Məhkəmə qərarları › İş №2(060)-689/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-689/2022

19.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-689/2022 19.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı «akta əsasən yazılmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı «akta əsasən yazılmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İB-nin tərəfindən 20.11.2020-ci il tarixli tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı akta əsasən yazılmış 216 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 185 manat 73 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi ünvanında yerləşən, ev 1a, mənzil 32-nin mülkiyyətçisi özüdür. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilinə xidmət edən smartkart tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni mexaniki tipli qaz sayğacı quraşdırmışlar. Bu barədə “Qaz sayğacın çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” 02.06.2020-ci il tarixli, ******* №-li Akt tərtib olunmuşdur. Mənzilimnən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X1 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və 18.11.2020 ci il tarixli, MSK-29/1710-02955-1 saylı akta əsasən müəyyən edilmişdir ki, sayğacın element yuvasının qapağı alt hissədən sınıqdı. Nəticədə sayğacda Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” 20.11.2020-ci il tarixli 02.80529 №-li Akt tərtib edilmişdir. Sözüqedən akta əsasən sayğacın dəyərinə görə 185,73 manat bor hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməyib və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməyib və aktları imzalamayıb. Qeyd edir ki, qaz sayğacı mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o günahkar deyil. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Hesab edir ki, cavabdeh tərəfindən abonentin saldosunda qeyd edilən 216 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 185,73 manatın silinməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh «Azəriqaz» İB-i məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 02.12.2021-ci il tarixli 863 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatdadır. «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 18.11.2020-ci il tarixli aktdan, qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02955-1 saylı aktdan, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20.11.2021-ci il tarixli ******* saylı aktdan və digər sənədlərdən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvanda sərf edilən qaz həcminin hesablanması üçün quraşdırılmış smartkart tipli sayğaca ümumi baxış keçirilmişdir. Baxış zamanı sayğacın bütövlükdə yanması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü hesablama mexanizmi ana plata LCD ekran və element yuvasının gövdənin üzərində aşkar olunmadığı qeyd edilmişdir. Bu səbəbdən, sayğac laboratoriyada yoxlanılaraq, yenisi ilə əvəz edilməsi qərara alınmış, həmin smartkart tipli sayğac yeni mexaniki sayğacla əvəz edilmişdir. Bundan başqa, aktlarla itirilmiş qaz sərfiyyatına görə hesablama aparılmış, istehlakçıdan 216 manat cərimə və sayğacın dəyərinə görə hesablanmış 185 manat 73 qəpik borcun tutulması tələbi irəli sürülmüşdür. Yuxarıda qeyd olunan birinci akt tərtib olunarkən şahidlərin və istehlakçının özünün iştirakı təmin edilməmiş, akt şahidlər və iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçı yuxarıda qeyd olunan aktların məzmununda qeyd edilən sayğacın yanması və s. qeyd edilənləri mübahisələndirməyib, sayğacın yanmasının onun təqsirli hərəkəti nəticəsində baş vermədiyini, sayğacın fərdi yaşayış evindən kənarda, onun məsuliyyətindən kənarda yerləşdiyini bildirir və hesab edir ki, itirilmiş qaz sərfinə görə cərimə, həmçinin qaz sayğacının dəyişdirilməsi ilə bağrı xərc ondan tutulmamalıdır. Məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edir və vurğulayır ki, qaz sayğacına müdaxilənin, yaxud qaz sayğacının zədələnməsinin iddiaçının təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsinə dair sübutlar mövcud olmadığından, itirilmiş qaz sərfiyyatına görə hesablanmış cərimə, həmçinin yeni sayğacın quraşdırılması ilə bağlı xərc (vəsait) İddiaçı tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20.11.2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı abonent saldosunda göstərilən 216 manat cərimə və sayğacın dəyərinə görə hesablanmış 185 manat 73 qəpik borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20.11.2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı abonent saldosunda göstərilən 216 manat cərimə və sayğacın dəyərinə görə hesablanmış 185 manat 73 qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar