Məhkəmə qərarları › İş №2(060)-7093/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7093/2021

01.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7093/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə yaranmış borcun silinməsi tələbinə dair mülki işə 01 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC tərəfindən elektirk enerjisindən istifadəyə görə ona hesablanmış 422,38 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 0500, mənzil 2413 ünvanına 31.12.2016-cı il tarixdən 422,38 manat borc hesablanmışdır. O mütəmadi olaraq işıq borcunu ödəmişdir. Onun borcu yoxdur. Həmin borc isə məcburi köçkün borcudur. Nazirlər Kabinetinin müvafiq qərarı ilə isə qaçqınların və məcburi köçkünlərin kommunal borcları silinmişdir. Bu səbəbdən də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 mübahisələndirilən borc məbləğinin debitor borc olduğunu, 31.12.2016-cı il tarixdə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 422,38 manat borcunun dondurulduğunu, həmin borcun abonentlərə verilən bildirişlərdə qeyd edilmədiyini və bu borcların silinməsinin müəssisənin səlahiyyətinə aid olmadığını bildirdi və mübahisənin həllini məhkəmənin mülahizəsinə verdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Sumqayıt Şəhər Sektorunun AA278918 nömrəli arayışın surətindən görünür ki, Qurbanov X4 rayonundan məcburi köçkündür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin 2951 nömrəli, 02.08.2021-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Qurbanov X4 rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 9, otaq 2b-də 1994cü ildən məskunlaşmışdır. İş materiallarında olan abunə haqqında 26.07.2021-ci il tarixli invoisdən görünür ki, Sumqayıt şəhəri, İnşatçılar qəsəbəsi, ev 0500, 2413 saylı mənzildə quraşdırılmış sayğaca əsasən 422,38 manat borc “Məcburi köçkün borcunun dondurulması” kimi göstərilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhəri, İnşatçılar qəsəbəsi, ev 0500, 2413 saylı mənzildə X1yə görə 31.12.2016-cı ilə qədər hesablanmış 422,38 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ailə üzvləri ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 9, otaq 2b-də yaşayır. Həmin ünvan "xxxx" ASC-də ünvan 2 alınmışdır. İddiaçının məcburi köçkün kimi 422,38 manat məbləğində borcu 31.12.2016-cı il tarixdə cavabdeh tərəfindən dondurulmuşdur. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Həmin Fərmanın 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından və həmin Fərman əsasında cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı elektrik enerjisinə görə 31.12.2016-cı il tarixə yaranmış 422,38 manat məbləğində borcu dondurulduğundan Sumqayıt şəhəri, İnşatçılar qəsəbəsi, ev 0500, 2413 saylı mənzilə X1yə görə hesablanmış 422,38 manat məbləğində borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı (abunə kodu: **********02413) elektirik enerjisindən istifadəyə görə hesablanmış 422,38 (dörd yüz iyirmi iki manat otuz səkkiz qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar