Məhkəmə qərarları › İş №2(060)-6791/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6791/2021

16.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6791/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 16 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.06.2021-ci il tarixli tərtib olunmuş ******* saylı akta əsasən abonentin saldosunda qeyd edilən 135 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu MH Seriyalı ******* saylı Çıxarış təsdiq edir. “'Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilinə xidmət edən mexaniki tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni mexaniki tipli qaz sayğacı quraşdırmışlar. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 08.05.2021-ci il tarixli, ******* №-li Akt tərtib olunmuşdur. Mənzilindən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X2 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və 29.06.2021-ci il tarixli, MSK-29/1710-02437-1 saylı akta əsasən müəyyən edilmişdir ki, "Sayğacın membranını hərəkətə gətirən qolları kənar təsir nəticəsində kəsici alətlə kəsildiyindən” sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”.“Təbii qazdan istifadə qaydaların pozulması haqqında” 29.06.2021-ci ildə, ******* N-li Akt tərtib edilmişdir. Sözügedən akta əsasən sayğacın dəyərinə görə 64,67 manat borc hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. Qeyd edir ki, qaz sayğacı mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o günahkar deyil. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Hesab edir ki, cavabdeh tərəfindən abonentin saldosunda qeyd edilən 135 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manatın silinməsi barədə qətnamə qət edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan ünvan 1 ünvanına baxış keçirilmişdir. Vizual baxış zamanı Sayğacın membranını hərəkətə gətirən qolların kənar təsir nəticəsində kəsici alətlə kəsildiyi müəyyən edilmişdir. Buna görə də «Azəriqaz» İB tərəfindən 29.06.2021-ci il tarixli akt tərtib edilmişdir. Həçminin sayğaca olan müdaxilə nəticəsində 135 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi onu da qeyd etdi ki, sözügedən mənzilə quraşdırılmış qaz sayğacı Dövlət yoxlanılmasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın qiyməti 64,67 manatdır. Hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan ******* nömrəli, MH seriyalı çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan «Azəriqaz» İB-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” məktubuna əsasən, İddiaçı istifadəsində olan ünvan 2 ünvanından çıxarılmış G- 2,5 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın membranını hərəkətə gətirən qolları kənar təsir nəticəsində kəsici alətlə kəsildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 64,67 manatın ödənilməsi abonentdən tələb edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair 29.06.2021-ci il tarixli tələbnamədən görünür ki, ünvan 2 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 1350 m3 (135 manat) müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 29.06.2021-ci il tarixli, ******* nömrəli akta əsasən, ünvan 2 ünvanında İddiaçı adına açılmış G-2,5 markalı ******* nömrəli sayğacın membranını hərəkətə gətirən qolların kənar təsir nəticəsində kəsici alətlə kəsildiyi aşkar edilmişdir. İşdə olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08.05.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 3 ünvanında İddiaçı adına açılmış G-2,5 markalı ******* nömrəli sayğac Zenner tipli G-4 markalı, **********8 nömrəli sayğac ilə əvəzlənmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 17.06.2021-ci il tarixli, MSK-29/1710-02437-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x02437 saylı, 07.06.2021-ci il tarixli məktubuna əsasən 07.06.2021-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında İddiaçı adına 08.05.2021-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 135 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mkr, ev 32, 42 saylı mənzilin qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, 12-ci mkr, ev 32, 42 saylı mənzilə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından ona əsassız olaraq hesablanmış 135 manat məbləğində cərimə borcu və 64,67 manat məbləğində sayğacın dəyəri olan borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, 12-ci mikrorayon, 32 saylı 42 saylı mənzilinə (abonent kodu: **********00420) əsassız olaraq hesablanmış 135 (bir yüz otuz beş) manat məbləğində cərimə borcu və 64,67 (altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində sayğacın dəyəri olan borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar