Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7009/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş ******* saylı, 31.05.2020-ci il tarixli akt əsasında hesablanmış 135 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri ilə ünvan 1 ünvanında yaşayır. Yaşadığı mənzilin yerləşdiyi binanın çöl hissəsində, gediş-gəliş yolunun üstündə cavabdeh təşkilat tərəfindən qaz sayğacı quraşdırılmışdır. İddiaçı hər ay qaz sərfiyyatı ilə bağlı ödənişləri həyata keçirmişdir. Lakin hazırda ona məlum olmuşdur ki,cavabdeh təşkilatın nümayəndələri tərəfindən guya iddiaçı tərəfdən həmin sayğaca müdaxilə edilməsi, sayğacın plasmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin qırılması barədə ******* saylı 31.05.2020-ci il tarixli akt tərtib etməklə həmin sayğacı yararsız hesab etmiş və onu yenisi ilə əvəz etmişdir. Köhnə sayğaca görə təxmini hesablama aparmaqla ona 1350 kub.m sərfiyyat hesablamaqla 135(yüz otuz beş) manat cərimə hesablamış və bundan başqa yeni quraşdırılmış sayğaca görə ondan 64,67 manat məbləğində pulu ödəməli olduğu barədə məktub göndərmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı bu mənzildə yaşamaqla qazdan istifadə ilə bağlı bütün borcları vaxtında ödəmişdir. Sayğac yaşadığı mənzilin çöl hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olmuşsa, buna görə iddiaçı cavabdehlik daşımır.Belə ki, həmin ərazidən hər gün yüzlərlə insan keçir,kiminsə təqsiri üzündən də bu halın baş verməsi qaçılmazdır, hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq onun vəzifəsi deyildir,əgər sayğac evinin həyətində olsaydı, onda iddiaçı bu cavabdehliyə cəlb edilə bilərdi. Ona görə də cavabdehin bu müdaxilənin iddiaçı tərəfdən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Belə hesab edirəm ki,cavabdehin bu hərəkətləri tam qanunsuzdur, ona görə də cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı 31.05.2020-ci il tarixli akt əsasında əsassız hesablanmış sərfiyyat, onun əsasında hesablanan 135 manat məbləğində cərimə silinməlidir,sayğacın dəyərinin - 64,67 manat məbləğində pulun da iddiaçıdan tutulması barədə tələbi əsassız sayılmalıdır. İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən tərtib edilmiş ******* saylı 31.05.2020-ci il tarixli akt əsasında hesablanmış 135 manat məbləğində cərimənin və sayğacın dəyəri kimi iddiaçıdan tələb olunan 64 manat 67 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunları təsdiq etdi. Hesab edir ki, “Azəriqaz” İB-nin tərtib edilmiş akt qanunverciliyə zidd, hesablanmış borc isə əsassızdır. Mənzilindən çıxarılmış köhnə qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Ona görə də məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir. İddia ərizəsində qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi. Bildirdi ki, iddiaçının Sumqayıt şəhəri, Z.Tağıyev qəs., S.Bəhlulzadə küçəsində yerləşən 5 saylı evin 44 saylı mənzilinə quraşdırılmış mexaniki tipli qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir və bu barədə akt tərtib edilmişdir.Bundan sonra mənzildən çıxarılmış mexaniki tipli qaz sayğacı Dövlət yoxlanmasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacın sayğacın plastmas ekranında kənar təsir izi var, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıdan birinin sınıq olduğu aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Buna görə də, vətəndaşa cərimə hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: - 03.03.2020-ci il tarixli mexaniki qaz sayğaclarına texniki baxış aktından görünür ki, G-2,5 ******* nömrəli qaz sayğacına vizual baxış zamanı nöqsan aşkar olunmadığı qeyd edilmişdir. - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 23.03.2020-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və ististmara qəbulu haqqında aktdan görünür ki, Smart G-2,5 markalı, ******* №li sayğac Z-r tipli G-4 markalı **********2 №li sayğacla əvəz edilmişdir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 31.05.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, G- 2,5 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, “sayğacın plastmas ekranında kənar təsir izi var, plastmas qapaq tərəfimizdən açıldı və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar edildi.” -Abonentin saldosundan görünür ki, abonent kodu **********00440 olan ünvan 2 ünvanına dair akta görə 135 manat borc hesablanmışdır. - “Azəriqaz” İB Sumqayıt QİS-nin rəisi tərəfindən 31.05.2021-ci ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının normal qaz sərfi 2,5 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 1350 m3 müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1-ə məxsus sayğaca baxış keçirilmiş, sayğacın plastmas ekranında kənar təsir izi olduğu, və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar edilmişdir. Ona görə də akt tərtib olunmuşdur. Həmin akt əsasında 135 manat cərimə hesablanmışdır. Eyni zamanda yeni quraşdırılmış qaz sayğacının dəyəri kimi 64,67 manat borc hesablanmışdır. Sayğac iddiaçının həyətində deyil, çöl hissədə yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X3 Reyestrinə daxil edilməsidir. X1 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X3 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X3 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır.Ona görə də məhkəmə, sayğacın plastmas ekranında kənar təsir izi ilə əlaqədar plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olmasına görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Odur ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 500 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus ünvan 1-ə aid **********00440 abonent koduna hesablanmış 135 manat və sayğacın dəyərinə görə hesablanmış 64,67 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, ev 5, mənzil 44-ə aid **********00440 abonent koduna hesablanmış 135 manat borc və sayğacın dəyərinə görə hesablanmış 64,67 manat borc silinsin. İddianın verilməsinə görə 20 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-7009/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7009/2021
05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver