Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7129/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət elərək 05 mart 1966-cı ildə anadan olmuş bacısı X1 (X2) qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, X2 Rusiya Federasiyasının vətəndaşıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında “Azərbaycan Respublikası Qanunu”nun 3-cü maddəsinin 3-cü bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində xüsusi nümunəli vəsiqə ilə müəyyən edilir. Bundan başqa Məhkəmələrin beynəlxalq səlahiyyətləri haqqında xüsusi icraat işləri üzrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 445-ci maddəsindən görünür ki, həmin maddədə Azərbaycan Respublikasının məhkəmələrinin xüsusi icraat işləri üzrə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə işlərə baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-7129/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7129/2021
11.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver