Məhkəmə qərarları › İş №2(060)-6541/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6541/2022

30.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6541/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Vəkil, Maraqlı şəxsin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1940-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X5 xx.xx.1940-cı il tarixdə anadan olmuşdur, 82 yaşı var. Gənc yaşlarında qulağındakı iltihabı müalicə edən həkim tərəfindən qulaq pərdəsi deşilmişdir. Bundan sonra pis eşidirdi. 20 ildir ki, demək olar ki, eşitmir. 2021-ilin noyabr ayında koronovirus xəstəliyini çox ağır keçirtdi. Bu xəstəlik nəticəsində onda ciddi yaddaş və yerişin pozğunluğu, əsəbilik, aqressivlik əmələ gəldi. Ailə üzvlərini və yaxın qohumları tanımır. Fikirlərini ifadə edə bilmir. Öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən onu nəzarətsiz qoymurlar. Ailə üzvlərindən biri mütləq onun yanında qalır. Göründüyü kimi yaşına və keçirdiyi koronavirus xəsətəliyinə görə ağıl zəifliyi xəstəliyindən əziyyət çəkir. Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 192/1083 №-li həkim psixiatr komissiyasının rəyi ilə atası Şərafəddin Nəsirova “Vaskulyar demensiya” diaqnozu qoyulmuşdur. Sumqayıt şəhər Tibb Mərkəzi Sumqayıt 1 nömrəli şəhər xəstəxanası poliklinika şöbəsinin 38 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, atası Şərafəddin Nəsirov “Vaskulyar demensiya” diaqnozu ilə 1 nömrəli şəhər xəstəxanası poliklinika şöbəsinin psixiatrik kabinetində ambulator müşahidədədir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi izahatında göstərdi ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan: İİ-ЖГ seriyalı 272509 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X5, anası X4r. AZE seriyalı 00796043 saylı Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1940-cı il tarixdə Göyçay rayonunun Qaraməryəm kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş № 192/1083, xx.xx.2022ci il tarixli həkim-psixiatr Komissiyasının rəyindən görünür ki, X5 “Vaskulyar demensiya” diaqnozu ilə qeydə alınmışdır. Sumqayıt şəhər Tibb Mərkəzi Sumayıt 1 nömrəli şəhər xəstəxanası poliklinika şöbəsi tərəfindən verilmiş 38 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan X5 “Vaskulyar demensiya” diaqnozu ilə 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində dispanser və ya ambulator müşahidədədir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3881 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, X2 Vaskulyar demensiya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə son beş ildə yaddaşında zəifləmə biruzə verməsi, 2021-ci ildə koronavirus xəstəliyi keçirməsi, bundan sonra onda əvvəllər müşahidə edilən yaddaş pozuntusunun proqressiv artması, bununla əlaqədar Sumqayıt şəhərində psixiatrik müayinə olunması, müalicə təyin edilməsi, psixiatrik qeydiyyata götürülməsi, Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında həkim psixiatr komissiyasından keçərək “Vaskulyar demensiya” diaqnozunun müəyyən edilməsi, Sumqayıt Şəhər Tibbi Mərkəzi Sumqayıt 1 nömrəli şəhər xəstəxanası poliklinika şöbəsində “Vaskulyar demensiya” diaqnozu ilə psixiatrik qeydiyyatda olması, aldığı müalicələrə baxmayaraq, yaddaş zəifliyi davam etməsi, yuxusunun pozulması, yaddaş zəifliyi ilə əlaqədar özünəməxsus əşyaları itirməsi, onların axtarışında olmaqla əsəbi hallar keçirməsi, fikirlərini bildirməkdə çətinlik çəkməsi, doğmalarını çox vaxt tanımaması, çaşqınlıq halları keçirməsi, hazırki müayinə zamanı kobud yaddaş pozuntusu müəyyən edilməsi, koqnitiv funksiyalarının xeyli enməsi, maraq dairəsinin məhdudluğu və s.) sübut edir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X3 müəyyən edilən vaskulyar demensiya ilə əlaqədar o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixo-nevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi X1 qızıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Odur ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 avqust 1940-cı il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar