Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7159/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7 oğlunun, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi , Külək MMC Hərrac Mərkəzi və Unibank KB ASC-nə qarşı «hərracın etibarsız sayılması nəticəsində 29/04 nömrəli protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi , Külək MMC Hərrac Mərkəzi və Unibank KB ASC-nə qarşı «hərracın etibarsız sayılması nəticəsində 29/04 nömrəli protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Sumqayıt şəhər üzrə İcra İdarəsinin sifarişi ilə Külək MMC-də keçirilən 09.04.2021-ci il tarixli hərracın və 29/04 nömrəli protokolun, 09.04.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 22.12.2016-cı il tarixli 2(060)14343/2016 saylı qətnaməsi ilə Unibank KB” ASC-nin iddiaçılara qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən, "xxxx" ASC ilə iddiaçıların arasında bağlanmış 19.02.2014-cü il tarixli və 02.07.2014-cü cü il tarixli kredit və əlavə kredit müqavilələri ləğv edilmişdir. 19.02.2014-cü il tarixli əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 36 981.27 ABŞ dolları əsas borc, 3119.74 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 40 201.01 ABŞ dolları, 02.07.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 2087.16 manat , faiz borcu üzrə 107.56 manat, cavabdehlərdən İddiaçı2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Tələb cavabdehlərdən İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0.0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinə yönəldilməsi ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 79.200 manat müəyyən edilməsi, ipoteka qoyulmuş Saray bağlar massivində yerləşən 3276A saylı bağ evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş məbləğin "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(105)- 259/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuşdur. Sumqayıt Apellyasiya məhkəməsinin hal-hazır ki qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 22.12.2016-cı il tarixli qətnaməsi əsas borca hesablanmış faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. İddiaçıdan 19.02.2014-cü il tarixli, 11Y/14 saylı əlavə kredit müqaviləsi və 02.07.2014-cü il tarixli 19mpsYSM/14 saylı əlavə kredit müqaviləsi üzrə tutulmalı olan əsas borca hesablanmış faiz məbləği azaldılaraq 19.02.2014-cü il 11Y/14 saylı əlavə kredit müqaviləsi üzrə 2388,04 ABŞ dolları və 02.07.2014-cü il tarixli, 19mpsYSM/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 28 manat "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağları massivində yerləşən 0,0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinin satış qiyməti dəyişdirilərək 78,500 manat müəyyən edilmişdir. Qalan hissədə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti versələr də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10.10.2018-ci il tarixli, 2(102)- 46/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir, Məhkəmə qətnaməsi icraya yönəlmişdir. X6 Massivində yerləşən 0.0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinin qiymətinin dəyişdirilməsi ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Hal-hazırda bununla bağlı məhkəmə mübahisəsi davam etsə də, onlara məlum olmuşdur ki, 09.04.2021-ci il tarixdə iddiaçılardan İddiaçı1 mülkiyyətində olan torpaq və bağ evi Külək MMC tərəfindən təşkil olunmuş hərracda 50043.75 manata iş üzrə digər cavabdeh ipoteka saxlayan Unibank KB ASC-yə satılmışdır. Hesab edirlər ki, keçirilmiş hərrac etibarsız hesab olunmalı və həmin hərracın nəticələrinə görə tərtib olunmuş protokol və alqı-satqı müqavilələri də, etibarsız hesab olunmalıdır. İddiaçılardan İddiaçı1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayit şəhəri üzrə İcra İdarəsinə, Unibank KB ASC-yə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı ipoteka predmetinin qiymətinin dəyişdirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə mübahisəsi gedə gedə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə icra idarəsi Külək MMC-yə sifariş göndərərək hərracdan məhkəmə mübahisəsi gedə -gedə satılmasını xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, icraata başlama haqqında qərarın surəti onlara göndərilməmişdir. Həmin qərarın surəti onlara göndərilsə idi, təbiiki bununla bağlı müəyyən tədbirlər görərdilər. Bu səbəbdən də, Saray bağlar massivində yerləşən 10 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli bağ evi 50043.75 manata satılmazdı. İcra işində onlara bildirişin gəlməsi, bildirişin alınması ilə bağlı hərhansı məlumatları yoxdur. Bir neçə gün əvvəl icra məmurunun yanında olub məhkəmə mübahisəsinin davam etdirilməsi barədə məlumat vermək istədikdə məlum olmuşdur ki, doğrudan da, artıq hərrac keçirilib və İddiaçı1 mülkiyyətində olan əmlak ucuz qiymətə Unibank KB ASC-yə satılmışdır. Rəsmi qaydada müraciət edib hərracın yekunları barədə sənədləri icra şöbəsindən almışlar. Hesab edirlər ki, hərracın keçirilməsi qaydaları pozulduğundan vətəndaş kimi hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilir. Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək göstərdi ki, 2021-ci ildə hərrac keçirilmişdir. Bu barədə iddiaçıya bildiriş göndərilib. Bundan başqa hərracla bağlı qəzetdə də elan verilmişdir. İddiaçının vəkili və nümayəndəsinin qeyd olunan məsələ ilə bağlı fikrini əsassız sayır. Bağ evinin aşağı dəyərə satılması ilə bağlı iddiaçının vəkili və nümayəndəsinin fikrinə qarşılıq olaraq bildirir ki, “İpoteka haqqında qanuna” əsasən hərrac ilk dəfə ilkin satış qiymətindən 15% aşağı salınmaqla, əgər tərəf özü almazsa sonradan 25% aşağı salınmaqla hərraca çıxarılır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbində Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Sumqayıt şəhər üzrə İcra İdarəsinin sifarişi ilə Külək MMC-də keçirilən 09.04.2021-ci il tarixli hərracın və 29/04 nömrəli protokolun, 09.04.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş etsələr də, sözügedən protokolu və alqı-satqı müqaviləsinin surətini məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi , Külək MMC Hərrac Mərkəzi və Unibank KB ASC-nə qarşı «hərracın etibarsız sayılması nəticəsində 29/04 nömrəli protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi , Külək MMC Hərrac Mərkəzi və Unibank KB ASC-nə qarşı «hərracın etibarsız sayılması nəticəsində 29/04 nömrəli protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-7159/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7159/2021
15.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver