Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6621/2023 08.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və satış pulunun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və satış pulunun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(060)-5010/2022 saylı qətnaməsilə tərəflər arasında bərabər payla mülkiyyətçi olduğu və ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin (əmlakın) real bölgüsü və payın naturada ayrılması, müəyyən edilməsi barədə iddia tələbi təmin olunmamışdır. Həmin mənzil həm iddiaçıya, həm də cavabdehə vərəsəlik qaydasında və 1/2 hissə olmaqla bərabər payda mülkiyyətlərinə verilmişdir. Bununla bağlı hər iki tərəfə də müvafiq çıxarış verilmişdir. Həmin mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 68,16 m2dir, yaşayış sahəsi 47,25 m2-dir. Həmin mənzil paylı mülkiyyət hüququ üzrə Cavabdeh 1/2 hissə, İddiaçı 1/2 hissə ilə adlarına daşınmaz əmlakın dövlət reyestrində reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh həmin mənzildən onun payını ayırıb verməsini, yaxud iddiaçıya payına mütənasib kompensasiya ödəməsini xahiş etmişdir. Lakin iş üzrə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5580 saylı ekspert rəyilə qeyd olunub ki, mənzilin tərəflər (payçılar) arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Buna görə də mənzilin naturada bölünməsi tələbi məhkəmənin yuxarıda qeyd olunan qətnaməsilə təmin olunmadı. Eyni zamanda, Cavabdeh mənzilin yarı qiymətinə bərabər olan paya görə iddiaçıya kompensasiya ödəməsinə maddi imkan olmadığından və yalnız mənzil satıldıqdan sonra yarı pulunu iddiaçıya ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh mənzili satdıqdan sonra iddiaçıya pulu ödəyəcəyinə əsaslı şübhələri vardır və uzun müddətdir ki, iddiaçını həmin mənzilə buraxmır. İddiaçı kirayədə qalır. Mənzili satıb iddiaçıya yarı dəyərini ödəyəcəyinə inanmır və kirayədə qalmağa imkanı tükənir, mənzilin satılıb iddiaçıya düşən payını alıb özünə ayrı mənzil alıb yaşamağı istəyir. Bu səbəbdən də mənzilin məhkəmə qaydasında satılmasını istəyir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı evin, 39 saylı mənzilin məhkəmə qərarı əsasında açıq hərracdan satılması və satış pulunun payına mütənasib olaraq iddiaçıya çatan hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, bildirmişdir ki, cavabdeh tərəfindən 30.000 manat kompensasiya ödənilməsinə razı deyildir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, mübahisələndirilən ev satıldıqdan sonra iddiaçıya sözügedən məbləği verə bilər. Hazırda iddiaçıya 30.000 manat kompensasiya verməyə razıdır.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə istifadədə olan 0,11 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində yerləşən 68,16 kv.m ümumi, 47,25 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə Cavabdeh 1/2 hissə, İddiaçı 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. İş materiallarında olan Sumqayıt şəhər 4 saylı dövlət notariat kontorunun dövlət notariusu M.H.Yadigarov tərəfindən verilmiş 31 avqust 2009-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, 21 fevral 2009-cu ildə vəfat etmiş X1 vərəsələri bunlardır: oğlu-Cavabdeh, qızı- İddiaçı və onların hər biri 1/2 hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi idarəsinin 31 avqust 2009-cu il tarixli 14/2785 №li arayışına və xx.xx.2007-ci il tarixli 26№li reyestr kitabının 106№li vərəqində qeydiyyat № 140701220, MH №0007747 olan Çıxarışa əsasən Sumqayıt şəhəri, 42 məhəllə, ev 9, mənzil 39-da yerləşən ümumi sahəsi 68,16 kv.m., yaşayış sahəsi 47,25 kv.m. olan üç otaqlı mənzildən ibarətdir.
10. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5010/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın real bölgüsü və payın naturada ayrılması, müəyyən edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər mübahisəli Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı evin, 39 saylı mənzilin paylı mülkiyyətçiləridirlər. Hazırda iddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olaraq əmlakın açıq hərracda satılmasını və satış pulunun aralarında bölünməsini tələb edir. Cavabdeh iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
13. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır.
14. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
16. Bundan əlavə, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər.
17. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
18. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
19. Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
20. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
21. Məhkəmə tərəfindən iddiaçı və cavabdehin bərabər paylı mülkiyyətində olan əmlakların naturada ayrılmasının mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli mənzillərin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
23. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
24. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın.
25. Digər tərəfdən məhkəmə qeyd edir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.
26. Belə ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:
1. ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;
2. pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
27. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir.
28. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdeh təklif olunan pul vəsaitinə malik olmamasını və kompensasiya ödəmək imkanında olmamasını bildirərək kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etmişdir.
29. Belə olan halda məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması mümkün hesab edilməlidir.
30. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
31. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
32. Beləliklə məhkəmə hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın naturada bölgüsü mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı vermək iqtidarında olmadığından, həmin əmlak açıq hərracda satılmalı və əldə olunacaq məbləğ tərəflərin payına mütənasib şəkildə bölünməlidir.
33. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı evin, 39 saylı mənzili açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pul vəsaiti əmlakların paylı mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında ½ paya münasibətdə bərabər bölünməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı evin, 39 saylı mənzili açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti əmlakların paylı mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında ½ paya münasibətdə bərabər bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva