Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6779/2021 09.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 4 saylı məhəllədə yerləşən fərdi yaşayış evi onun istifadəsindədir. Uzun illərdir ki, o, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Həmin evə dair elektrik sayğacına aid **********06478 nömrəli abonent kodu da onun adına qeydə alınmışdır. Evə sərf etdikləri istər qaz, istərsə də enerji, istərsə də su ilə bağlı ödənişlərini vaxtı-vaxtında etmişdir. Lakin yaşadığı ünvana dair elektrik sayğacına görə NDM 023563 nömrəli, 21.07.2021-ci il tarixli tərtib olunmuş akt əsasında 964,96 AZN məbləğində borc yaranmışdır. Onun yaşadığı həyətdə qardaşı da ayrı yaşayır və qardaşı özü üçün elektrik sayğacının quraşdırılması məqsədilə Sumqayıt şəhər üzrə cavabdeh təşkilatın şöbəsinə getməsinə baxmayaraq, həmin fərdi yaşayış evinin giriş-çıxış qapısının bir ədəd olmasını bəhanə gətirilərək imtina edilmişdir. Halbuki həmin həyətdə qardaşına məxsus ayrı ev var və həmin evə dair qardaşının adına digər kommunal xidmətlərlə bağlı abunə kodları açılmışdır. Bu səbəbdən də məcbur qalaraq öz elektrik naqillərindən qardaşına məxsus evə işıq çəkmişdir. Bir neçə müddət sonra cavabdeh təşkilatın əməkdaşları evə gələrək elektrik xətlərinə müdaxilə etməyi ilə bağlı ona akt tərtib edərək 964,96 AZN məbləğində borc hesablamışlar. Onlar evdə yaşayış olduğunu və daima işığa ehtiyac olduğunu bildikləri halda evə sayğac qoymaqdan qərəzli şəkildə imtina etmişlər. Bu səbəbdən də tərtib edilmiş akt əsasında hesablanmış borcun əsassız olduğunu zənn etdiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh Sumqayıt şəhəri, 76cı məhəllə üzrə 4 saylı məhəllədə yerləşən fərdi yaşayış evinə dair elektrik sayğacına görə NDM 023563 nömrəli, 21.07.2021-ci il tarixli tərtib olunmuş akt əsasında yazılmış 964,96 AZN məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 14.07.2021-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 4 saylı məhəllədə yerləşən fərdi yaşayış evinin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğac sxemindən kənar xətdən istifadə olunması, belə ki, 04 dayaqdan sayğaca giriş faza xəttinin izolyasiyasını qoşularaq hasarın içərisinə salınması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdi olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 08.02.2021-ci il tarixli, NDM 023563 saylı akt əsasında 841,5 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş 14.07.2021-ci il tarixli, NDM 023563 saylı akta əsasən hesablanmış 964,96 manat borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında ayda təxminən 70-80 manat ödəniş etdiyini, akt tərtib edildiyi zaman onun iştirakının olmadığını, sayğacın quraşdırılması üçün dəfələrlə cavabdeh təşkilata müraciət etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, izahatında abonentin kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyini bildirərək, məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan NDM № 023563 saylı, 14.07.2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 4 saylı məhəllədə yerləşən, **********06478 saylı kodu olan abonentə məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilərkən sayğacın sxemindən kənar xəttən istifadə olunduğunu, belə ki, 04 dayaqdan sayğaca giriş faza xəttinin izolyasiyasının zədələnərək qoşulması, hasarın içərisinə salınması halı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 4 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 4 saylı məhəllədə yerləşən fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. (MM-560.1) Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı təqdim və tədqiq edilmiş sənədlərlə müəyyən olundu ki, Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 4 saylı məhəllədə yerləşən fərdi yaşayış evində yaşayan cavabdeh İddiaçı yaşadığı ünvana işıq sayğacından bilərəkdən kənar xətt çəkərək, aylıq ödəniş etməkdən yayınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli ünvana dair hesablanmış borcun silinməsini tələb edərkən, sayğac işlək vəziyyətdə olmuş, lakin iddiaçı sayğacdan kənar qeyri-qanuni xətt çəkərək işıqdan qansuz istifadə etməklə cavabdeh təşkilata ziyan vurmuş, həmin ziyanın aradan qaldırılması üçün cavabdeh təşkilat tərəfindən hesablanmış 964,96 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Lakin İddiaçı yaşadığı 76-cı məhəllə üzrə 4 saylı məhəllədə yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni xətt olmadığını iddia etsə də, bunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən sübut edə bilməmiş, həmçinin öz iddiasının əsasını təşkil edən dəlilləri məhkəməyə təqdim edə bilməmiş, əksinə məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən təqdim edilmiş sübutlarla iddiaçı yaşadığı ünvanda sayğacdan kənar qeyri-qanuni xəttin olduğunu etiraf etmiş və nəticədə cavabdeh təşkilata ziyan vurması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6779/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6779/2021
09.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver