Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6510/2025 04.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq 27 dekabr 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1036,80 manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Həmin evə təbii qaz verilmiş və bununla bağlı mexaniki sayğac quraşdırılmışdır. 2022-ci ilin dekabr ayının ortalarında həmin sayğac dəyişdirilərək smart tipli sayğacla əvəz edilmişdir. Bir neçə gün sonra sayğaca pul yükləmək istəyərkən sayğacın şüşəsinin sındığını görüb, Cavabdeh qaynar xətti ilə əlaqə saxlayaraq məsələni onlara bildirmişdir. Bir neçə gün sonra evdə olmayan zaman İB-nin əməkdaşları sayğacı dəyişərək bşaqa smart tipli sayğac quraşdırmışlar. 2024-cü ilin sonlarında isə həmin sayğac dəyişdirilərək mexaniki sayğac quraşdırılmışdır. Həmin ərəfələrdə sonuncu sayğac dəyişdirilmədən əvvəl smart kart üçün terminal vasitəsilə ödəniş edərkən adına cərimə yazıldığını görmüşdür. "Azəriqaz” İstehsalat Birliyinin qaynar xətti ilə əlaqə saxladıqda adına həqiqətən də cərimə yazıldığını bildirdilər. "Azəriqaz” istehsalat Birliyinin Sumqayıt Şəhər Şöbəsinə yaxınlaşaraq məsələni dəqiqləşdirməyə çalışmışdır. Belə ki, 2022-ci ilin axırlarında qaz sayğacının şüşəsinin sınması ilə əlaqədar müraciəti əsasında sayğac dəyişdirilərkən adına cərimə hesablanmışdır. Belə ki, tərtib olunmuş 27 dekabr 2022-ci il tarixli, ******* saylı aktda “Metrologiya departamentinin rəyinə görə G4 markalı 20518785 nömrəli plomb kəsilərək G4 SM/4517 saylı qutu açıldı. Sayğaca ümumi baxış keçirildi. Sayğacın LCD ekranı zədəlidir, informasiya oxunmur. Sayğac istismara yararsızdır.” qeyd edilmiş və həmin akt əsasında cərimə edilmişdir. Lakin sözügedən aktdan xəbəri olmamağına və cərimə yazılmağından məlumatsız olmağına baxmayaraq aktda əsassız olaraq qeyd edilmişdir ki, akta imza etməkdən imtina etmişdir. Halbuki aktın tərtib olunması ilə əlaqədar ona məlumat verilməmiş və nüsxəsi ona təqdim edilməmişdir. Ona təqdim olunan qaz sərfiyyatı ilə bağlı sənədlərə nəzər yetirdiyində ona 1036,80 manat məbləğində cərimə yazıldığı və etdiyi ödənişlərdən 2023-cü ilin yanvar ayından tutulmaların həyata keçirildiyini görmüşdür. Belə ki, ümumilikdə etdiyi ödənişlərdən 172 manat pul tutulmuşdur. Həmçinin sayğaca vurulan zərərə görə ona 159,60 manat ödəniş etməyinə dair məktub göndərilmişdir. Halbuki fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və əlavə olaraq sayğac onun evinin darvazasından çöldə yerləşir. Bir neçə gündür ki, evinə verilən qaz təchizatı borc məbləğini ödəməməyi əsas gətirilərək dayandırılmışdır. 10 yaşlı övladı var və ikisi birlikdə yaşayır. Qaz təchizatının dayandırılması isə onları hal-hazrıda çətin vəziyyətə salmışdır. Odur ki, hesab edir ki, ona hesablanmış cərimə tamamilə əsassız və qanunsuz olduğuna görə məhkəmə qaydasında mübahisəyə baxılmalıdır.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh kimi etirazını nəzərə alaraq qeyd olunan əsaslarla 2(060)-6510/2025 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda Sumqayıt şəhər Məhkəməsinin icraatında olan 2(060)-6510/2025 saylı mülki iş üzrə İddiaçı 1036,80 manat borc məbləğin əsassız olduğu üçün silinməsi tələbi ilə bağlı iddia qaldırmışdır. İş üzrə cavabdeh olaraq aşağıda qeyd etdiklərinə əsasən iddia ərizəsinə etiraz edir. Belə ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh İB-nin Sumqayıt RQİİ-nin əhali abonenti İddiaçı adına qeydiyyatda olan təbii qaz sayğacına baxış keçirilmiş (abonent kodu : **********01840) sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının MSK 29/1710-04909-1 nömrəli aktına əsasən sayğacın LCD ekranının sınması nəticəsində informasiyanın oxunmasının mümkünsüz olması aşkarlanmışdır. Müdaxilə faktı barədə Sumqayıt RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (aktı imzalamaqdan imtina etmişdir) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 8640 m3 təbii qaz sərfi - 1036,80 manat dəymiş ziyan məbləği hesablanmışdır.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tədqiq olunan sübutlar: Cavabdeh İB-nin əməkdaşları tərəfindən 27 dekabr 2022-ci il tarixdə tərtib olunmuş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, metrologiya departamentinin rəyinə görə G4 markalı 20515785 nömrəli plomb kəsilərək G4 SM/14517 saylı qutu açılaraq sayğaca ümumi baxış keçirilmiş, sayğacın LCD ekranının zədələndiyi, informasiyanın oxunmadığı, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.
6. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 8640 m3 müəyyən edilmişdir.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
9. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun -13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın -4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu -3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. -18.1-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. -18.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. -26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən 27 dekabr 2022-ci il tarixdə abonent kodu **********01840 olan İddiaçı ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin akta əsasən 1036,80 manat məbləğində borc yazılmışdır.
14. Qeyd edilən aktda qazdan istifadə qaydalarının pozulmasının əsası kimi sayğacın LCD ekranının zədələndiyi, informasiyanın oxunmadığı, sayğacın istismara yararsız olduğu göstərilmişdir.
15. Beləliklə, cavabdeh ünvana baxış keçirilən zaman sayğacın LCD ekranının zədələndiyi, informasiyanın oxunmadığı, sayğacın istismara yararsız olduğu və bunun iddiaçı tərəfin müdaxiləsi əsasında baş verdiyi qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 1036,80 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.
16. Halbuki yuxarıda qeyd edilən “Qaz təchizatı” haqqında Qanunun 13.8-1-ci maddəsinin məzmunundan aydın olur ki, qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq ivcra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
17. Hazırki iş üzrə sayğaca müdaxilə ilə bağlı tərtib edilmiş aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edildiyi və həmin orqanların və ya məhkəmənin qərarı ilə həmin şəxsin qazın talanmasında təqsirli olduğu müəyyən edilməmişdir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.
19. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
21. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.
22. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.
24. Hazırki işdə cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 1036 (min otuz altı) manat, 80 (səksən) qəpik məbləğində borc **********01840 nömrəli abunə hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat, 36 (otuz altı) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva