Məhkəmə qərarları › İş №2(060)-6691/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6691/2023

04.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6691/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 04 dekabr 2023cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent kodu **********02941 olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kompressor zavodu, gecəqondu, Xəzri küçəsi, fərdi ev ünvanına dair əsassız olaraq hesablanmış 259 manat 20 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən onun faktiki mülkiyyətində və istifadəsində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kompressor zavodu, gecəqondu, Xəzri küçəsi, fərdi ev ünvanına dair əsassız olaraq 259 manat 20 qəpik borcun tələb edilməsi ilə bağlıdır. Belə ki, cavabdeh iddia edir ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək deyil. Yivli birləşmələrdə korroziya izi mövcuddur. Kart yuvasının qapağı aşkar olunmadı. Sayğacın yaddaşı arxiv olundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb, xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir və sayğacın istismara yararsız olduğunu bildirmişdir. Hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı tərəfindən bu qədər qazdan istifadə edilməsinin iddia edilməsi tamamilə cəfəngiyyatdır. Cavabdeh təşkilat tərəfindən sayğac dəyişdirilmiş və bir müddətdən sonra bu qədər borcun hesablandığı bildirilmişdir. Sayğac evdən kənar quraşdırılmışdır və həmin sayğaca nəzarət edilməsinə görə məsuliyyət məhz cavabdehin üzərinə düşür. Sayğac çöldə quraşdırıldığı halda və cavabdeh tərəfindən daim onun xəbəri olmadan sayğaca olduğu yerdə baxış keçirilmə imkanı olduğu halda necə ola biər ki, sayğacın görünən hissəsinə müdaxilə edə bilsin? Həmçinin bildirmişdir ki, onun iştirakı təmiin edilmədən sayğaca laboratoriyada baxış keçirilmiş və yuxarıda qeyd olunan nəticəyə gəlib çıxmışdırlar. Sayğac dəyişdirildikdən sonra bildiriş göndərilib ki, guya sayğaca müdaxilə edilib. Bunu nə ilə sübut edirlər? Nə ilə sübut edirlər ki, sayğaca məhz onun tərəfindən müdaxilə edilmişdir? Yuxarıda qeyd olunduğu kimi sayğac çöldə quraşdırılmışdır və məsuliyyəti o halda ona aid olardı ki, onun həyətində quraşdırılardı. Bəlkə qonşu müdaxilə edib? Ya da yoxlama keçirilən zaman özləri tərəfindən müdaxilə edilmişdir? Ya sayğac yoxlamaya aprılan zaman yolda zədə görmüşdür? Qanunvericiliyin tələblərinə uyğun olaraq sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi halda isə müvafiq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, özbaşına qanunazidd olaraq sayğaca baxış keçirdikdən sonra özündən borc hesablanmışdır. Aylıq ödənişlərini daim vaxtı-vaxtında ödədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq (məhkəmə sənədinin elektron kabinetinə yerləşdirilməsinə dair çıxarışa əsasən) iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrində korroziya izinin mövcudluğu, kart yuvasının qapağının olmaması, sayğacın yaddaşının arxiv olunduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda – 100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi və sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-1799-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin 14-2-2/3-5-1799 saylı, xx.xx.2023-cü il tarixli telefonoqramına əsasən xx.xx.2022-ci il tarixində əhali sektorunda istismarda olan Sumqayıt QİS-dən Metrologiya Departamentinə gətirilmiş aktda nömrələri qeyd olunan Fransa istehsalı G4 markalı İtron tipli (Smart Payment) qaz sayğacları 31 mart 2023-cü il tarixdə Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 259.20 manat borc hesablanmışdır. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 2160 m3 müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 259.20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu:**********02941) hesablanmış 259,20 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar