Məhkəmə qərarları › İş №2(060)-6800/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6800/2022

06.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6800/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı (üçüncü şəxs – 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəində Notariat Ofisi) miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 0,08 ha, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixində 0,08 ha həyətyanı torpaq sahələrinə, habelə ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə 0,12 ha həyətyanı torpaq sahəsinə dair miras əmlakının bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). Ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir (149.2.3.). İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.1.). Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi iddia ərizəsində iddiaçının cavabdehə və ya cavabdehlərə qarşı olan tələbi konkret olaraq göstərilməlidir. Tələb qeyri-müəyyən deyil, qəti şəkildə ifadə edilməli və iddia ərizəsinin məzmununda göstərilən fakt və hallarla əsaslandırılmalıdır. İddiaçı hazırkı iddiada Ağstafa rayonunda yerləşən torpaq sahələrinin miras əmlak kimi bölünməsini xahiş etmişdir. Lakin, həmin torpaq sahələrinin kimlər arasında bölünməsi, hansı şəkildə bölgü aparılması (payların müəyyən edilməsi, naturada bölgü və sair), əgər miras əmlak üzərində payların müəyyən edilməsi tələb olunursa bölgünün hansı nisbətdə aparılması iddia ərizəsinin nəticə hissəsində öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçı öz tələbini qəti şəkildə ifadə etməmiş, qeyri-müəyyən bir tələb irəli sürmüşdür. Bununla da iddiaçı iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş forma və məzmununa riayət etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin iddiaçıya ünvanlanmış məktubunda mirasın qəbul edilməsi müddətinin ötürülməsi səbəbindən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İddiaçı isə mirasın qəbul edilməsi müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmədən, birbaşa mirasın bölüşdürülməsi tələbini irəli sürmüşdür. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı iddia ərizəsinin verilməsi üçün ********* saylı qəbzə əsasən ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar