Məhkəmə qərarları › İş №2(060)-707/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-707/2021

26.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-707/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 192944 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 301,57 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edirlər. Tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəyib. Həmin ünvan xx.xx.2000-ci il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən qeydiyyata alınmış, **********01820 saylı abunə hesabı açılmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatın işçiləri tərəfindən ona məxsus olan yuxarıda qeyd etdiyi ünvandakı evində quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman lifti qidalandıran xətdən kənar xətt götürülməklə mənzildə elektrik istifadə olunması bildirilmiş, buna görə 192944 saylı akt tərtib edilərək həmin akta əsasən ona 301,57 manat əlavə sərfiyyat hesablanmışdır. Həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay baxış keçirərək ona bildiriş təqdim edirlər və onun həmin kənar xəttdən xəbəri olmayıb, sayğac pilləkən meydançasında yerləşir, sayğaca enerjitəchizatçı təşkilat nəzarət edir. Odur ki, göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə“xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacının lifti qidalandıran xətdən kənar xətt götürülməklə mənzildə X1 olunması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.32-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, 192944 saylı akt tərtib edilərək 301,57 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, abonentə məxsus sayğaca baxış “xxxx” ASC-nin əməkdaşları tərəfindən keçirilmiş, hal şahidləri işirak etməmişdir. Abonentə məxsus mənzilə aid sayğac evdən kənarda yerləşir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 192944 saylı aktdan görünür ki, ünvan 1 ünvanına aid sayğac yoxlaması zamanı lifti qidalandıran xətdən kənar xətt götürməklə mənzildə X1 olunduğu aşkar edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli sorğusuna X4 Təchizatı və Satışı İdarəsinin 50-01/399 saylı xx xxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubunda bildirilir ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın lifti qidalandıran xətdən kənar xətt götürüldüyü halı aşkar edilmiş və 192944 saylı akt tərtib olnumuşdur. İtirilmiş enerjinin bərpası məqsədilə akta görə 4047 KVT/s (301,57 manat) sərfiyyat abonenetlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Abonentin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinədək enerjitəchizatçı təşkilatına 330,09 manat borcu vardır. Abunə haqqında məlumatdan görünür ki, **********01820 saylı abunə hesabında akta görə 301,57 (50,27+251,30) manat borc göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilmişdir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinəşərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsindəöz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, 192944 saylı aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən “X1 Qaydaları”nın yuxarıda qeyd olunan tələbləri pozularaq akt tərtib olunarkən hal şahidinin iştirakı təmin olunmamışdır. Bununla yanaşı məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mənzilə verilən elektrik enerjisini qeydə alan elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır ki, qeyd olunan “X1 Qaydaları”na görə də qeyd olunan halda hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, aktın etibarsız edilməsinə əsas yoxdur, çünki, həmin akt sayğacda qüsur olmasını özündə əks etdirir. Həmin qüsurun müəyyən edilməsi isə bu qüsurun (müdaxilənin) abonent tərəfindən müdaxilə ilə bağlı yaranması nəticəsinə gəlməyə və ona qeyd edilən məbləğdə borcun hesablanmasına əsas vermir. Qeyd edildiyi kimi sayğacların işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi daşıyır. Məhkəmə cavabdehin nümayəndəsinin etirazına gəlincə qeyd edir ki, cavabdehin nümayəndəsi etirazı əsaslandığı hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 301,57 manat borc ləğv olunaraq **********01820 saylıabunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus yaşayış sahəsinə xx.xx.2020-ci il tarixli, 192944 saylı akta əsasən hesablanmış 301,57 (üç yüz əlli bir manat, əlli yeddi qəpik) manat borc **********01820 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar