Məhkəmə qərarları › İş №2(060)-6728/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6728/2021

22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6728/2021 22.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X6 İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “miras əmlakın qəbul müddətinin bərpası və uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2014-cü ildə vəfat etmiş həyat yoldaşı X2 məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kimyaçı” BY 841 ünvanında 0,06 ha torpaq sahəsinə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzürlü hesab edərək müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək göstərdi ki, X4 iddiaçının həyat yoldaşıdır. Bunu 09 sentyabr 966-cı ildə verilmiş, İ-HE № 525285 saylı “Nikah haqqında şəhadətnamə” təsdiq edir, iddiaçının həyat yoldaşı 10 fevral 2014-cü ildə “Baş-beyin ödemi” xəstəliyindən dünyasını dəyişmişdir. Bunu 19.02.2014-cü ildə Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 669964 №-li “Ölüm haqqında şəhadətnamə” təsdiq edir. İddiaçının mərhum həyat yoldaşının vəfatı tarixində mülkiyyətində Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kimyaçı” BY 841 ünvanında 0,06 ha torpaq sahəsi vardır. Bu barədə mərhumun adına 08.07.2016-cı ildə RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Həmin torpaq sahəsini iddiaçı mərhum həyat yoldaşının vəfatından sonra iddiaçı onun qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Lakin iddiaçı hüquqi savadsızlıq səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişdir. Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisindən mirasın qəbulu müddətini buraxdığı üçün iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur Bir daha bildirir ki, iddiaçı mərhum həyat yoldaşına məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kimyaçı” BY 841 ünvanında 0,06 ha torpaq sahəsini faktiki qəbul edib, onu idarə edir. Göstərilənləri nəzərə alaraq, 10 fevral 2014-cü ildə vəfat etmiş iddiaçının həyat yoldaşı X2 məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kimyaçı” BY 841 ünvanında 0,06 ha torpaq sahəsinə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzürlü hesab edərək müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisi müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktub ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X13 bildirdi ki, o, ərizəçi ilə bağ qonşusudur. ərizəçinin qardaşı ilə birlikdə bağlarına gedib-gəliblər. Arada ərizəçi gəlib bağda olan ağaclara su verdiyini görmüşdür. Sözügedən bağ sahəsində daimi yaşayış olmayıb. Bağ hazırda da ərizəçinin istifadəsində olduğundan məlumatlıdır. Məhkəmə İddiaçı nümayəndəsi X7 və şahid X8 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında AZ-İ № 669964 saylı, 19.02.2014-cü il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 10 fevral 2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kimyaçı” BY 841 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X1 adına ********** nömrə ilə 08.07.2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı 17.07.2021-ci il tarixli məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Q-İE № 525285 saylı, 09.09.1966-cı il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 ilə Kərimova Yasəmən Məhəmməd qızı arasında olan nikah Azərbaycan SSR, Dəvəçi rayonu, Düzbeyçi kənd sovetliyində 09 sentyabr 1966-cı il tarixdə bağlanmış və 8 nömrə qeyd olunmaqla sonuncuya «Mehdiyeva» soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35, mənzil 33-də qeydiyyatdadır. “İnsan Hüquqlarının və X11 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X11 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məçəllənin 1248.1-çi maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, X1 10 fevral 2014-cü ildə vəfat etməsi ilə ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kimyaçı” BY 841 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə miras açılmışdır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə iddiaçının mirasın qəbul edilməsi ücün müəyyənləşdirilmiş müddətin geçikmə səbəbini üzrlü sayır və buna görə də hesab edir ki, bu müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə, hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı 10 fevral 2014-cü ildə vəfat etmiş mərhum əri X2 məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kimyaçı” BY 841 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair miras əmlakın qəbul müddətinin buraxılması müddəti bərpa edilməli və bu müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı 10 fevral 2014-cü ildə vəfat etmiş mərhum əri X2 məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kimyaçı” BY 841 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair miras əmlakın qəbul müddətinin buraxılması müddəti bərpa edilsin və bu müddət uzadılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar