Məhkəmə qərarları › İş №2(060)-7170/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7170/2024

26.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7170/2024 26.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, cavabdeh “Azərişıq" ASC tərəfindən əsassız hesablanmış 2981,19 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda sözügedən ünvanda yaşayır. Mənzildə ondan əvvəl məcburi köçkün olan X1 yaşamaşıdır. Sözügedən borc dondurlmuş borc məbləğidir. Hal-hazırda isə həmin məbləğ ondan əsassız olaraq tələb edilir. Mənzildə komunalları adına keçirmək istəyən zaman bu problemlə üzləşmişdir. Asan xidmətdə bu borcun tələb olunmadığını, lakin mənzildə abonent kodunun dəyişdirilməsi zaman borcun mövcud olduğunu və yalnız məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçının tələb etdiyi silinməli olan məbləğ dondurulmuş borc vəsaitidir, ödənilməsi tələb olunmur. Yalnız addəyişmə zamanı sistemdə göstərilir. Həmin dondurulmuş borclar Prezidentin fərmanı ilə silinməli idi. Lakin Azərenerji bu əməliyyatı yerinə yetirməmişdir.

Tədqiq olunan sübutlar:

5. Abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə xx.xx.2016-cı il tarixə 2981,19 manat məbləğində məcburi köçkün borcu vardır.

6. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal sahəsinin 837 saylı, 07 oktyabr 2024-cü il tarixi arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 48 saylı məhəllə, ev 8, 67 saylı mənzildə yaşayır.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:

-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

11. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanına elektrik enerjisindən istifadəyə görə xx.xx.2016-cı il tarixə 2981,19 manat məbləğində məcburi köçkün borcu vardır.

12. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd olaraq əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış borc silinməlidir. Eləcə də işin hallarından göründüyü kimi mübahisələndirilən borc məbləği məcburi köçkün borcu olmaqla, həmin borc cavabdeh tərəfindən tələb olunmur.

13. Məhkəmə hesab edir ki, hal-hazırda cavabdeh ASC tərəfindən ödənilməsi iddiaçıdan tələb edilməyən borc məbləğinin iddiaçıya məxsus abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarını məhdudlaşdırır.

14. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 2981 (iki min doqquz yüz səksən bir) manat, 19 (on doqquz) qəpik borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********00969) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir.

Nəticə:

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 2981 (iki min doqquz yüz səksən bir) manat, 19 (on doqquz) qəpik məbləğində borc **********00969 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 49 (qırx doqquz) manat, 81 (səksən bir) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar