Məhkəmə qərarları › İş №2(060)-6714/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6714/2023

06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6714/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1 ünvanında tək yaşayır və istifadə etdiyi suyun dəyərini tam olaraq ödəyir. Qeyd edir ki, yaşadığı ünvanda 2011-ci il tarixdə kod açılmışdır. Cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus olan ünvanda xidmətlərdən istifadəyə görə 751,76 manat əsassız borc hesablanmışdır. Yaranmış borcun araşdırılması ilə bağlı Sumqayıt Sukanal İdarəsinə getdikdə iddiaçıya məlum olmuşdur ki, tək yaşamağına baxmayaraq hesabat 3 nəfər ailə tərkibinə uyğun olaraq aparılır. Halbuki, iddiaçı tək yaşayır və “ailə tərkibi haqqında” 29 sentyabr 2023-cü il tarixdə 22 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş arayış və 29 sentyabr 2029-cu il tarixdə qonşular tərəfindən tərtib olunmuş aktda da iddiaçının tək yaşamağı öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən xidmətlərə görə hesablanmış borc əsassızdır. Hesablanmış borc məbləği ilə razı deyil və məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1-ə xidmətlərdən istifadəyə görə əsassız olaraq hesablanmış 751,76 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Cavabdeh ASC-nin ətraflı abonent kartından görünür ki, İddiaçı istifadə etdiyi xidmətlərə görə Cavabdeh ASC-yə 751,76 manat məbləğində borcu vardır.

7. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 1700 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 2 ünvanda tək yaşayır.

8. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə qonşular (X3, X5 və X4) tərəfindən tərtib edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 5-in sakinləri aktı tərtib edirlər ondan ötrü ki, həqiqətən qonşuları otaq 75-in sakini İddiaçı 2010-cu ildən tək yaşayır. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 5, otaq 73 ünvanında yaşayır. Cavabdeh ASC tərəfindən həmin ünvana su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. İddiaçıya məxsus ünvan üzrə 1 nəfərə görə deyil, 3 nəfər ailə tərkibi nəzərə alınmaqla borc hesablanmış, bu səbəbdən də istifadə edilən xidmətlərə görə artıq sərfiyyat qeydə alınmışdır. Hazırda iddiaçı əsassız hesablanmış borcun silinməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

12. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Bundan əlavə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.

15. Həmin Qərarın 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.

16. Həmin Qərarın 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

17. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. İş materiallarından göründüyü kimi 2016-2023-cü illər ərzində abonentin ünvanına 751,76 manat borc hesablanmışdır. Həmin borc 3 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablanmışdır.

20. Halbuki, İddiaçı– 1 nəfər olmaqla 2010-cu tarixdən Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 5, otaq 73 ünvanında yaşayır.

21. Belə olan halda, məhkəmə hesab edir ki, 751,56 manat borc 1 nəfər ailə tərkibi nəzərə alınmaqla, 501,18 manat (751,56/3= 250,58, 751,56-250,58=501,18) məbləğində müəyyən edilməklə, abonent hesabından silinməlidir.

22. Məhkəmə belə nəticə gəlir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 5, otaq 73 ünvanına hesablanmış borcun 501,18 manat hissəsi 3 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablandığından borc abonent hesabından silinməlidir.

23. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

24. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).

25. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 4 ünvanına hesablanmış 501,18 (beş yüz bir manat, on səkkiz qəpik) manat borc abonent hesabından (abonent kodu **********750) silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

26. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 4 ünvanına hesablanmış 501,18 (beş yüz bir manat, on səkkiz qəpik) manat borc abonent hesabından (abonent kodu **********750) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar