Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7172/2024 21.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, Ərizəçi maraqlı şəxs qismində 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi»nə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 Xızı rayonu Qasımkənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1957-ci il tarixli, 05 saylı doğum haqqında akt qeydində ana bəndində qeyd edilən X4 ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1494 saylı, xx.xx.2012-ci il tarixli ölüm haqqında akt qeydindəki X3 mərhum atası X2 münasibətdə anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, ərizədə tələblərin nədən ibarət olduğu konkret və aydın göstərilməmişdir. Bu səbəbdən tələblər məhkəmə üçün qeyri-müəyyən qalmışdır. Həmçinin ərizəçi öz tələblərini əsaslandıracaq kifayət qədər sübutu ərizəsinə də əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsində qeyd olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində iddia tələblərinin aydın göstərilməməsi mülki işin gələcəkdə hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə yarada bilər. Bu hal, tələbin qeyri-müəyyənliyinə, dolayısı ilə iddia ərizəsinin məzmun tələblərinə riayət olunmadığına dəlalət edir. Odur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Sözügedən Qərarın 6.2-ci və 6.3-cü bəndlərinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi»nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №2(060)-7172/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7172/2024
21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver