Məhkəmə qərarları › İş №2(060)-6949/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6949/2025

28.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6949/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: istehlakçıların hüquqlarının müdafiəsi, borcun silinməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona qanunsuz olaraq hesablanmış 247 manat 04 qəpik ( iki yüz qırx yeddi manat dörd qəpik) qanunsuz və əsassız debitor borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, hal-hazırda, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 A, mənzil 35-də ailə üzvləri ilə birlikdə yaşayır. Evində o, həmişə bütün kommunal xidmətlərə görə haqları, o cümlədən elektrik haqlarına görə məbləğləri vaxtlı-vaxtında ödəmiş və heç bir borcu da yoxdur. Yəni bunlar qanuna əsasən ödənilmişdir. Lakin yuxarıda göstərilən rəsmi müraciətlərinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən naməlum qaydalar əsasında qanunsuz və əsassız olaraq onların ailəsinin heç bir borcu olmasına baxmayaraq göstərilən ünvana 247 manat 04 qəpik (iki yüz qırx yeddi manat dörd qəpik) debitor borc hesablanmışdır. Bunu iddia ərizəsinə əlavə etdiyi sənədlər də təsdiq edir. O, dəfələrlə həmin idarəyə müraciət etmiş və bildirmişdir ki, evdə onların iddia etdiyi dövrdə heç bir borc yaranmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il dekabr tarixli fərmanı ilə bütün 2017-ci il yanvar ayının 1-nə kimi olan elektrik haqlarına görə vətəndaşların borcları dövlət tərəfindən silinmişdir ki, onların köhnə borcları da ola bilməz. Lakin cavabdeh ona bildirmişdir ki, onlar bu borcu poza bilməzlər. Lakin onlar bu suala cavab verə bilməmişlər. Ona gələn ödəniş qəbzlərində illərlə borc sıfır göstərilsə də, abunə haqqında saldo cədvəlində qanunsuz olaraq 247 manat 04 qəpik debitor borc göstərilmişdir. Beləliklə də, cavabdeh tərəfindən qeyri-qanuni olaraq ona debitor borc hesablanmış və elektrik enerjisinin sərfiyyatı üçün 247 manat 04 qəpik debitor borc kimi hesablanaraq qeyd edilmişdir. O, bu qanunsuzluqlar barədə həmin idarəyə müraciət etmişdir. Lakin orada məsləhət görmüşlər ki, bu barədə məhkəməyə müraciət etsin. Çünki onlar bildirmişlər ki, borcu olmasa da köhnədən kompüterdə qalmış borcu bazadan silə bilmir. Bu ancaq məhkəmə qərarı ilə silinə bilər. Bu haqsızlığa son qoyulması məqsədi ilə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Adi riyazi hesablama və təqdim edilmiş mötəbər sübutlardan tam aydın olur ki, onun iddia tələbləri əsaslıdır və tam təmin olunmalıdır.

b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən borcun silinməsini xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, abonent Nardangül Məmmədova onun mərhum anasıdır.

5. Məhkəmə iclasında "xxxx" ASCnin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbinə dair izahat verərək bildirdi ki, hazırkı borc məcburi köçkün borcudur və ödənilməsi tələb edilmir. Qeyd edilənlərin nəzərə alınmasını və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. Abunə haqqında saldodan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev (bina) 0180, mənzil 1802-də quraşdırılmış sayğacda xx.xx.2016-cı il tarixə 247.04 manat borc “qaçqın borcu silinmə” kimi göstərilmişdir.

7. Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A, mənzil 35 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025ci il tarixdə qeydə alınmışdır.

8. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, mərghumə Məmmədova Nardangül Kişi qızı ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixədək müvəqqəti məskunlaşmışdır.

9. AA seriyalı 343735 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür.

10. AA seriyalı 345202 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Məmmədova Nardangül Kişi qızı Cəbrayıl rayonundan məcburi köçkün olmuşdur.

11. AZ-İİ seriyalı, 408798 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Nardangül Kişi qızı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.

b) mülki iş üzrə tətbiq edilən hüquq

12. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı: Bənd 1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60.0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. 1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”: Bənd 1.1. Yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Bənd 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır.

14. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28.2. Təchizatçı ilə elektrik enerjisinin təchizatı müqaviləsi bağlayan istehlakçının elektrik enerjisi ilə təchizatı həmin təchizatçı ilə ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Maddə 29.7. Ötürücü və ya paylayıcı sistem operatoru istehlakçıya verdiyi elektrik enerjisinin miqdarını yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi elektrik enerjisinin dəyərini tam hesablayaraq təchizatçının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi elektrik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq təchizatçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab təchizatçı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının elektrik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra təchizatçı yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. 29.9. Tikinti obyektinin qoşulduğu ötürücü və ya paylayıcı şəbəkədən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 12-ci mkr, ev 8A, mənzil 25 (ünvan 2 İddiaçı mülkiyyətində və istifadəsindədir. Nardangül Məmmədovaya məxsus (iddiaçının anası) **********01802 saylı abonent kodunda məcburi köçkün borcu kimi 247.04 manat manat məbləğində borc xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən dondurulmuşdur. Nardangül Məmmədova xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Halhazırda onun oğlu İddiaçı həmin borcun silinməsini məhkəmədən xahiş edir. İstehlakçı məcburi köçkün statusuna malik şəxs olmaqla, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ona şamil edilir. Belə olan halda mübahisəli borcun silinməməsi istehlakçının hüquqlarının kobud surətdə pozulmasına səbəb olur.

18. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mkr, ev 8A, mənzil 25 (ünvan 2 ünvanında X1yə görə hesablanmış 247.04 manat məbləğində borc silinməlidir.

Nəticə hissəsi:

19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia təmin edilsin. **********01802 saylı abonent kodunda X1yə görə hesablanmış 247.04 manat məbləğində borc "xxxx" ASC tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar