Məhkəmə qərarları › İş №2(060)-6590/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6590/2022

23.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6590/2022 23.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 və İddiaçı3, İddiaçı1 nümayəndəsi və vəkili Məmmədov Vüsal Qara oğlunun, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Sumqayıt Şəhər 3 saylı Notariat ofisinə qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini üçünçü şəxs qismində cəlb etməklə «vərəsəlik şəhadətnamələrinin ləğvi, mirasın qəbulu müddətinin uzadılması, miras əmlakın bölünməklə payların müəyyən olunması və çıxarışın ləğvi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Sumqayıt Şəhər 3 saylı Notariat ofisinə qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini üçünçü şəxs qismində cəlb etməklə «vərəsəlik şəhadətnamələrinin ləğvi, mirasın qəbulu müddətinin uzadılması, miras əmlakın bölünməklə payların müəyyən olunması və çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildə ölmüş Dadaş Hacıağa oğlundan miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə dair Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən X1 adına xx.xx.2020-ci il tarixli 2v-193 reyestr nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə dair Cavabdeh3 adına xx.xx.2020-ci il tarixli 2v-208 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli 2v-193 reyestr nömrəli şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestyri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinin 1/3 hissəsi üzərində Cavabdeh2, 2/3 hissəsi isə açıq pay olmaqla hüquqların dövlət qeydiyyatı aparılması barədə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xx.xx.1985-ci ildə ölmüş X14ndan miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə dair mirasın qəbulu müddətinin buraxılmasının üzrlü sayılması və müddətin uzadılması, xx.xx.1985-ci ildə ölmüş Dadaş Hacıağa oğlundan miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin və 0,05094 ha torpaq sahəsinin miras əmlak kimi bölünməklə paylarının müəyyən olunması və paylara uyğun dövlət reyestrindən mülkiyyət hüququ üzrə çıxarışların verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışlar ki, onlar mərhum miras qoyan X2 doğma övladlarıdırlar. Anaları, X13 1981-ci ildə, ataları, X10 isə xx.xx.1985-ci ildə ölmüşdür. İddiaçılar miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evdə anadan olmuş və valideynləri ölən günə kimi miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evdə yaşamışlar. X14 öldükdən sonra da onlar qardaşları X7 ikinci həyat yoldaşı olan X11 ilə miras əmlakda yaşamağa icazə vermişlər. X18 ölən günə, 2014-cü ilə kimi o və bacıları atalarının evinə gəlib- getmişlər. Mərhum X18 sağlığında ata evinin bütün vərəsələrin adına sənədləşdirilməsinə maddi imkanı olmadığını bidirərək bir müddət gözləmələrini xahiş etmişdir. 12 noyabr 2014-cü il tarixdə qardaşı X15 öldükdən sonra, onlar ata və analarından miras qalan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin miras əmlak kimi qəbul olunması üçün Cavabdeh2 da pay verməklə iddialı olmuş, lakin onunla aralarında razılıq əldə olunmamışdır. Bundan sonra Cavabdeh2 bu evdə yaşamasından istifadə edərək evin sənədlərini onlardan gizlədərək miras əmlakın adlarına vərəsələr kimi sənədləşdirilməsinə mane olmuşdur. Qardaşı İddiaçı1 miras əmlakı qəbul etmək üçün əvvəlcə Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etmiş, ondan hüquqmüəyyənedici sənədlər istənildikdən sonra isə, mülkiyyət sənədlərini əldə etmək üçün aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, idarədə onlarda mübahisəli evin atasına məxsusluğu barədə sənədlərin olmaması cavabını aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 2(060)- 12854/2015 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evin İddiaçı1 hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evin İddiaçı1 mərhum atası Dadaş Hacıağa oğluna məxsus olması faktı müəyyən edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, (060)- 18322/2016 saylı qətnaməsi ilə İddiaçı1 mənzilə istifadə hüquqnun tanınması barədə iddia ərizəsi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1818/2017 saylı, 26 may 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və X3rşı mənzilə istifadə hüququnun tanınması barədə Sumqayıt şəhər Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2(060)-18322/2016 saylı qətnaməsi ləğv edilmişdir. Həmin qətnamənin ləğv edilməsi səbəbi kimi iş üzrə Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və X6 cavabdeh qismində ola bilməməsi ilə əlaqələndirilmişdir. Bu qətnamələrdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05094 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Dadaş Hacıağa oğlunun adına 18 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış ******* RX seriyalı, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış birinci növbə vərəsə kimi onlara verilmişdir. Bunun əsasında da Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 279 saylı evə dair Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontoru tərəfindən İddiaçı1, İddiaçı3, İddiaçı2 və Əzizə Dadaş qızının adlarına 24 oktyabr 2017-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı1, İddiaçı3, İddiaçı2 və Əzizə Dadaş qızının adlarına 26 oktyabr 2017-ci il tarixli çıxarış verilmişdir. Lakin, hal-hazırda Apellyasiya Məhkəməsinin iş 2(105)-2507/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsindən belə məlum olur ki, onlar birinci növbə vərəsələr kimi faktiki mirası qəbul etməmiş, qanunla müəyyən edilən müddət ərzində notariat orqanına müraciət etməmiş və qanunla müəyyən edilən müddətin keçməsi səbəblərinin üzrlü hesab edilməsi üçün məhkəməyə müraciət etməmiş, həmin müddət məhkəmə tərəfindən uzadılmamışdır. Bu səbəbdən Apellyasiya Məhkəməsinin iş 2 (105)- 2507/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 279 saylı evə dair Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontoru tərəfindən İddiaçı1, İddiaçı3, X4 və Əzizə Dadaş qızının adlarına 24 oktyabr 2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı1, İddiaçı3, İddiaçı2 və Əzizə Dadaş qızının adlarına verilmiş 26 oktyabr 2017-ci il tarixli çıxarış ləğv edilmişdir. Onlara savadsızlıq və miras əmlaka aid sənədlərin cavabdeh X11 tərəfindən gizlədilməsi səbəbindən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 279 saylı evə dair vərəsəlik hüquqlarını müəyyən olunmuş müddətdə reallaşdırmaq imkanından məhrum olmuşlar. Cavabdeh X11 bu evdə yaşamasından istifadə edərək evin sənədlərini onlardan gizlədərək miras əmlaka sahiblik etmələrinə və adlarına vərəsələr kimi sənədləşdirilməsinə qərəzli olaraq qəsdən mane olmuşdur. Nəticədə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti göstərilən üzürlü səbəbdən ötürmüşlər. Ancaq göstərilən hallar müəyyən etmədən Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 23 yanvar 2019-cu il tarixli qərarının məzmununa və mahiyyətinə nəzər salmadan cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisi müddətin üzrlü sayılması və miras qoyanın 1-ci növbə vərəsələrini nəzərə almayaraq qanuni əsaslar olmadan vərəsəlik şəhadətnamələri vermişdir. Belə ki, cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh2, 1/3 hissəsinə Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Bunun əsasında isə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestyri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli 2v-208 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evinin 1/3 hissəsi üzərində Cavabdeh2 adına, 2/3 hissəsi isə açıq pay olmaqla hüquqların dövlət qeydiyyatı aparılaraq xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cavbdehlərdən Cavabdeh3 qanunla müəyyən edilmiş müddətdə notariat orqanına mirasın qəbulu üçün müraciət etməmiş və mirası əmlakda ümumiyyətlə yaşamamışdır. Bu barədə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxtın üzrlü səbəbdən ötürülməsi və bu vaxtın uzadılması barədə məhkəməyə müraciət etməmişdir. Lakin, cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin notariusu bu halı da nəzərə almayaraq və onların qanunla müəyyən edilən müddətin keçməsi səbəblərinin üzrlü hesab edilməsi barədə iddiaçı olmalarına baxmayaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh3 xx.xx.2020-ci il tarixli 2v-193 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh3 xx.xx.2020-ci il tarixli 2v-193 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Cavabdeh2 1/3 pay müəyyən etmişdir. Bu isə Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi Ali Məhkəmənin 23 yanvar 2019-cu il tarixli qərarının mövqeyinə ziddir. Bütün yuxanda qeyd olunanlar əsas götürülərək cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh2 xx.xx.2020-ci il tarixli 2v-208 reyestr nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh3 xx.xx.2020-ci il tarixli 2v-193 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və Daşınmaz Əmlakın Dövlət Reyestyri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli 2v- 208 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evinin 1/3 hissəsi üzərində Cavabdeh2 adına, 2/3 hissəsi isə açıq pay olmaqla hüquqların dövlət qeydiyyatı aparılaraq xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər biri ayrıayrılıqda iddia ərizəsi ilə oxşar məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X17 izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını müdafiə etdiyini bildirdi. Əlavə olaraq göstərdi ki, iddiaçı hüquqi biliyi olmadığından mirasın qəbulu ilə bağlı vaxtında notariat orqanına müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz izahatında bildirdi ki, iddianı qəbul etmir. Mübahisələndirilən miras əmlak mərhum qaynatasının evi olmuşdur. O, həmin evə 1990-ci ildə gəlin köçmüşdür. Mərhum əri Hacıağa vəfat etdiyi vaxtadək onunla birlikdə həmin evdə yaşamışlar. Bu müddət ərzində Teymur mübahisələndirilən evdə yaşamamış, həmin evə get-gəli olmamışdır. Mərhum qaynatası 1985-ci ildə vəfa etmişdir. Sağlığında Teymura ayrıca ev vermişdir. Əri vəfat etdiyi üçün miras əmlakdan mərhum ərinə düşən pay birgə nikahda olduqları üçün onun adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 öz izahatında digər Cavabdeh2 tərəfindən verilən izahatı müdafiə etdiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Dadaş Hacıağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. AZ-İ seriyalı 752653 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Dadaş Hacıağa oğlu 01 yanvar 1985-ci ildə Sumqayıt şəhərində ölmüşdür. İİ-JQ seriyalı 325685 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 18 oktyabr 1981-ci ildə Sumqayıt şəhərində ölmüşdür. X12 ilə X5 nikah haqqında xx.xx.1940-cı il tarixdə 05 №li akt qeydi Sumqayıt şəhər Corat qəsəbə icra nümayəndəliyində tərtib olunmuşdur. V-JQ seriyalı, 429976 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Dadaş Hacıağa oğlu, anası X8r. İ-JQ seriyalı, 266513 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əzizə Dadaş qızı xx.xx.1946-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Dadaş Hacıağa oğlu, anası X8r. AZ seriyalı, 483559 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Sədəf Dadaş qızı xx.xx.1940-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Dadaş Hacıağa oğlu, anası X8r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayit Şəhər 1 Saylı Vəkil Bürosuna verilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın hüquqi rejimi barədə məlumatdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi üzərində Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2017-ci il tarixli, 2V-239, 2V-240, 2V-241 və 2V-242 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında 1/5 hissədə İddiaçı1, 1/5 hissədə İddiaçı2, 1/5 hissədə Əzizə Dadaş qızının, 1/5 hissədə İddiaçı3 və 1/5 hissə açıq pay olmaqla mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2507/2018 saylı icra vərəqəsi əsasında Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2017-ci il tarixli, 2V-239, 2V-240, 2V- 241 və 2V-242 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv olunması və Dadaş Hacıağa oğlunun hüquqlarının bərpa olunması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Sonradan Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 2V- 193 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi üzərində Cavabdeh2, 2/3 hissəsi isə açıq pay olmaqla hüquqların dövlət qeydiyyatı aparılaraq xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, göründüyü kimi iddiaçılar Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 ünvanda yerləşən torpaq sahəsinin və onun üzərindəki evin atasından miras qaldığını iddia edir və mirasın qəbulu üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılmasını, miras əmlakın bölünməklə payların müəyyən olunmasını, cavabdehlərə verilmiş vərəsəlik şəhadətnamələrinin və çıxarışın ləğvini tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-419/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə, üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, şəhadətnamə əsasında verilmiş çıxarışın və qeydiyyatın ləğv edilməsi, mirasın qəbulu faktının tanınması və miras əmlaka vərəsə kimi tam pay hüququnun tanınması» tələbinə dair iddiası rədd edilmişdir. Həmin Qətnamənin məzmunundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(105)-2507/2018 saylı qətnaməsində göstərilmişdir ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, miras qoyan Dadaş Hacıağa oğlu 1985-ci ildə vəfat edərkən qanun üzrə vərəsələrindən olan İddiaçı1 miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində yaşamamış, Sumqayıt şəhəri, 9-cu məhəllə, Puşkin küçəsi 10 saylı evin, 10 saylı mənzilində yaşamış, digər vərəsələrdən İddiaçı2 1962-ci il ildə ailə quraraq mübahisəli evdən köçmüş, ərinin evində yaşamış, 1974-cü ildən isə Bakı şəhərində yaşayır, Əzizə Dadaş qızı 1972-ci ildə ailə quraraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evindən köçmüş, ərinin evində yaşamışdır, İddiaçı3 da 1973-cü ildə ailə quraraq mübahisəli evdən köçmüş, ərinin evində yaşamışdır. Göründüyü kimi qeyd edilən şəxslər mirası faktiki qəbul etməmiş, qanunla müəyyən edilmiş müddət ərzində də mirasın qəbulu üçün müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçılar qeyd edilən miras əmlaka nə faktiki sahiblik etmiş, nə də əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etməmiş, eləcə də qanunla nəzərdə tutulmuş müddətdə mirasın qəbulu üçün müraciət etməmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməmiş, bununla da həmin hüququ itirmişlər. Məhkəmə hesab edir ki, miras əmlakın qəbul edilmə müddətinin ötürülməsinin üzrlü hesab olunaraq uzadılması üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçılar, subyektiv vərəsəlik hüququnu itirdiyindən digər iddia tələblərinə münasibətdə də müvafiq subyektiv hüquqa malik deyildirlər. Odur ki, məhkəmə həmin hissədə iddia tələblərinin araşdırılaraq qiymət verilməsinə zərurət görmür və bu qənaətə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1na qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini üçünçü şəxs qismində cəlb etməklə «vərəsəlik şəhadətnamələrinin ləğvi, mirasın qəbulu müddətinin uzadılması, miras əmlakın bölünməklə payların müəyyən olunması və çıxarışın ləğvi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar