2021
01.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver