Məhkəmə qərarları › İş №2(060)-720/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-720/2021

18.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-720/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, su və kanalizasiya xidmətlərinə görə yaranmış 2201,74 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2231,74 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əhali qrupuna daxil olan cavabdehə su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2020-ci il tarixinə 2201,74 manat borcu yaranmışdır. İddiaçı tərəfindən hər ay cavabdehin ünvanına borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə tam ödəniş etməmişdir. Belə ki, abonentin ünvanında hesabat normativ qaydada ailə tərkibinə uyğun olaraq aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanına əsasən xx.xx.2011-ci il tarixə cavabdehin ünvanına hesablanmış 1651,52 manat borc silinmişdir. Hazırda cavabdehin iddiaçıya borcu 2231,74 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, 2011-ci ildə bütün borclu abonentlərin su təchizatına görə borcları dövlət səviyyəsində silinmişdir. Cavabdehin ünvanında su sayğacı olmadığı üçün hesabat normativ qaydada ailə tərkibinə uyğun olaraq aparılmışdır. Həmin ünvanda iddiaçı ilə birlikdə 13 nəfər qeydiyyatdadır və hesabat həmin say tərkibinə uyğun olaraq həyata keçirilmişdir. Hər bir şəxs üçün aylıq 5 kub metr orta sərfiyyat hesablanır ki, bu da 2,5 manat təşkil edir. Belə ki, cavabdehin xx.xx.2020-ci il tarixinə kimi iddia ərizəsində göstərilən məbləğdə borcu qalmışdır. Borclar silindikdən sonrakı dövrə yaranan borclar cavabdeh tərəfindən tam olaraq ödənilməmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, o iddiaçıya olan borcunu etiraf edir. Lakin iddiaçı iddia ərizəsində ondan yüksək məbləğdə borc tələb edir ki, realda onun iddiaçıya borcu daha az məbləğdədir. Belə ki, sözügedən arayışda ailə tərkibi 13 nəfər qeyd olunsa da, elə həmin arayışdan göründüyü kimi ondan başqa beş nəfər həmin ünvanda yaşayır. Bu səbəbdən onun ünvanında hesabatın arayışda qeyd olunan say tərkibinə uyğun olaraq aparılmasını yanlış hesab edərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan Hacı Zeynalabdin qəsəbə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 466 nömrəli arayışından görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və özündən başqa 12 nəfər həmin ünvanda qeydiyyatdadır ki, onlardan yalnız 5 nəfər həmin evdə yaşayır. Qeyd edilən ünvanda 1 nəfər qeydiyyatsız yaşayır. İşdə olan abonent kartında cavabdehin su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartından göstərilmişdir ki, cavabdehin su və kanalizasiya xidmətlərindən istifadəyə görə yekun olaraq 2201,74 manat borcu qalmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2002-ci il tarixli, 30483325 saylı müqavilə bağlandığı qeyd edilmişdir. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixli xəbərdarlıq göndərərək borcunu ödəməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat müəyyən edilmişdir. Tarif (qiymət) Şurasının xx xxx 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında su təchizatını və tullantı sularının axıdılması haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən ona göstərilən xidmətlərin dəyərini lazımi qaydada ödəməmiş buna görə də iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsində 2201,74 manat pulun cavabdehdən tutulmasını tələb etmişdir. Belə ki, iddiaçı cavabdehin yaşadığı ünvana su və kanalizasiya xidmətlərindən istifadəyə görə borcu 13 nəfərlik ailə tərkibinə əsasən aparmışdır. Cavabdehin yaşadığı ünvana dair abonent kartından da borcun iddia ərizəsində qeyd olunan məbləğdə olduğu müəyyən edilir. Lakin, cavabdehin yaşadığı fərdi yaşayış evində ondan başqa 5 nəfər faktiki olaraq yaşadığı üçün borc 6 nəfər say tərkibinə uyğun olaraq hesablanmalıdır. Göründüyü kimi iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2020-ci il tarixinə kimi olan dövr üçün ödənilməmiş borcu tələb edir. xx.xx.2011-ci ildən xx.xx.2016-cı ilə kimi su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun `qiyməti və həmin miqdarda tullantı sularının axıdılmasına görə haqq 0,36 manat müəyyən edilmişdir. Hər bir şəxs üçün aylıq norma 5 kub metr müəyyən olunduğu üçün həmin dövr üçün bir adam üçün sudan və kanalizasiya xidmətlərindən istifadə haqqı 1,8 manat təşkil edir ki, 6 nəfərdən ibarət ailə tərkibi üçün bu rəqəm 10,8 manatdır. Həmin məbləği isə qeyd edilən dövr üçün ayların (63 ay) sayına vurduqda borc 680,4 manat təşkil edir. xx.xx.2016-cı ildə isə kimi su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun `qiyməti və həmin miqdarda tullantı sularının axıdılmasına görə haqq 0,5 manat müəyyən edilmişdir. Hər bir şəxs üçün aylıq norma 5 kub metr müəyyən olunduğu üçün həmin dövr üçün bir adam üçün sudan və kanalizasiya xidmətlərindən istifadə haqqı 2,5 manat təşkil edir ki, 6 nəfərdən ibarət ailə tərkibi üçün bu rəqəm 15 manatdır. Həmin məbləği isə qeyd edilən dövr üçün ayların (51 ay) sayına vurduqda borc 765 manat təşkil edir. Yəni, cavabdehin iddiaçıya ümumilikdə 1445,4 manat su və kanalizasiya xidmətlərindən istifadəyə görə borcu mövcuddur ki, iddia qismən təmin edilərək həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1445 (min dörd yüz qırx beş) manat 40 (qırx) qəpik borc və 15 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar