Məhkəmə qərarları › İş №2(060)-649/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-649/2025

13.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-649/2025 13.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında qaz sərfiyyatından istifadəyə görə əsassız olaraq hesablanmış 250,62 manat məbləğdə debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 1-də istifadə etdiyi qaz sayğacına görə ödənişlər vaxtlı-vaxtında tərəfindən ödənilmişdir. Bütün bu ödənişlər barədə qəbzləri var. Heç bir borcunun olmamasına baxmayaraq əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə guya (GCZ G-4 Diafraqma N° GC201387792 sayğac quraşdırılma tarixi xx.xx.2024) onun 250,62 manat debitor borcu olduğunu bildirmişdir. Hesab edir ki, həmin borclar qanunsuzdur və əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin qazdan istifadəyə görə qərarı ilə təsdiq edilmiş "Azəriqaz" İB-nin hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qanunun əsasən "Azəriqaz" İB görə hesablaşmalar Sumqayıt QİSnin qaz sərfiyyatına görə abonetə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Bununla əlaqədar cavabdeh təşkilata dəfələrlə müraciət etməyimə baxmayaraq həmin borcun necə , arandığını sübüt edə bilməmiş həmçinın heç bir ödəniş sənədi təqdim etməmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilat qeyri müəyyən yollarla istifadəmdə olan yaşadığı mənzilə qanunsuz olaraq 250,62 manat məbləğində yazılmış akta əsasən hesablaşma aparmışdır. "Azəriqaz" İB -n ə əsasən qaz təcihzatı müəssiəsi istehlakçıdan yalnız istifadə olunmuş qaza görə ödəniş alır. Cavabdeh təşkilat isə ondan istifadə etmədiyi qaza görə ödəniş tələb edir. Yuxarıda qeyd olunanlardan da görünür ki,qaz sərfiyyatına görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılmalı, bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunmalı həmçinin "Azəriqaz" İB müəssiəsinin istehlakçıdan yalnız istifadə olunmuş qaz sərfıyyatına görə ödəniş tələb etməlidir. Qeyd edilənlərə əsasən iddiaçıiddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qqeyd etdi ki, hazırda yaşadığı mənzili 2019-cu ildə almışdır. Cavabdeh tərəfindən isə mübahisəli borc məbləği 2018-ci ildə hesablanıb. O mənzili alqı-satqı edərkən mənzildə heç bir borc məbləği olmamışdır, bu səbəbdən o mənzilin sayğacını öz adına keçirə bilmişdir. Sonradan isə ona belə bir borcun olduğu bildirilmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bu tip problemlər vətəndaşların mənzilə dair kommunal xərclərlə bağlı borcun olmaması barədə sənəd tələb etdikləri vaxt yaranır. Mübahiəsli ev əvvəllər Elşən adlı şəxsə məxsus olub və həmin evdə sayğacın qeydə alınmaması əsası ilə akt tərtib olunub və iddiaçıya cərimə hesablanıb. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. 5.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə 328,60 manat borc hesablanmışdır. 7.İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2018-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 1643 m3 (20 qəpikdən hesablanmaqla 328,6 manat) müəyyən edilmişdir. 8.İşdə olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdən sayğac sərfiyyat üzrə qeydə almır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına xx.xx.2018-ci il tarixdən sayğacın sərfiyyat üzrə qeydə almadığı halı ilə əlaqədar cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında mənzilə 328.6 manat borc hesablanmışdır. İddiaçı mənzili alqı-satqı edərkən həmin borc sistemdə görünməmişdir. Hazırda iddiaçı həmin borcdan qalan 250,62 manat məbləğində borcun silinməsini xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququn sahibidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 29B/24, 3 saylı mənzil xx.xx.2019-cu il tarixdən iddiaçının mülkiyyətindədir. Sözügedən borc məbləği hazırda iddiaçıdan tələb olunduğundan və iddiaçı mənzili alarkən mənzilə dair hər hans borc məbləği olmadığından məhkəmə hesab edir ki, borc məbləği iddiaçı tərəfindən mübahisələndirilə bilər. 11.AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 12.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 13.Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

14. Məhkəmə hesab edir ki, iddiaçıdan ödənilməsi tələb edilən borc məbləği silinməlidir. Belə ki, iddiaçı mənzili alarkən mənzilə dair hər hansı borc məbləği olmamışdır. Bunu alqı-satqıdan sonra mənzilin Cavabdeh İB-də iddiaçının adına dəyişdirilməsi faktı təsdiq edir.

15. Belə ki, «Qazdan istifadə Qaydaları»nın 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.

16. Göründüyü mənzildə qazdan istifadəyə görə olan borc olduğu təqdirdə istehlakçının dəyişdirilməsi mümkün deyil.

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 18.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir(4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.(4.9). 19.Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. 20.Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı (və ya evin əvvəlki sahibi) tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. 21.Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

24. Beləliklə məhkəmə hesab edir ki, mübahisələndirilən borcun iddiaçıya məxsus abonent məlumatlarında öz əksini tapması bir istehlakçı kimi onun hüquqlarını məhdudlaşdırır. 25.Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ünvan 1 ünvanına (abonent kodu:**********30030) hesablanmış 250.62 (iki yüz əlli manat altmış iki qəpik) manat məbləğində borc silinməlidir. 26.Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Nəticə hissəsi: 27.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********30030) hesablanmış 250,62 (iki yüz əlli manat altmış iki qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar