Məhkəmə qərarları › İş №2(060)-6993/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6993/2021

01.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6993/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 48-ci məhəllə ünvanında yerləşən 4 saylı evin, 47-ci mənzilinin keçmiş mülkiyyətçisi mərhum həyat yoldaşı X1r. S. Tanrıverdiyev 27 yanvar 2020-ci ildə vəfat etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda həyat yoldaşının adı qeyd olunmuşdur. Sumqayıt şəhəri, 48-ci məhəllə ünvanında yerləşən ev 4, mənzil 47 halhazırda mülkiyyət hüququ ilə ona məxsusdur. "xxxx" ASC tərəfindən 11.03.2021-ci ildə 211798 №-li akt tərtib olunmuş, aktda guya “elektrik sayğacının sxeminin bərpa olunması, kənar xəttin ləğv olunması” göstərilmişdir. Sayğaca müdaxiləyə görə 535,92 manat cərimə hesablanmışdır. Tərəfindən elektrik sayğacına heç bir müdaxilə olunmamışdır. İstehlakçı kimi elektrik sayğacına heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Akıtın tərtibində iştirak etməmiş və aktı imzalamamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh tərəfindən tərtib olunmuş 11.03.2021-ci ildə 211798 №-li akta əsasən 535,92 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəməyə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 11.03.2021-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, pilləkan meydançasını işıqlandırmaq üçün çəkilmiş elektrik naqilini yararaq kənar xətt qoşmaqla sıvağın altında mənzilə kənar xətt daxil olması, kənar xəttin 2,5 m2 mis məftildən ibarət olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdi olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 11.03.2021-ci il tarixli, 211798 saylı akt əsasında 525,16 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş 11.03.2021-ci il tarixli, 211798 saylı akta əsasən hesablanmış 535,92 manat borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında borcu olmadığını, həmin xəttin yoldaşının əlillik dərəcəsi olduğu üçün "xxxx" ASC-nin əməkdaşları tərəfindən razılıq əsasında çəkildiyini bildirdi. Əlavə olaraq göstərdi ki, akt tərtib edildiyi zaman xəstəxanada olmuş, videoçəkilişdə iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, izahatında abonentin kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyini, bununla bağlı videoçəkiliş olduğunu bildirərək bu barədə diski məhkəməyə təqdim etdi və məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 211798 saylı, 11.03.2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən, **********00267 saylı kodu olan abonentə məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilərkən pilləkan meydançasını işıqlandırmaq üçün çəkilmiş elektrik naqilini yararaq kənar xətt qoşmaqla sıvağın altında mənzilə kənar xətt daxil olması, kənar xəttin 2,5 m2 mis məftildən ibarət olması halı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 4292300№-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* nömrəli protokolun məzmunundan görünür ki, 211798 nömrəli akta əsasən sayğacdan kənar xətt ləğv olunmuşdur. İş materiallarında olan “Şimal” X4 və Satışı İdarəsi tərəfindən verilmiş 17.07.2021-ci il tarixli 01-50-/T-014/171 nömrəli məktubdan görünür ki, enerjitəchizatı təşkilatının əməkdaşları tərəfindən mənzilin sayğacına baxış keçirilərkən elektrik enerjisinin uçotu və “EEİQ”-na riayət olunması halının pozulması faktı aşkar edilmişdir. İtirilmiş enerjinin bərpası məqsədilə 211798 saylı, 11.03.2021-ci il tarixli akta görə 4956 kVts (525.16 manat) sərfiyyat qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. (MM-560.1) Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı təqdim və tədqiq edilmiş sənədlərlə müəyyən olundu ki, ünvan 1 ünvanında yaşayan İddiaçı yaşadığı ünvana işıq sayğacından kənar xətt çəkilmiş, həmin xəttin onun mərhum həyat yoldaşına güzəşt olunaraq icazə verildiyini bildirmişdir. Həmin xəttin mövcudluğu barədə cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən disk təqdim olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli ünvana dair hesablanmış borcun silinməsini tələb edərkən, sayğac işlək vəziyyətdə olmuş, lakin iddiaçı sayğacdan kənar qeyri-qanuni xətt çəkərək işıqdan qanunsuz istifadə etməklə cavabdeh təşkilata ziyan vurmuş, həmin ziyanın aradan qaldırılması üçün cavabdeh təşkilat tərəfindən hesablanmış 535,92 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Lakin İddiaçı yaşadığı ünvan 1 ünvanına sayğacdan kənar qeyri-qanuni xətt olmadığını iddia etsə də, bunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən sübut edə bilməmiş, həmçinin öz iddiasının əsasını təşkil edən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar