Məhkəmə qərarları › İş №2(060)-6565/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6565/2024

11.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6565/2024 11.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən R356941 nömrəli aktın ləğv olunması və elektrik enerjisinə görə olan 706.29 (yeddi yüz altı manat iyirmi doqquz qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 356941 saylı akt əsasında hesablanmış 706.29 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin avqust ayının 20-də, saat 22:40 radələrində pilləkən meydançasında yerləşən (yəni çöldə) yaşadığı 17-ci mikrorayon, bina 18, mənzil 66 ünvanına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Vüsal adlı əməkdaşı tərəfindən akt tərtib edilmişdir. Akta əsasən ünvanda mənzilə kənar xəttin çəkildiyi qeyd edilir. Aktın yazılması zamanı onlara heç bir məlumat verilməmiş, yəni qapı döyülməmişdir. Aktın tərtib edilməsi vaxtı saat 22:40 göstərilmişdir. Qeyd etmək istəyir ki, heç bir kənat xətt olmamış, elektrik enerjisindən istifadə qaydaları pozulmamışdır. Hesab edir ki, aktın yazılması qeyriqanunidir və düzgün tərtib edilməmişdir. R356941 nömrəli aktda göstərilən cərimə məbləği isə 706.29 (yeddi yüz altı manat iyirmi doqquz qəpik) təşkil edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 356941 nömrəli aktın ləğv olunması və elektrik enerjisinə görə 706.29 manat borcun silinməsi tələbinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, bir aylıq o sərfiyyat ola bilməz. Hər ay 16,17 və 18 manat enerji sərf edir. Hal-hazırda da eyni vəziyyətdədir. Evdə də heç bir işləyici yoxdur. Sadəcə olaraq pilləkən meydançasında yerləşən sayğaca akt yazılmışdır. Aktda saat 22-40-da dəq qalmış qeyd etmişlər. Onlara da xəbər verməmişlər. Hal-hazırda həmin sayğacdır. Bu dəyqə də həmin sayğac işləyir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, təşkilatın əməkdaşları tərəfindən sayğaca baxış keçirilmişdir. Aktda da qeyd olunmuşdur ki, yoxlama zamanı elektrik hesabat sayğacının giriş-çıxış xəttinin sxemdən kənarlaşdırılması qeyd olunmuşdur. Akt tərtib olunmuş və 706 manat 29 qəpik məbləğ hesablanmışdır. Qanunsuz qoşulma kimi qiymətləndirilmişdir. Bununla bağlı da hər hansı sübut yoxdur. Məhkəmə işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 356941 saylı aktdan görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, elektrik hesabat sayğacının giriş-çıxış xətti sistemdən kənarlaşdırılaraq mənzilə birbaşa qoşulmuşdur. Bununla da elektrik hesabat sayğacı axan yükü qeyd etmir. İş materiallarında olan abunə haqqında saldodan müəyyən edilir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, Ev(Bina):0570, mənzil:0729-a enerji sərfiyyatına görə 18 sentyabr 2024-cü il tarixinə EİQ pozulması əsasında borcu, ümumilikdə 706 (yeddi yüz altı) manat 29 (iyirmi doqquz) qəpik manat borcu qalmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər və işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, 18-ci bina, 66 saylı mənzil (abunə kodu: **********00729) ünvanına 18 sentyabr 2024-cü il tarixdən EİQ pozulması əsasında ümumilikdə 706 (yeddi yüz altı) manat 29 (iyirmi doqquz) qəpik manat borc hesablanmışdır. İddiaçı həmin məbləğin silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindənyol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə hesablanmış 706.29 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qiyməti 1.000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, 18-ci bina, 66 saylı mənzil (saldo üzrə Sumqayıt, 17-ci mikrorayon, Ev(Bina):0570, mənzil:0729, abunə kodu: **********00729) ünvanına enerji sərfiyyatına görə əsassız olaraq hesablanmış 706 (yeddi yüz altı) manat 29 (iyirmi doqquz) qəpik borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar