Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-652/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonundan məcburi köçkün düşməklə 4 nəfər ailə üzvü ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evində məskunlaşmışdır. Atası Məmmədov Tehran Həbib oğlu İ Qarabağ müharibəsində şəhid olmuşdur. Özü isə İİ Qarabağ müharibəsinin iştirakçısıdır. O və ailə üzvləri məcburi köçkün olduqları üçün bir müddət kommunal xidmət haqları, o cümlədən də işıq pulu ödənişlərindən azad edilmiş, daha sonra limit tətbiq olunmuş, yaşadıqları sənədsiz tikiliyə yeni sayğac quraşdırılmış və quraşdırılmış sayğac göstəriciləri əsasında borcları vaxtlı-vaxtında ödəmişdir. Lakin hazırda onlara məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən keçmiş illər üçün əsassız borc hesablanmış və nəticədə guya onların 886 manat borclarının olduğu bildirilmişdir. Bu borc əsassız olaraq hesablanmışdır. Belə ki, onlar tərəfindən qeyd edilən məbləğdə işıq sərfiyyatına yol verilməmiş, onların əvvəlki dövrlər üçün işıqdan istifadə ilə bağlı limit və güzəştləri olmuş və həmin limit daxilində onlar işıqdan istifadə ilə bağlı ödənişlərdən azad edilmişdir. Bundan başqa əgər bu borc həqiqətən də mövcud idisə nə üçün cavabdeh təşkilat bu illər ərzində həmin borcu onlardan istəməmiş, yalnız indi onlara məlum olmayan mənbədən əsassız hesablama aparmaqla guya 886 manat məbləğində borcun olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən ona (abunə kodu **********01159) məxsus olan yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində olan fərdi evinə hesablanmış 886,37 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Amid Musayev hazırlıq və 31.01.22-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edərək iddia tələbinin qəbul etmədiyini bildirmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respulikası Qaçqın və X1 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektoru tərəfindən verilmiş 29.11.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı Məhəllə komitəsi tərəfindən verilmiş 26.11.2021-ci il tarixli, 963 №-li arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqonduda yaşayır. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, 886.37 manat məbləğində dondurulmuş borcu vardır. Məhkəmə sorğusuna əsasən alınıb iş materiallarına əlavə edilmiş "xxxx" ASC “Şimal” RETSİ-nin 27 yanvar 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi **********01159 saylı kodla 15.06.2009-cu il tarixindən abonent qeydiyyatındadır. Həmçinin 11.08.2009-cu ildə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmiş və 19.04.2019-cu ildə sayğac PAUD-MP106 tipli, **********6 zavod nömrəli, ******* dövlət möhürlü sayğacla əvəz edilmişdir. 31.12.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 886,37 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin 31.12.2016-ci il tarixdən 04.01.2022-ci il tarixinədək enerjitəchizatçı təşkilata sayğac borcu yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 886,37 manat məbləğində debitor borcu qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ödənilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan qanunların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən İddiaçı məxsus ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 886,37 manat məbləğində dondurulmuş debitor borc cavabdeh "xxxx" ASC tərəfindən qanunla nəzərdə tutulmuş qaydada tələb edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək həmin dövr üçün hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 886,37 (səkkiz yüz səksən altı manat otuz yeddi qəpik) manat məbləğində borc **********01159 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-652/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-652/2022
28.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver