Məhkəmə qərarları › İş №2(060)-691/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-691/2022

27.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-691/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı « akta əsasən hesablanmış borcun silinməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.10.2021-ci il tarixli ******* №-li akta əsasən abonent saldosunda qeyd edilən 144 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mkikrorayon ünvanında yerləşən, ev 28, mənzil 16 mülkiyyət hüququ əsasında ona məxsusdur. Bunu onun adına verilmiş 29.09.2012-ci ildə verilmiş RX Seriyalı ******* saylı çıxarış təsdiq edir. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda mənzilin keçmiş mülkiyyətçisi X1 adı qeyd edilmişdir. Bir daha bildirir ki. Mənzilin hal-hazırda mülkiyyətçisi özüdür. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsəinin əməkdaşları tərəfindən mənzilinə xidmət edən smartkart tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni mexaniki tipli qaz sayğacı quraşdırmışlar. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında»31.08.2021-ci il tarixli ******* №-li akt tərtib edilmişdir. Mənzilindən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X3 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və 28.10.2021-ci il tarixli, MSK-29/1710-03784-1 saylı akta əsasən güya müəyyən edilmişdir ki, “Sayğacın yivli birləşmələri deformasiyaya və koroziyaya uğrayıb. Sayğacın hesablanma mexanizmi keçən qazın həcmini qeyd etmədiyindən” sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.10.2021ci il tarixli ******* №-li akt tərtib edilmişdir. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməyib və tələb olunan məbləği əsassız hesab edir. Qeyd edir ki, qaz sayğacı mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o günahkar deyil. Bu səbəbdən də tələb olunan 144 manat məbləği əsassız hesab edir. Hesab edir ki, cavbdeh tərəfindən abonent saldosunda qeyd edilən 144 manat borcun silinməsi barədə qətnamə qət edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh «Azəriqaz» İB-i məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin tərəfindən verilmiş 29.09.2021-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 28, mənzil 16 xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 29 oktyabr 2021-ci il tarixli ******* saylı aktdan, eyni tarixli, «Dəymiş ziyanın bərpasına dair tələbnamə»dən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvanda sərf edilən təbii qaz həcminin hesablanması üçün quraşdırılmış sayğaca (25.10.2021-ci il tarixdə D/Y-na gətirilmiş, Metrologiya Departamenti sayğacların müayinəsi laboratoriyasının rəyinə görə) baxış keçirilmişdir. Baxış zamanı “Sayğacın yivli birləşmələri deformasiyaya və koroziyaya uğrayıb. Sayğacın hesablanma mexanizmi keçən qazın həcmini qeyd etmədiyindən” sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu səbəbdən, dəymiş ziyanın hesablanması barədə göstəriş verilmişdir. Dəymiş ziyanın həcmi hesablanarkən qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır (4 x 12 x 30 = 1440 m3). İtirilmiş qaz sərfiyyatına görə istehlakçıdan 144 manat borcun tutulması tələbi irəli sürülmüşdür. Akt tərtib olunarkən şahidlərin və istehlakçının özünün iştirakı təmin edilməmiş, akt şahidlər və iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçı yuxarıda qeyd olunan aktın məzmununda qeyd edilən sayğaca müdaxilə faktını mübahisələndirməyib, müdaxilənin, yaxud zədələnmənin onun təqsirli hərəkəti nəticəsində baş vermədiyini bildirir və hesab edir ki, itirilmiş qaz sərfinə görə cərimə ondan tutulmamalıdır. İddiaçı yuxarıda qeyd olunan aktların məzmununda qeyd edilən sayğacın yanması və s. qeyd edilənləri mübahisələndirməyib, sayğacın yanmasının onun təqsirli hərəkəti nəticəsində baş vermədiyini, sayğacın fərdi yaşayış evindən kənarda, onun məsuliyyətindən kənarda yerləşdiyini bildirir və hesab edir ki, itirilmiş qaz sərfinə görə cərimə, həmçinin qaz sayğacının dəyişdirilməsi ilə bağrı xərc ondan tutulmamalıdır. Məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edir və vurğulayır ki, qaz sayğacına müdaxilənin, yaxud qaz sayğacının zədələnməsinin iddiaçının təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsinə dair sübutlar mövcud olmadığından, itirilmiş qaz sərfiyyatına görə hesablanmış borc İddiaçı tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 29 oktyabr 2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı abonent saldosunda göstərilən 144 manat cərimə (borc) silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 29 oktyabr 2021-ci il tarixli ******* saylı akta əsasən İddiaçı abonent saldosunda göstərilən 144 manat cərimə (borc) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar