Məhkəmə qərarları › İş №2(060)-6992/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6992/2021

06.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6992/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sümqayı şəhəri 14-cü məhəllə, 116 saylı evin 13 saylı mənzilinə hesablanmış 1886.12 (bir min səkkiz yüz səksən altı manat on iki qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 14-cü məhəllə, 116 saylı evin 13 saylı mənzili AR ƏMDK yanında DƏDRX- nin 09.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə onun mülkiyətindədədir. Həmin evə dair elektrik sayğacına görə **********00830 nömrəli abonent kodu açılmışdır. Evə sərf etdiyi istər qaz, istər enerji, istərsə də su ilə bağlı ödənişlərini vaxtı-vaxtında etmişdir. Lakin yaşadığı ünvana dair elektrik enerjisinə görə 1886.12 manat borc yaranmışdır. Qeyd edir ki, o, həmin mənzili 2019-cu il tarixdə almışdır, həmin tarixdən də yaşamağa başlamışdır. Lakin yığılan borc qaçqın və məcburi köçkünlərə məxsus olan borcdur. Cavabdeh təşkilat tərəfindən verilən abonent saldosunda da bu aydın görünür. Belə ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü bəndinə əsasən, məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Daha sonra “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmana əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilməyə başlamışdır. Cavabdeh təşkilat tərəfindən iddia olunan borc da abonent salsounda göstərildiyi kimi 2016-cı il tarixə aid olunan borcdur. Halbuki həmin borclar 31.12.2016-cı il tarixdə dövlət tərəfindən silinmişdir. Həmin borcun mülkiyyətində olan mənzilin elektrik sayğacının ürərində göstərilməsi onun hüquqlarını pozur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Mübahisələndirilən borc məbləği qaçqın borcu olaraq dondurulmuşdur və cavabdeh tərəfindən tələb olunmur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Abunə haqqında məlumatdan görünür ki, abonent kodu **********00830 olan abunə hesabında qaçqın borcunun silinməsi olaraq 31.12.2016-cı il tarixə 1886,12 manat borc göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 09.07.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə sorğusuna Azərişıq ASC “Şimal” RETSİ tərəfindən verilmiş 04 sentyabr 2021-ci il tarixli cavabdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evi **********00830 saylı kodla 01.10.2002-ci il tarixindən T.Quliyev adına abonent qeydiyyatındadır. Abonentin mənzilinə 03.10.2007-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. Məlumat üçün bildirilir ki, 31.12.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1886,12 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin 31.12.2016-ci il tarixdən 07.08.2021-ci il tarixinədək enerji təchizatçı təşkilata 5,35 manat sayğac borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq hesablanılmış borc silinməlidir. Eləcə də işin hallarından göründüyü kimi mübahisələndirilən borc məbləği qaçqın borcu olmaqla, həmin borc cavabdeh tərəfindən tələb olunmur. Eyni zamanda məhkəmə hesab edir ki, mənzilin əvvəlki mülkiyyətçisinin abonent hesabına hesablanmış borca görə məsuliyyətin yeni mülkiyyətçi olan iddiaçının üzərinə qoyulması və həmin borc məbləğinin iddiaçının abonent hesabına hesablanması əsaslı hesab edilə bilməz. Mənzilin yeni mülkiyyətçisi olan iddiaçı həmin mənzili alarkən borc barədə məlumatı olmadığından mənzili yüklülüklə qəbul etmiş sayıla bilməz. Məhkəmə əvvəlki mülkiyyətçiyə aid borcun həmin mənzilin yeni mülkiyyətçi olan iddiaçıdan tələb edilməsini eyni zamanda mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri 14-cü məhəllə, 116 saylı evin 13 saylı mənzilinə hesablanmış 1886.12 (bir min səkkiz yüz səksən altı manat, on iki qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar