Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7125/2023 28.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 28 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına tərtib olunmuş ******* saylı saylı aktın qanunsuz sayılması və bu akt əsasında hesablanmış 518 (beş yüz on səkkiz) AZN məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Azəriqaz istehsalat Birliyi” tərəfindən onun yaşadığı bu ünvana köhnə sayğac dəyişdirilərək, yeni sayğac quraşdırılmışdır. Bir müddətdən sonra 30.08 2023-cü il tarixdə yaşadığı ünvan 2 ünvanına ******* saylı akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, tərəflərindən baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənbəyi məlum olmayan plomb aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. Həmin akt əsasında 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) AZN dəymiş ziyanın bərpasına dair tələbnamə yazılmışdır. Cavabdeh idarənin əməkdaşlarının təqsirli olmadığı halda ona borc yazması ilə razılaşmayaraq həmin aktı imzalamaqdan imtina etdi. Bu akta narazılıq etdikdən sonra əməkdaşlar ona bildirdilər ki, bu borcu ancaq məhkəmə yolu ilə sildirə bilər. Özləri də bilirdilər ki, yazdıqları akt əsassız və qanunsuzdur. Bidirir ki, köhnə qaz sayğacı onun yaşadığı evdən və həyətindən kənarda quraşdırılmışdır. Daimi olaraq cavabdeh təşkilat bu sayğaca nəzarət edirdi. Bu sayğacın yararsız hala düşməsinə o, cavabdeh deyil. Həmin akt əsasında yazılmış borcla razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısnın plombu olmalıdır. Həmin qaydaların 4.7 cı bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə qaz paylayıcısı cavabdehlik daşıyır. Hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərin quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz onun tərəfindən müdaxilə olunması Azəriqaz istehsalat Birliyi tərəfindən sübuta yetirilməyib. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndəiddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan sayğaca baxış keçirilmişdir. Sayğaca müdaxilə olduğu üçün akt tərtib edilmiş və nəticədə iddiaçıya əsaslı olaraq borc hesablanmışdır. Onu da qeyd edir ki, cavabdeh sonuncu dəfə iyun ayında 20 manat manat ödəniş edib. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddələrinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbi ilə bağlı bildirmişdir ki, yaşağı mənzil həyət evidir, sayğac həyətdən çöldə yerləşir. Baxış keçirilən zaman sayğacın plombu da üstündə olmuşdur, ona toxunmamışdırlar. Onun xəbəri olmadan cavabdehin əməkdaşları sayğacı söküb aparıblar. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında İddiaçı adına xx.xx.2023-cü il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 518.40 manat borc hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 3 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 4320 m3 müəyyən edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, iddiaçıya məxsus ünvan 3 ünvanında olan sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq işlərinin olduğu, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuş və və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş MSK-14-2-2/3-5-8856/Q001 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin MSK-14-2-2/3-5-8856/Q001 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixində əhali sektorunda istismarda olan Sumqayıt QİS-dən Metrologiya Departamentinə gətirilmiş aktda nömrələri qeyd olunan qaz sayğacları 31 avqust 2023-cü il tarixdə Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 3 ünvanında quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımadığından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 518 manat məbləğində borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli,0309662 nömrəli aktın qanunsuz sayılması üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq işlərinin olduğu, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunduğu və sayğacın istismara yararsız olduğu faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********05520) xx.xx.2023-cü il tarixli, ******* nömrəli Akt əsasında hesablanmış 518 (beş yüz on səkkiz) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7125/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7125/2023
28.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver