Məhkəmə qərarları › İş №2(060)-654/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-654/2022

13.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-654/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin bərpa edilməsi, tikilinin sökülməsi və ara məsafəsinin boşaldılması tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və ara məsafəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisi, İV küçə, 84 a saylı evin cavabdehin vəsaiti hesabına sökülməsi, ara məsafəsinin boşaldılması, iddiaçıya məxsus fərdi evin divarına və hasarına dəymiş ziyanın cavabdeh tərəfindən bərpa olunması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisi, İV küçə, ev 85a ünvanında fərdi evdə 2000-ci ildən qeydiyyatsız yaşayır. Bunu “Xəzri” MK-nın xx.xx.2021 -ci il tarixli, 224 saylı arayışı təsdiq edir. Cavabdeh iddiaçının qonşuluğumda, yəni “Xəzri” MK-nın İV küçə, ev 84a saylı evdə 2014-cü ildən yaşayır. İddiaçı, evi tikərək evin arxasında eni 40 sm olan torpaq sahəsini boş saxlamışdır. Bunu ona görə etmişdir ki, zərurət yarandığı halda fərdi evin arxasına keçmək mümkün olsun. 2021-ci ilin avqust ayının ortalarında Cavabdeh ara məsafəsini gözləmədən iddiaçının evinin divarına bitişik ərazidə özü üçün ev tikməyə başlamışdır. İddiaçı cavabdehə xəbərdarlıq etmişdir ki, ara məsafəsi saxlamaqla inşaat işi apara bilər. Lakin o iddiaçının dediklərinə məhəl qoymayaraq inşaat işləri aparmışdır. İddiaçı, məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət etmişdir. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-i cavabdehə inşaat işlərini aparmağı dayandırmış və iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bir daha bildirir ki, cavabdeh ara məsafəsini gözləmədən cavabdehin evinin divarına bitişik inşaat işləri aparmışdır. Bu da zərurət yarandığı halda evinin arxasına keçməyini mümkünsüz etmişdir. Cavabdeh tərəfindən inşaat işləri aparılarkən iddiaçıya məxsus fərdi evə ziyan vurmuş, evin və hasarın divarını deşərək armatur keçirmişdir. Hesab edir ki, Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisi, İV küçə, 85a saylı evə bitişik Cavabdeh tərəfindən tikilmiş Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisi, İV küçə, 84a saylı evin cavabdehin vəsaiti hesabına sökülməsi, ara məsafəsinin boşaldılması, iddiaçıya məxsus fərdi evin divarına və hasarına dəymiş ziyanın cavabdən tərəfindən bərpa olunması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. Bildirdi ki, cavabdeh ara məsafəsi gözləmədən iddiaçının evinin divarına bitişik ərazidə özü üçün ev tikməyə başlamışdır. İddiaçı cavabdehə ara məsafəsi saxlamaqla inşaat işi apara biləcəyini söyləmişdir. Lakin cavabdeh iddiaçının dediklərinə məhəl qoymayaraq inşaat işləri aparmışdır. Bununla bağlı iddiaçı Sumqayıt Şəhər Pİ-nin 2-ci Polis Bölməsinə cavabdehə inşaat işlərini aparmağı dayandırmış və iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçı zərurət yarandığı halda evinin arxasına keçə bilmir. Cavabdeh tərəfindən aparılan inşa işləri nəticəsində iddiaçıya məxsus fərdi evə ziyan dəymişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədi. Bildirdi ki, iddiaçının da onun da tikililərinin və torpağının sənədi yoxdur. İddiaçının və özünün torpaq sahəsinin tən ortasında yarımtikililər tikdiyini bildirdi. İddia tələbində qeyd olunan iddiaçıya məxsus evin divarına və hasarına ziyan dəymiş olsa belə, qəsdən edilməmişdir. İddiaçının evinin divarı torpaq sahəsinin sərhəddinin tən ortasında olduğu üçün, oda eyni qaydada tikili inşa etməyə başlamışdır, tikilələrə arxa divar tikmək istəsədə cavabdeh buna imkan verməmişdir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5583№-li, 14 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisi, İV küçə, 84 a saylı fərdi yaşayış evinin həyətində aparılan tikinti işləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin sərhəddində inşa edilmiş daş hasarın suvaq qatının (0,2 x 0,2m sahədə) qopub töküldüyü müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisi, İV küçə 85 a saylı fərdi evinin yerləşdiyi torpaq sahəsinin hasarına və fərdi yaşayış evinin yan fasad divarına bitişik inşa edilmiş tikililər tamamlanmadığından sözügedən tikililərin təyinatını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, cavabdeh tərəfindən aparılmış tikinti işlərinin tikinti norma və qaydalarına və yanğın təhlükəsizliyi qaydalarına uyğun aparılıbaparılmadığını, eyni zamanda tikinti işləri aparılan zaman həmin tikililər ilə iddiaçıya məxsus fərdi yaşayış evinin divarı arasındakı ara məsafəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin sərhəddində inşa edilmiş daş hasarın suvaq qatı qopub tökülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı və cavabdeh ünvan 1 ünvanında fərdi evlər inşa edərək. Torpaq sahəsinin vətikililərin sənədləşməsi olmadan orada yaşayırlar. Tərəflər torpaq sahələrinin ara sərhəddini özləri müəyyən ediblər. İddiaçı torpaq sahəsinin üzərində ev inşa etmiş və həmin evin bir divara ara sərhəddinin üzərindədir. Cavabdeh əvvəl inşa etdiyi ev iddiaçı ilə ara sərhəddə deyil əks tərəfdədir. Sonradan cavabdeh ara sərhəddinə bitişik yeni tikili inşa etməyə başlamışdır ki, bu tikilidə iddiaçının evinə bitişikdir. Qeyd edilən tikilinin arxa divarını iddiaçının evinin divarı əvəz edir, iddiaçı bu halı qəbul etmir, cavabdeh qeyd edilən tikiliyə arxa divar inşa etmək istəsədə, cavabdeh buna imkan verməyərək tikilinin ümumiyyətlə sökülməsini tələb edir. Cavabdeh yarımtikilini inşa edərkən iddiaçının torpaq sahəsinin daş çəpərinin suvaq hissəsinə zərər dəymişdir. Cavabdeh tikililəri inşa edib başa çatdırmadığı üçün tikinti işlərinin tikinti norma və qaydalarına və yanğın təhlükəsizliyi qaydalarına uyğun aparılıb-aparılmadığını, eyni zamanda tikinti işləri aparılan zaman həmin tikililər ilə iddiaçıya məxsus fərdi yaşayış evinin divarı arasındakı ara məsafəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən - Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 171.1-ci maddəsinə əsasən- Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 176.1-ci maddəsinə əsasən Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2-ci maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus fərdi evin divarına və hasarına dəymiş ziyanın cavabdeh tərəfindən bərpa olunması tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkillər və ekspert rəyində də qeyd olunduğu kimi cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisi, İV küçə, 84 a saylı fərdi yaşayış evinin həyətində aparılan tikinti işləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin sərhəddində inşa edilmiş daş hasarın suvaq qatının (0,2 x 0,2m sahədə) qopub töküldüyü müəyyən olunmuşdur. Məhkəmə iddianın Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisi, İV küçə, 84 a saylı evin cavabdehin vəsaiti hesabına sökülməsi, ara məsafəsinin boşaldılması tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən - Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi hissəsinə məhkəmə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş rüsumun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 70 manat isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus hasarı dəymiş ziyan cavabdeh tərəfindən bərpa olunmalı, iddianın verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 30 manatının əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi evin hasarına dəymiş ziyan, daş hasarın suvaq qatının 0,2 x 0,2 m sahədə qopub töküldüyü hissə bərpa edilsin. İddianın verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, qalan 70 manatı İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar