Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6621/2025 10.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, Cavabdeh İB tərəfindən qanunsuz olaraq yazılmış 175,80 manat əsassız borcun silinməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzil ona məxsusdur. Həmin ünvanda olan GPG18079677 nömrəli Smart tipli qaz sayğacı Cavabdeh İB-nin nümayəndəsi N.Əhmədov tərəfindən 31 iyul 2024-cü il tarixində çıxarılaraq mexaniki sayğacla əvəz olunmuşdur. Həmin zaman o və ailə üzvləri ünvanda yaşamadıqları üçün Xocəvənd rayonu, Hadrut qəsəbəsində olmuşdurlar. Sayğacın sökülməsi zamanı Cavabdeh İB-nin nümayəndəsindən başqa şəxs iştirak etməyib və hal vəziyyət şahidi olmadan sayğac dəyişdirilib, nəticədə sökülən Smart sayğaca əsassız olaraq 175,80 manat borc yazılıb. Yuxarıda göstərilənləri nəzərə alıb bir neçə dəfə “Azərqaz” İB-nə müraciət etsə də, heç bir nəticəsi olmayıb. Hərbiçi olduğu 2025-ci ilin mart ayının 20-nə kimi o və ailə üzvləri həmin ünvanda ancaq məzuniyyət və xidməti ezamiyyət müddətlərində yaşamışdırlar. Faktiki olaraq aktda göstərilən miqdarda qaz istifadə etmək mümkün deyil. Mənzildə olmadıqları müddətdə isə qaz sayğacının giriş tərəfində və sayğacdan sonrakı krantlar bağlı olub ki, buda onlara hər hansı qaz sızmasının olmaması barədə əsas verir.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh kimi etirazlarını nəzərə alaraq qeyd olunan əsaslarla 2(060)-6621/2025 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-6621/2025 saylı mülki iş üzrə İddiaçı **********10480 saylı abonent kodu üzrə hesablanmış 175,80 manat borc məbləğinin silinməsi tələbi ilə bağlı iddia qaldırmışdır. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən ona məxsus mənzildə yaşayır. Yaşadığı ünvan üzrə ona Cavabdeh tərəfindən əsassız olaraq 175,80 manat borc məbləğinin silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İş üzrə cavabdeh olaraq aşağıda qeyd etdiklərinə əsasən iddia ərizəsinə etiraz edir. Belə ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzilə quraşdırılmış qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edib borcunu ödəmədiyi üçün qeyd olunan borc məbləği yaranmışdır. İddiaçı əsassız hesab edərək silinməsi tələbi ilə məhkəməyə müraciət etdiyi 175,80 manat borc məbləği itirilmiş qaz sərfinə, yaxud dəymiş ziyana görə hesablanmış məbləğ yox, abonentin istehlak etdiyi təbii qaz sərfinə görə müəyyən edilmiş məbləğdir və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tam həcmdə ödənilməlidir. Abonentin əsassız olaraq silinməsi tələbi ilə məhkəməyə müraciət etdiyi borc məbləğinin 175,80 manat borc məbləği ünvan üzrə xx.xx.2018-cici il tarixdə quraşdırılmış Smart G-4 İTRON DİAFRAQMA markalı 1802AZ**********77 nömrəli sayğac vasitəsilə sərf edilmiş, lakin dəyəri ödənilməmiş qaz həcminin dəyəridir. Yuxarıda qeyd olunanlar abonentin qaz sərfiyyatından ödəniş etmədən faydalandığını, yəni bilə-bilə və qeyri-qanuni yolla ödənişdən yayınaraq qazdan istifadə etdiyini açıq şəkildə göstərir. Sayğacın mənfiyə işləməsi və ödənişlərlə real istehlak arasındakı ciddi uyğunsuzluq abonentin iradəsindən asılı olan ödənişdən yayınma faktını hüquqi baxımdan sübut edir. İddiaçı əsassız hesab edərək silinməsi tələbi ilə məhkəməyə müraciət etdiyi 175,80 manat borc məbləği itirilmiş qaz sərfinə, yaxud dəymiş ziyana görə hesablanmış məbləğ yox, abonentin istehlak etdiyi təbii qaz sərfinə görə müəyyən edilmiş məbləğdir və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tam həcmdə ödənilməlidir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, bu iş üzrə ona qarşı Cavabdeh İB tərəfindən 175,80 manat məbləğində hesablanmış borc əsassız və hüquqa zidddir və həmin borcun ləğv edilməsini xahiş etdi. Sayğacın vaxtında yoxlanılması cavabdeh qurumun birbaşa vəzifəsidir Qaz sayğacı 2018-ci ildə quraşdırılmışdır və 2023-cü ildə yoxlanılmalı, eyni zamanda dəyişdirilməli idi. “Ölçmələrin və ölçü vasitələrinin dövlət tənzimlənməsi haqqında” Qanun, Nazirlər Kabinetinin 12 iyul 2017-ci il tarixli qərarı məişət qaz sayğaclarının 5 ildən bir dövlət yoxlamasından keçirilməsini tələb edir. Bu halda sayğacın 2023-cü ildə yoxlanılması zəruri olduğu halda, Cavabdeh bu vəzifəni 1 il gecikdirmiş, nəticədə texniki vəziyyətə nəzarəti itirmişdir. Bu gecikmənin nəticələri istehlakçıya aid edilə bilməz. Sayğacın dəyişdirilməsi zamanı hadisə yerində olmamışdır. Heç bir şahid iştirak etməmişdir. Foto və video çəkiliş aparılmamışdır. Komissiya aktı tərtib edilməmişdir. Sadəcə Azərqazın bir əməkdaşı tərəfindən sökülərək götürülmüşdür. Proses yalnız bir əməkdaş tərəfindən icra edilmişdir Bu hallar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 4.2, 8.1, 15.1-ci maddələrinin “Qazdan istifadə Qaydaları”nın 3.13, 5.8, 6.2-ci maddələrinin kobud şəkildə pozulmasıdır. Prosedur pozuntusu ilə aparılan dəyişdirmə hüquqi nəticə doğura bilməz. Texniki nasazlığa görə istehlakçı məsuliyyət daşımır. Qaz sayğacı dövlət nəzarətində olan ölçü cihazıdır. Sayğac smart kart tipli olduğu üçün borc ola bilməz, sayğacın mexaniki və yaxud smart hisəsində yaranmış nasazlıq nəticəsində göstəricilərdə fərqlər yaranmışdır ki, burada onun heç bir müdaxiləsi olmamışdır. Sayğac nasazdırsa və düzgün ölçmə aparmırsa, bu keyfiyyətsiz mal hesab olunur və onun nəticələrinə görə istehlakçı məhsuliyət daşımır. Eyni zamanda süni borc yazılıbsa istehlakçı borcun silinməsini və ya artıq ödənilmiş pulun geri qaytarılmasını tələb edə bilər. Onun sazlığına, düzgün işləməsinə və vaxtında yoxlanılmasına xidmət göstərən qurum cavabdehdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qeyd edilən borc məbləği 2023-cü ilin aprel, may, dekabr ayları, 2024-cü ilin yanvar və avqust aylarını əhatə edir.
Tədqiq olunan sübutlar:
6. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 31 iyul 2024-cü il tarixdə tərtib olunmuş ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmişdir.
7. Abonentin saldosundan görünür ki, İddiaçı ünvan 3 ünvanında təbii qazdan istifadəyə görə 2024-cü il tarixinə 175,80 manat məbləğində qalıq borcu yaranmışdır.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
10. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
-13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
-3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. -4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; -5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu -3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. -18.1-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. -18.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. -26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir.
14. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Abonentin saldosu”ndan aydın olur ki, Gülnarə Vahabovanın adına Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 1/2, 48 saylı mənzildə qazdan istifadəyə görə **********10480 saylı kod açılmışdır. Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 1/2, 48 saylı mənzil üzərində mülkiyyət hüququ İddiaçı adına xx.xx.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qeyd olunan ünvanda yerləşən mənzilin mülkiyyətçisi olmaqla hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.
15. İddiaçı Cavabdeh İB tərəfindən qeyd olunan ünvana qaz sərfinə görə hesablanmış borcun silinməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2024-cü il tarixinə abonentə 175,80 manat məbləğində qalıq borc yazılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd edilən borc məbləğinin 2023-cü ilin aprel, may, dekabr ayları, 2024-cü ilin yanvar və avqust aylarını əhatə etdiyini, sayğacın “Smart-kart” tipli qaz sayğacı olduğunu, elektron hissəsinin işləmədiyini, lakin mexaniki hissəsinin qaz sərfini qeydə aldığını, nəticədə həmin məbləğdə borc yarandığını, sayğacın yeni sayğacla əvəz edildiyi zaman köhnə sayğacın qaz borcunun yeni sayğaca köçürüldüyünü bildirmişdir.
16. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilən sənədlərlə və eyni zamanda cavabdehin izahatı ilə borcun yarandığı iddia edilən dövrlərdə, yəni 2023-cü ilin aprel, may, dekabr ayları, 2024-cü ilin yanvar və avqust aylarında iddiaçının istifadəsində olan ünvana quraşdırılmış qaz sayğacı “Smart-kart” tipli qaz sayğacı olmuşdur. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu növ qaz sayğacı ilə təmin edilmiş istehlakçı əvvəlcədən karta müvafiq məbləğ yükləməklə həmin vəsaitə uyğun qazdan istifadə edir.
17. Cavabdeh 2023-cü ilin aprel, may, dekabr ayları, 2024-cü ilin yanvar və avqust aylarında iddiaçı tərəfindən karta pul vəsaitinin yüklənib-yüklənməməsindən asılı olmayaraq, ünvana qaz sərfiyatının davam etdiyini bildirmişdir. Lakin o, qeyd olunan qaz sayğacı nasaz olduğu halda buna görə məsuliyyətin niyə məhz iddiaçının üzərinə düşməsinin, eyni zamanda qeyd olunan uzun müddət ərzində, yəni 2023-cü ilin aprel, may, dekabr ayları, 2024-cü ilin yanvar və avqust aylarında həmin sayğaca tərəflərindən nəyə görə baxış keçirilməməsinin, baxış keçirilmişdirsə sayğacda nəyə görə həmin qüsurların aşkar edilmədiyinin ağlabatan izahını verə bilməmiş, eyni zamanda qeyd olunan halın, yəni sayğacın müvafiq karta pul vəsaiti ödənilmədiyi halda sərfiyyatın davam etməsinin məhz istehlakçının təqsiri üzündən baş verməsini, iddiaçının bundan məlumatlı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
18. Bundan başqa sözügedən “Smart-kart” tipli qaz sayğacında qeyd olunan nasazlığın olması cavabdeh tərəfindən hər hansı bir aktla rəsmiləşdirilməmişdir.
19. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.
20. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.
22. Hazırki işdə cavabdeh abonentin borcu olaraq qeydə alınmış 175,80 manat məbləğində borcun iddiaçının təqsiri üzündən yaranmasını, istehlakçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməsini və ya hansısa qanun pozuntusunun törədilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqim etməmişdir.
23. Yuxarıda adı qeyd edilən qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələbinə uyğun olaraq qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır.
24. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ünvan 3 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 175 (yüz yetmiş beş) manat, 80 (səksən) qəpik borc **********10480 saylı abunə hesabından silinməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 3 ünvanında elektrik enerjisindən istifadəyə görə 175 (yüz yetmiş beş) manat, 80 (səksən) qəpik borc **********10480 saylı abunə hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva