Məhkəmə qərarları › İş №2(060)-6525/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6525/2024

18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6525/2024 18.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi faktın müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin ailəsinə Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli 17 saylı qərarına (sərəncamına) əsasən fərdi yaşayış evi və həyətyanı sahə üçün 0,02 ha torpaq sahəsi ayrılaraq mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsini ailə üzvləri ilə birlikdə idarə edir və onların istifadəsindədir. Tərəflər həmin torpaq sahəsini hazırda öz adına sənədləşdirə bilmirlər. Əsas səbəb də torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə mərhum atası X1 ata adının, mərhum anasının adının düzgün qeyd olunmamasıdır. Şəhadətnamədə mərhum atasının ata adı “Balaəhməd” yazılmalı olduğu halda, “Baləhməd” kimi, mərhum anası X7 adı “Turə” yazılmalı olduğu halda, “Turu” qeyd edilmişdir ki, bu səbəbdən də torpaq sahəsinin tam olaraq kimə məxsus olduğu müəyyənləşdirilə bilinmir. Bununla əlaqədar olaraq ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin onlar torpaq sahəsinin mərhum atasına və anasına aid olmasını müəyyənləşdirə bilmədikləri üçün imtina edərək, aidiyyəti üzrə məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Göstərilənlərə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-105A, kod 30600018 nömrəli şəhadətnamənin, həmin şəhadətnamədə 1-ci sırada torpağın mülkiyyətçisi kimi qeyd edilən və 09 sentyabr 2019-cu il tarixdə vəfat etmiş atası X2 və 2-ci sırada torpağın mülkiyyətçisi kimi qeyd edilən və 07 avqust 2013-cü il tarixdə vəfat etmiş anası X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan 13 noyabr 1953-cü il tarixdə verilmiş İE № 964205 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1953-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, atası X5, anası isə X11r.

8. İş materiallarında olan JN-105A KOD 30600018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarına (sərəncamına) əsasən fərdi yaşayış evi və həyətyanı sahə üçün 0,02 ha torpaq sahəsi ayrılaraq X3 və X8 mülkiyyətinə verilmişdir.

9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ № 635885 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə ağciyər ödemi xəstəliyindən ölmüşdür.

10. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ № 752907 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə kəskin sol mədəcik çatmamazlığı xəstəliyindən ölmüşdür.

11. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhəri, ünvan 1i ünvanında yerləşən torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqların qeydiyyata alınması ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə daxil olmuş xx.xx.2024-cü tarixli ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Bununla bağlı olaraq bildirilir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı mülkiyyətçilərin adında uyğunsuzluq olduğu aşkar olunmuşdur. Belə ki, JN-105A nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə mərhum X1 ata adı “Baləhməd” kimi, ölüm haqqında şəhadətnamədə isə “Balaəhməd” kimi, X7 adı “Turu” kimi, ölüm haqqında şəhadətnamədə isə “Turə” kimi qeyd edilmişdir. Bildirilir ki, adlar adasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Həmçinin bildirilir ki, idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman torpaq sahəsinin yaxınlığından qaz kəmərinin keçdiyi müəyyən olunmuşdur. Yaranmış zərurətlə əlaqədar olaraq, qeyd olunan torpaq sahəsinin daxilindən və yaxınlığından keçən yerüstü və yeraltı kommunikasiya xətlərinin mövcudluğu, mühafizə zonası barədə məlumatların təqdim edilməsi ilə bağlı “Azərbaycan Dövlət Neft Şirkəti”nə (SOCAR) xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-984/2024 nömrəli sorğu ünvanlanmışdır. Lakin bugünədək sorğuya cavab verilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə məhkəmədə müəyyən olundu ki, Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarında ərizəçinin atası “X9”, anası isə “X13” kimi qeyd edilmişdir və yanlışlığın yol verildiyi qərar hüquq müəyyənedici sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

14. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.

15. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

16. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

17. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.

18. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

19. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarına (sərəncamına) əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-105A, kod 30600018 nömrəli şəhadətnamənin 1-ci sırasında torpağın mülkiyyətçisi kimi qeyd edilən X4 dair qeydin 16 sentyabr 2015-ci il tarixdə vəfat etmiş ərizəçinin atası X2 və 2-ci sırasında torpağın mülkiyyətçisi kimi qeyd edilən X8, 14 avqust 2013-cü il tarixdə vəfat etmiş ərizəçinin anası X10 məxsus olması faktı müəyyən edilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarına (sərəncamına) əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-105A, kod 30600018 nömrəli şəhadətnamənin 1-ci sırasında torpağın mülkiyyətçisi kimi qeyd edilən X4 dair qeydin 16 sentyabr 2015-ci il tarixdə vəfat etmiş ərizəçinin atası X2 və 2-ci sırasında torpağın mülkiyyətçisi kimi qeyd edilən X8, 14 avqust 2013-cü il tarixdə vəfat etmiş ərizəçinin anası X10 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar