Məhkəmə qərarları › İş №2(060)-6495/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6495/2022

15.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6495/2022 15.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayilov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun mənzilinə dair şəxsi hesab vərəqəsində göstərilmiş 136,35 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzili o, xx.xx.2021-ci il tarixdə almış və bu barədə həmin tarixli çıxarış verilmişdir. Mənzilə köçən gündən elektrik sayğacı onun adına dəyişdirilmişdir və həmin tarixdən bu günə kimi sayğacın göstəricisinə uyğun ödənişləri etmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, əvvəlki sakinləri sayğaca görə borcları onun şəxsi hesabında öz əksini tapmışdır. Hansı ki, cavabdeh tərəfindən ona göndərilən borc bildirişlərində həmin məbləğ heç vaxt göstərilməmiş və ondan bu məbləğ tələb edilməmişdir. Lakin mənzilinə və sayğacına dair şəxsi hesab vərəqəsində əvvəlki sakinlərdən qalma 136,35 manat borc hələ də qalır və həmin borc onun adına olan hesab vərəqəsində onun borcu kimi qeyd olunmuşdur. Onun isə mənzil mülkiyyətinə keçən gündən elektrik enerjisindən istifadəyə dair bir manat da olsun borcu olmamışdır. Belə olan halda bu borcun onun adına olan hesab vərəqəsində saxlanması qanunsuzdur və gələcəkdə onun üçün problemlər yaradacaqdır (mənzilin alqı-satqısı və sair məsələlərdə). Ona görə də həmin borc onun şəxsi hesab vərəqəsindən silinməlidir. Cavabdehin təqdim etdiyi borc cədvəlindən görünür ki, həmin borclar hələ mənzil onun mülkiyyətində olmayan dövrə 2015-2021-ci il tarixlərə aiddir və bu halda həmin pulların hətta cavabdeh tərəfindən tələb edilməsi də mümkünsüzdür. Çünki AR MM-nin tələblərinə görə vaxtaşırı ödənilməli olan pul məbləğlərinin tələbi üçün 3 il müddət müəyyən edilmişdir. Bu halda cavabdeh heç köhnə mülkiyyətçilərdən də bu pulları tələb edə bilməyəcək, hətta tələb etməli olsa da, bu borcun ona heç bir aidiyyatı yoxdur. Həmin borcun onun şəxsi hesab vərəqəsində saxlanması onun hüquqlarını pozur və ona görə də onun adına hesab vərəqəsində olan borc məhkəmə qaydasında silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisələndirdiyi borc səbəbindən iddiaçı yaşadığı ünvan üzrə abonent kimi qeydə alınmır və bu baxımdan araşıdılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. Əlavə olaraq göstərdi ki, mübahisələndirilən borc məbləği qaçqın borcu olaraq dondurulmuşdur və cavabdeh tərəfindən tələb olunmur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: xx.xx.2022-ci il tarixli “Qarajayev N” adına olan Abonent kartından görünür ki, ünvan 2 ünvanında (abonent kodu **********00752) 136,35 manat borc (qaçqın borcu) vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, 100 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı halda ərizəçi subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə predmeti olan borc məbləği qaçqın borcu olmaqla abonent “Qarajayev N” abonent hesabına aiddir. Bu baxımdan araşdırılan mübahisə ilə bağlı iddiaçının həmin borcun ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququ yoxdur. Eləcə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, araşdırılan mübahisənin mahiyyətindən görünür ki, iddiaçı yaşadığı ünvanın abonent hesabında qeydə alınmış həmin borc səbəbindən abonent kimi qeydə alınmır və bu baxımdan araşıdılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə izah edir ki, iddiaçıya yaşadığı ünvan üzrə abonent kimi qeydə alınması və yeni abunə kodunun verilməsi ilə bağlı enerjitəchizatı təşkilatına müraciət etmək, ona imtina edildiklə isə enerjitəchizatı təşkilatının üzərinə yaşadığı ünvan üzrə abonent kimi qeydə alınması və yeni abunə kodunun verilməsi ilə bağlı öhdəliyik qoyluması barədə iddia hüququ vardır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxaraq hesab edir ki, ərizəçi tələb üzrə subyektiv hüquqa malik olmadığından iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar