Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-651/2025 21.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Sumqayıt şəhər 4 saylı notariat ofisi) dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 11 iyun 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 27 mart 1999-cu il tarixində nikah bağlayaraq, ailə qurmuşlar. Onlar özlərinə fərdi yaşayış evi inşa etdirmək məqsədilə, Abşeron rayonunun Saray qəsəbəsində, 20 iyun 2022-ci il tarixində, 15000 manata 0,015 ha torpaq sahəsi almışlar və həmin torpaq sahəsi, xüsusi mülkiyyət hüququ ilə, iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı Dövlət Vergi Xidmətində fərdi sahibkar qismində qeydiyyata alındığından özünün fərdi sahibkarlıq fəaliyyətini idarə etməyi 22 yanvar 2024cü il tarixli etibarnamə ilə cavabdeh həyat yoldaşı Cavabdeh1 həvalə etmişdir. Lakin cavabdeh, həmin etibarnamədən sui-istifadə edərək, iddiaçıya maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh, iddiaçı ilə birgə paylı mülkiyyətdə olan sözügedən həmin torpaq sahəsini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, memarlıq-planlaşdırma bölməsi tərtib edilməklə üzərində inşa edilmiş yarımçıq tikili - 2 mərtəbəli fərdi yaşayış evi (uzunluğu 10,7 m, eni 9,30 m, hündürlüyü 6,70 m.) ilə birlikdə iddiaçıya heç bir məlumat vermədən, Cavabdeh2, bazar qiymətindən və hətta torpağın alış qiymətindən də, xeyli aşağı qiymətə satmış və bu barədə Sumqayıt şəhər 4 saylı notariat ofisində, 11 iyun 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi də imzalanmışdır. Alqı-satqı müqaviləsinə nəzər yetirəndə, belə məlum olur ki, həmin daşınmaz əmlak, 5000 manata satılmışdır. Cavabdeh 5000 manat puldan iddiaçıya hər hansı bir miqdarda pul verməmiş və ümumiyyətlə, həmin pulu hara xərclədiyi də məlum deyil. Üzərində yuxarıda göstərilən ölçüdə inşa edilmiş yarımçıq tikili - 2 mərtəbəli fərdi yaşayış evi olan torpaq sahəsinin real bazar dəyəri belə deyil, yəni, həmin daşınmaz əmlaka 5000 manat qiymət qoyulması real bazar qiymətindən xeyli aşağıdır. Necə ola bilər ki, 2022-ci ildə 15000 manata alınmış torpaq sahəsi, 2 il sonra torpaqların satış qiymətlərinin enmədiyi bir dövrdə - 2024-cü ildə, ondan 3 dəfə ucuz qiymətə - 5000 manata satılır. Hamıya bəllidir ki, daşınmaz əmlak - torpağın bazar qiyməti enmir, əksinə qiymətlər yüksəlir. Göründüyü kimi, bu qiymət, yəni, 5000 manat, alqı-satqı müqaviləsinin bağlanması barədə görüntü yaratmaq üçün qoyulmuş qiymətdən başqa bir şey deyildir. Halbuki, həmin daşınmaz əmlakın real bazar qiyməti, təxminən, 60000 – 65000 manat civarındadır. Məhkəməyə müraciət etməzdən əvvəl, məsələni həll etmək məqsədilə, Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin cavabdeh mediasiya sessiyasının keçirilməsində iştirak etməmiş və bu barədə Mediasiya Təşkilatı tərəfindən müvafiq arayış verilmişdir. 50 manat mediasiya xərci iddiaçı tərəfindən tam ödənilmişdir. Odur ki, hal-hazırda məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 11 iyun 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin ona qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iş üzrə Cavabdeh1 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin məzmunundan bəlli olur ki, İddiaçı ilə Cavabdeh1 ər-arvaddır. Həmçinin, İddiaçı vergi orqanlarında fərdi sahibkar qismində qeydiyyata alınmaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı özünün mülki dövriyyədə hüquq və vəzifələrinin (mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitam ounması), eyni zamanda fərdi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün əri- Cavabdeh1 Sumqayıt şəhər 4 saylı notariat ofisində 22 yanvar 2023cü il tarixdə 2964 reyestr nömrəli etibarnamə vermişdir. Cavabdeh1 həmin etibarnamə əsasında arvadı İddiaçı tərəfindən verilən səlahiyyətlər həddində onu təmsil etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,015 ha torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Həmin daşınmaz əmlak İddiaçı ilə Cavabdeh1 birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlak olmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi işdə maraqlı şəxs qismində cəlb edilən Cavabdeh2 hüquq və mənafelərinə toxunur. Cavabdeh2 İddiaçı iddia tələbini qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etmədiklərini və alqı-satqı müqaviləsinin tam qanuni və əsaslı olduğunu bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü Sumqayıt şəhər 4 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - AZ-T № 065552 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə Əşrəfova (Soltanova) Səadət Yavər qızı xx.xx.1999-cu ildə Azərbaycan Respublikasının Sumqayıt şəhər nikah evində ailə qurmuşlar. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - AR-İİ № 618880 nömrəli, xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı etibarnamə üzrə etibar edilən Cavabdeh1 onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, özəlləşdirmək və digər səlahiyyətləri vermişdir. Etibarnamə 99 il müddətinə verilmişdir. - AN-İ № ******* nömrəli, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, İddiaçı etibarnamə ürzə nümayəndəsi Əşrəfov X1 rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsini Cavabdeh2 5000 manat qiymətinə satmışdır. - İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/02230 nömrəli arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. Cavabdeh1 isə mediasiya prosesində iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə Əşrəfova (Soltanova) Səadət Yavər qızı xx.xx.1999-cu ildə ailə qurmuşlar. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il tarixli çıxarışına əsasən İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İddiaçı AR-İİ № 618880 nömrəli, xx.xx.2023-cü il tarixli, 99 il müddətinə verdiyi etibarnamə ilə Cavabdeh1 onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanula icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, özəlləşdirmək və digər səlahiyyətləri vermişdir. İddiaçı həmin etibarnamə ürzə nümayəndəsi Cavabdeh1 AN-İ № ******* nömrəli, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsini Cavabdeh2 5000 manat qiymətinə satmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “Notariat haqqında” Qanunun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 19-cu bəndinə əsasən, əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Həmin Təlimatın 22-ci bəndinə əsasən, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Həmin Təlimatın 39-cu bəndinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağılı zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. Yuxarıdakı normaların tələblərindən görünür ki, şəxs əqd əsasında hüquqlarını həyata keçirməyi başqasına etibar edə bilər və bu əqd notariusda etibarnamə formasında həmin şəxsin imzası ilə təsdiq olunur. Əgər şəxs hər hansı qüsuruna görə etibarnaməni imzalaya bilmirsə, bunu onun və notariusun iştirakı ilə onun tapşırdığı başqa şəxs imzalaya bilər. Həmçinin notarius əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyətini və əqdin məzmununa onların həqiqi niyyətini aydınlaşdırır. Əks halda prosesi təxirə salaraq, müvafiq tədbirlər görür. İşdən görünür ki, İddiaçı əmlakına dair sərəncam vermə və bir sıra digər hüquqlarını Cavabdeh1 etibar etmiş və bu etibarnamə notarius tərəfindən təsdiq edilmişdir. Həmçinin İddiaçı fəaliyyət qabiliyyətli olmuş, əqdi şüurlu surətdə bağlamış və hər hansı təsir (hədə-qorxu və s.) altında qalması notarius tərəfindən müəyyən edilməmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin etibarnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmuşdur və yaratdığı nəticələr hüquqa uyğundur. İşdən göründüyü kimi, iddiaçı 11 iyun 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin tədqiq olunan hallarından aydın olur ki, Cavabdeh1 qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş etibarnamə əsasında Cavabdeh2 Abşeron rayonunun Saray qəsəbəsində yerləşən torpaq sahəsini 5000 manat qiymətinə satmışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, birinci növbədə sübutetmə yükü cavabdehin yox, iddiaçının üzərinə düşür və hazırki halda onun tərəfindən iddia sübut edilmədiyindən iddia rədd edilməli olduğu halda Cavabdeh2 öhdəsinə bunu təkzib edən sübutların gətirilməsi vəzifəsinin qoyulması və bu səbəbdən onun əleyhinə qərar çıxarılması yolverilməzdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, bu müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən müqavilənin etibarsızlığından söhbət gedə bilməz. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 11 iyun 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılmasına dair iddia tələbi (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Sumqayıt şəhər 4 saylı notariat ofisi ) rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-651/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-651/2025
21.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver