Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7184/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Baxşaliyeva Pəri Atlıxan qızının, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Baxşaliyeva Pəri Atlıxan qızının Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 18 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Baxşaliyeva Pəri Atlıxan qızı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında istifadə olunan qaza görə quraşdırılmış sayğacın qayka birləşməsinin plombunun qırılmasının aşkar olması, istismara yararsız olması barədə xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və bu akt əsasında hesablanmış 856,70 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Baxşaliyeva Pəri Atlıxan qızı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı evin mülkiyyət hüquqları X1 məxsus olsa da, mənzilə aid olan ZENNER T mexaniki qaz sayğacı onun adına sənədləşdirilmişdir. xx.xx.2018-ci il tarixində Azəriqaz İBnin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən mənzilə məxsus qaz sayğacına baxış keçirən zaman sayğacın qayka birləşməsinin plombunun qırılmasını aşkar ediblər. Bununla bağlı xx.xx.2018-ci il tarixli ******* nömrəli akt tərtib ediblər. Həmin aktın məzmunundan bəlli olur ki, dəymiş ziyanın hesablanması barədə tələb irəli sürülmüşdür. Hətta dəymiş ziyanın bərpasına dair ona xx.xx.2018-ci il tarixli tələbnamə də verilmişdir. Daha sonra ona 856,70 manat məbləğində cərimə müəyyən ediblər. Bu absurd bir yanaşmadır. Aktın surətini tələb edəndən sonra ona təqdim olunmuşdur. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən sayğacın qayka birləşməsinin plombunun qırılması barədə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Qeyd edir ki, sayğac mənzilin içində deyil, blokda yerləşir. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə onun arasında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sırasına daxil edilməmişdir. Bildirir ki, tərfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır, digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Sayğaca hər hansı müdaxilə varsa belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Digər tərəfdən həmin qaz sayğacı cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən götürülərək onun iştirakı olmadan texniki baxışdan keçirilmiş və ancaq bundan sonra ona həmin sayğaca müdaxilə olunması barədə məlumat verilmişdir. Göründüyü kimi, qeyd olunan mənzilə aid qaz saygacına müdaxilə edilməsi barədə tərtib edilmiş xx.xx.2018ci il tarixində tərtib edilmiş akt və onun əsasında hesablanmış borc əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Baxşaliyeva Pəri Atlıxan qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil artıq satılıb. Həmin vaxt mənzilin qaza görə hər hansı borcu olmayıb. Mənzil satılandan sonra onlara mənzil onların mülkiyyətində olduğu vaxt cərimə hesablandığını öyrəniblər. Bu səbəbdən bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan sayğaca baxış keçirilmişdir. Sayğaca müdaxilə olduğu üçün akt tərtib edilmiş və nəticədə iddiaçıya əsaslı olaraq borc hesablanmışdır. Onu da qeyd edir ki, mübahisəli mənzilə 2018-ci ildə cərimə yazılmış və 2021-ci ildə sayğac dəyişdirilərək mexaniki sayğac qurşdırılıb. İddiaçı tərəfindən 2016-cı ildə 34 manat, 2021-ci ildə isə cəmi 6 manat ödəniş edilib. Bu hal bir daha sayğaca müadxilə olunmasını təsdiq edir. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında Baxşaliyeva Pəri Atlıxan qızının adına xx.xx.2021-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 856.70 manat borc hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, ünvan 2 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 8567 m3 müəyyən edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən, iddiaçıya məxsus ünvan 2 ünvanında olan sayğaca baxış keçirilmiş və sayğacın qayka birləşməsinin plombunun qırılması aşkar olunmuş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli akt mənzil iddiaçının mülkiyyətində olduğu vaxt tərtib edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının həmin akt əsasında yazılmış borcu mübahisələndirmək hüququ vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq Baxşaliyeva Pəri Atlıxan qızının istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaçının mənzilində qazdan istifadə ilə bağlı bəzi illərdə sərfiyyatın az olması ilə bağlı etirazının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıya qazdan kənar xətt vasitəsilə istifadə və ya sayğaca müdaxilə ilə bağlı digər əsasla cərimə yazılmamış, mübahisələndirilən aktın tərtib edilməsinə əsas sayğacda aşkar edilmiş qüsurla bağlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Baxşaliyeva Pəri Atlıxan qızı ünvan 2 ünvanında quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 856.70 manat məbləğində borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın qayka birləşməsinin plombunun qırılması və sayğacın istismara yararsız olduğu faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Baxşaliyeva Pəri Atlıxan qızına (abonent kodu: **********10060) xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 856,70 (səkkiz yüz əlli altı manat yetmiş qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7184/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7184/2023
18.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver