Məhkəmə qərarları › İş №2(060)-692/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-692/2023

14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-692/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası Bünyatov Bünyat Şıxnəcəf oğlunun 1929cu ildə Sumqayıt rayonunun Corat kəndində və bibisi Bünyatova (Qarayeva) Səyyarə Şıxnəcəf qızının 1924-cü ildə Sumqayıt rayonunun Corat kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, hər birinin doğum haqqında akt qeydiyyatının ata qrafasında “Şıxnəcəf Bünyatov”, ana qarafasında isə “Ərizəçi” kimi göstərilməsi və atası Bünyatov Bünyat Şıxnəcəf oğlu ilə bibisi Bünyatova (Qarayeva) Səyyarə Şıxnəcəf qızının bacı-qardaş olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1994-cü ildən bibisi X2 adına qeydə alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 287-də ailə üzvüləri ilə birgə yaşayır. Atası - Bünyatov Bünyat Şıxnəcəf oğlu 1929-cu ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olmuş, (doğum tarixi-nikah haqqında şəhadətnamədə qeyd olunmuşdur) və xx.xx.1976-cı ildə Sumqayıt şəhərində vəfat etmişdir. Bibisi - X4 isə 1924-cü ildə Sumqayıt rayonunun Corat kəndində anadan olmuş, övladı olmamış, həyat yoldaşı X3 xx.xx.1974-cü ildə, özü isə 1994-cü ildə vəfat etmişlər. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1994-cü il tarixli, 3104 saylı arayışında onun tərəfindən mərhum bibisinin dəfn olunduğu və xx.xx.1996-cı il tarixli arayışda isə bibisi vəfat edənə qədər ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 287-də onun yaşadığı qeyd olunmuşdur. Həmçinin Corat bələdiyyəsinin 53 saylı xx.xx.2022-ci il tarixli arayışında həmin evdə yaşayan onun 1996-cı ildən hazıradək həmin evin əmlak və torpaq vergisinin ödəyicisi olmağı qeyd olunmuşdur. Mənzilin kommunal ödənişləri də hazırki günədək onun tərəfindən ödənilir. Atasının və bibisinin doğum haqqında şəhadətnamələri olmadığından Maraqlı şəxsnə müraciət etmiş və cavab olaraq həmin qurumun xx.xx.2022-ci il tarixli arayışlarında atası və bibisi barəsində arxiv məlumatlarına əsasən doğum haqqında akt qeydinin aşkar olunmadığı qeyd olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi və nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, eyni məzmunlu izahat verdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X6 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin mərhum bibisi övladı olmadığı üçün ərizəçini saxlayaraq böyütmüşdür. Bibisinin Xudaverdi və Ağaverdi adlı qardaşları da olmuşdur. Anası ona ərizəçinin mərhum bibisinin 1920-ci ildə anadan olması barədə eşitdiyini demişdir. Fatmanın anası mərhum bacısının evinə gəlib-gedirdi. Onun anası 1993-cü ildə, ərizəçinin bibisi isə 1994-cü ildə vəfat etmişdir. Məhkəmədə şahid X1 ifadə verərək bildirdi ki, , ərizəçinin qonşusudur. Mərhum Səyyarə ərizəçinin bibisi olmuşdur. Doğum tarixini bilməsə də 60-cı illərdə vəfat etdiyini bilir. Fatmanı da bibisi Səyyarə saxlayıb böyütmüşdür. Eyni zamanda bildirdi ki, ərizəçinin atasını tanımır. Məhkəmə, ərizəçinin və nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Nikah haqqında şəhadətnamədən görünür ki, 1929-cu il təvəllüdlü Bünyatov Bünyat Şıxnəcəf oğlu Sumqayıt rayonunun Corat kəndində anadan olmuşdur. - Ölüm haqqında şəhadətnamədən görünür ki, Bünyatov Bünyat Şıxnəcəf oğlu xx.xx.1976-cı ildə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1994-cü ildə vəfat etmişdir. - Maraqlı şəxs verdiyi arayışlardandan görünür ki, Bünyatov Bünyat Şıxnəcəf oğlu və X4 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Maraqlı şəxs xx.xx.1943-xx.xx.1950-ci illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hər iki şəxsin sorğuda qeyd edilən illərə dair doğum haqqında şəhadətnamələrinin Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyi bildirilmişdir. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin nümayəndəsinə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi nümayəndəsinin xx.xx.1994-cü il tarixli, 3105 saylı arayışından görünür ki, X2 və Bünyatov Bünyat Şıxnəcəf oğlunun bacı-qardaş olduqları qeyd olunmuşdur. - Doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi atası Bünyatov Bünyat Şıxnəcəf oğludur və o xx.xx.1960-cı ildə doğulmuşdur. - Sumqayıt şəhəri Corat Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 14 №-li arayışından görünür ki, xx.xx.1929-cu il təvəllüdlü Bünyatov Bünyat Şıxnəcəf oğlu xx.xx.1976-cı ildə vəfat etmiş və həmin tarixdə Corat qəbirstanlığında dəfn olunmuşdur. - Sumqayıt şəhəri Corat Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 15 №-li arayışından görünür ki, X4 xx.xx.1994-cü ildə vəfat etmiş və həmin tarixdə Corat qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası Bünyatov Bünyat Şıxnəcəf oğlu XX.XX.1929-cu il tarixdə Sumqayıt rayonunun Corat kəndində anadan olmuşdur. Ərizəçinin atası Bünyatov Bünyat Şıxnəcəf oğlu və bibisi X4 qardaş-bacıdırlar. Bu faktlar iş materiallarında olan ərizəçinin izahatı və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndindən görünür ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndindən görünür ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.2-ci bəndində qeyd olunmuşdur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Bünyatov Bünyat Şıxnəcəf oğlunun XX.XX.1929-cu ildə Sumqayıt rayonunun Corat kəndində doğulması və xx.xx.1976-cı il tarixdə vəfat etmiş Bünyatov Bünyat Şıxnəcəf oğlunun xx.xx.1994-cü il tarixdə vəfat etmiş X7 ilə bacı-qardaş olması faktı müəyyən edilməlidir. Eyni zamanda ərizəçinin atası Bünyatov Bünyat Şıxnəcəf oğlunun doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi XX.XX.1929-cu il, doğulduğu yer Sumqayıt rayonu, Corat kəndi, atasının adı qrafasında Şıxnəcəf Bünyatov qeyd olunmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Bünyatov Bünyat Şıxnəcəf oğlunun XX.XX.1929-cu il tarixdə Sumqayıt rayonunun Corat kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən Bünyatov Bünyat Şıxnəcəf oğlunun doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Bünyatov Bünyat Şıxnəcəf oğlunun soyadı, adı və atasının adı “Bünyatov Bünyat Şıxnəcəf oğlu”, doğum tarixi “XX.XX.1929-cu il”, doğulduğu yer “Sumqayıt rayonu, Corat kəndi”, atasının adı qrafasında “Şıxnəcəf Bünyatov” kimi qeyd olunsun. xx.xx.1976-cı il tarixdə vəfat etmiş Bünyatov Bünyat Şıxnəcəf oğlunun xx.xx.1994-cü il tarixdə vəfat etmiş X7 ilə bacı-qardaş olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar