Məhkəmə qərarları › İş №2(060)-6519/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6519/2024

19.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6519/2024 19.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında qanunsuz yazılmış 961,92 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində X1nin işçiləri tərəfindən 20-ci məhəllə ev 9/58 mənzil 3B ünvanına əsassız və qanunsuz olaraq cərimə yazılmışdır. xx.xx.2021-ci il tarixdə ******* saylı akt tərtib olunmuşdu. Aktda qeyd olunur ki, qaz sayğacından kənar qeyri-qanuni qaz xəttindən istifadə etmişdir. Buna görə 961,92 manat cərimə yazılmışdır. İddiaçının oğlu 2016-cı ildə öldükdən sonra həyat yoldaşıda dünyasını dəyişmişdir. Məhz bundan sonra o evdə yaşayış olmamışdır. Əslində cərimə iddiaçının evinə yazılmışdı sonra eyni gündə eyni qayda ilə oğlunun da evinə şablon yazıblmışdır. Həmin akt əsasında yazılmış borcla razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı bildirir ki, qaz sayğacı küçədə yerləşir və ev boş halda, qazdan istifadə etməsədə cərimə yazılmışdır. İddiaçı qaz sayğacına hec bir müdaxilə etməmişdir. Yazılmış akta imza etməmişdir. İddiaçıya da akt təqdim olunmamışdır. ******* saylı akt əsasında yazılmış borcla razı deyildir.Bu qədər qaz istifadə etməyi qeyri mümkündür. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək borcun akt əsasında yazılmış borc olduğunu və 961,92 manat borcun itirilmiş qazın bərpasına görə yazıldığını bildirdi.O, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə qaydalan”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - xx.xx.2024-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 8640 m3 müəyyən olunmuşdur. - Abonent saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə **********10032 saylı abonentə 961,92 manat borc hesablanmışdır. Fotoşəkillərə baxış zamanı məlum olmuşdur ki, kənar xətt mövcud olsa da, həmin kənar qaz xəttinin ağzı bağlıdır, işlək vəziyyətdə deyil, xəttin çıxışı müvafiq qaydada bağlı olmaqla yanaşı daş hasarın daxilindədir və iddiaçının həmin çıxışdan istifadə etməsi təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi qeyri-mümkündür. İddiaçının kənar qaz xəttindən istifadə etməsi sübuta yetirilmədiyindən, hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, silinməli borc 961,92 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, ünvan 1 ünvanına üzrə əsassız olaraq akt üzrə hesablanmış 961,92 manat qaz borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanı üzrə (abonent kodu **********10032) akt üzrə hesablanmış 961,92 manat borc silinsin. İddianın verilməsinə görə ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar