Məhkəmə qərarları › İş №2(060)-6626/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6626/2021

24.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6626/2021 24.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 31.12.2016-cı il tarixli akta əsasən hesablanmış 809,56 manat məcburi köçkün borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 52, 39 saylı mənzil faktiki olaraq iddiaçının istifadəsindədir. İddiaçının mənzili aldığı şəxs məcburi köçkündür, belə ki, iddiaçı ona güzəşt olunmuş 809,56 manat borcun silinməsini xahiş edir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 31.12.2016-cı il tarixli akta əsasən hesablanmış borc mənzilin keçmiş mülkiyyətçisinin borcudur. Onlar həmin mənzilə 2021-ci ilin may ayından köçüblər. İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, 31.12.2016-cı ildə dondurulmuş borcdur. Həmin borc iddiaçıdan tələb edilmir. Lakin, borc onun abunə hesabında saxlanmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı 16.03.1967-ci ildə, Qubadlı rayonunun Abdalanlı kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçıya məxsus fərdi yaşayış evinin **********02096 nömrəli abunə hesabından görünür ki, iddiaçının 31.12.2016-cı il tarixinə 809,56 manat məcburi köçkün borcu vardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Hazırkı halda iddiaçı yaşadığı mənzilə dair hesablanmış elektrik enerjisindən istifadəyə görə borcun əsassız olduğunu bildirir və həmin borcun haradan yaranmasının aydınlaşdırılmadığını qeyd edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndində göstərilmişdir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. İşdən göründüyü kimi iddiaçının elektrik enerjisinə görə olan borcu 31 dekabr 2016cı ildə dondurulmuşdur. Lakin həmin borc sayğac əsasında yaranmış borc olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanında isə sayğacı olmayan məcburi köçkünlərin borclarının dövlət tərəfindən ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh iddiaçının həmin borcunu silməmişdir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının abonent hesabında olan elektrik enerjisindən istifadəyə görə 809,56 manat borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 52, 39 saylı mənzilin abonent hesabında saxlanmış elektrik enerjisindən istifadəyə görə 809 (səkkiz yüz doqquz) manat 56 (əlli altı) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar