Məhkəmə qərarları › İş №2(060)-693/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-693/2023

17.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-693/2023 17.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1940-cı il tarixdə Füzuli rayonunda anadan olmuşdur. Füzuli rayonundan məcburi köçkün düşdükdən sonra ailəsi ilə birlikdə ünvan 1-da məskunlaşmışdır. ünvan 1-da yerləşən mənzilinə xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən ÜG 6807 Vk tipli işıq sayğacı quraşdırılmışdır. xx.xx.2016-cı il tarixdə M550.2251 tipli işıq sayğac daha sonra xx.xx.2020-ci il tarixdə G 6807 Vk tipli işıq sayğacı dəyişdirilərək PAUD-MP 106 tipli işıq sayğacı ilə əvəz edilmişdir. Məcburi köçkün olduqları üçün əvvəlki illərdə kommunal xidmətlər onlar üçün tam pulsuz olmuş, daha sonra isə məcburi köçkünlər üçün limit müəyyən edilmiş və bu limit keçirildikdə borc məbləği hesablanmağa başlamışdır. Həmin gündən hazırki vaxtadək onun tərəfindən aylıq limit keçirilməmişdir. Bunu ərizəyə əlavə etdiyi saldodan da görmək mümkündür. Lakin, xx.xx.2016-cı il tarixə qədər silinməmiş 486.28 manat borc əsassız olaraq onun üzərində qalmışdır. Borcun necə hesablandığı və əmələ gəldiyi ona məlum deyildir. Ona görə də hazırda cavabdeh tərəfindən hesablanmış 486.28 manat məbləğində borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən məhkəmədən "xxxx" ASC tərəfindən onun sayğac üzrə xx.xx.2016cı il tarixə qədər silinməmiş 486.28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. O qeyd olunan ünvanda məcburi köçkün kimi məskunlaşmışdır. Tələb olunan məbləğ dondurulmuş borcdur. Yaşadığı ünvana 2009-cu ildə saygac quraşdırılmışdır. Saygac üzrə borcu yoxdur.Saygacı oğlunun adına keçirmək istəyəndə bildirmişdirlər ki, borc var. Lakin indiyə qədər həmin məbləğ tələb edilməmişdir. Qarşılaşdığı hala görə də məhkəməyə müraciət etmişdir. İddia tələbini əsaslı hesab edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, 486.28 manat dondurulmuş borcdur. İddiaçının silinməsini tələb etdiyi 486.28 manat dondurulmuş qaçqın borcudur. Həmin məbləğ dondurulmuş qaçqın borcu olduğundan tələb olunmur. Yalnız mənzilin alqı-satqısı və abunə kodunu addan ada keçirilməsi zamanı “ASAN xidmət” tərəfindən tələb olunur. Saygac üzrə isə iddiaçının borcu yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AR Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektoru tərəfindən verilmiş 01.2012 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Füzuli rayonunda məcburi köçkün hüququna malikdir. AR Sumqayıt şəhər X2 Komitəsinin 810 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri Xəzri Mk-nin ərazisində yaşayır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmişdir. Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin 10 fevral 2023-cü il tarixli, 50-01/049 nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2016-cı ildə aparılmış Məcburi Köçkün borcunun dondurulması zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 486,28 manat borc dondurulmuşdur. Hal-hazırda Azərişıq ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətinə aid deyildir. Abonentin xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixinədək enerjitəchizatı təşkilata sayğac borcu yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 486.28 manat məbləğində debitor borcu qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ödənilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndində göstərilmişdir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatlan və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişəttullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan debitor borcu hazırki vaxtadək tələb olunmamış, buna baxmayaraq cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı döndurulmuş borcu silinməmişdir. Borc sayğac əsasında yaranmış borc olmamışdır.Bu səbəbdən iddia təmin edilməli, iddiaçının abonent hesabında olan elektrik enerjisindən istifadəyə görə 486.28 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 486.28 (dörd yüz səksən altı manat iyirmi səkkiz qəpik) manat məbləğində borc **********03906 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar