Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7208/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: istehlakçıların hüquqlarının müdafiəsi, borcun silinməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən əsassız hesablanmış 855.72 manat köhnə inteqrasiya dövrü borcunun və 1920.78 manat dondurulmuş məcburi köçkün borcun **********02762 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda sözügedən ünvanda yaşayır. Sözügedən borc məbləğləri köhnə barmek borcu və dondurulmuş borc məbləğidir. Dəfələrlə silinməsi barədə "xxxx" ASC-yə müraciət etsə də, borc bu günə kimi silinməmişdir. Hal-hazırda isə həmin məbləğlər ondan əsassız olaraq tələb edilir. ASAN xidmət tərəfindən bu borcun tələb olunmadığı, lakin məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Silinməsi tələb edilən borcun bir hissəsi köhnə borcdur. Borcun digər hissəsi isə məcburi köçkün borcudur. Hər iki borc tələb edilməyən borclar siyahısına daxildir. Qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. Abunə haqqında saldodan görünür ki, Sumqayıt şəhəri, məhəllə 21, ev 0010, mənzil 2762-də xx.xx.2015-ci il tarixə 855.72 manat “inteqrasiya dövr borcu” kimi və xx.xx.2016-cı il tarixə 1920.78 manat borc “qaçqın borcu silinmə” kimi göstərilmişdir.
7. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin 1865 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 21, 33 saylı yataqxanada qeydiyyatsız yaşayır.
b) mülki iş üzrə tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Maddə 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
9. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı: Bənd.1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. 1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”: Bənd 1.1. Yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Bənd 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Bənd 8.4. Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
11. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28.2. Təchizatçı ilə elektrik enerjisinin təchizatı müqaviləsi bağlayan istehlakçının elektrik enerjisi ilə təchizatı həmin təchizatçı ilə ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Maddə 29.7. Ötürücü və ya paylayıcı sistem operatoru istehlakçıya verdiyi elektrik enerjisinin miqdarını yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi elektrik enerjisinin dəyərini tam hesablayaraq təchizatçının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi elektrik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq təchizatçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab təchizatçı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının elektrik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra təchizatçı yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. 29.9. Tikinti obyektinin qoşulduğu ötürücü və ya paylayıcı şəbəkədən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
14. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, məhəllə 21, ev 0010, mənzil 2762 (ünvan 1 İddiaçı istifadəsindədir. Abunə kodu **********02762 olan abonent İddiaçı X1yə görə 855.72 manat məbləğində keçmiş borcu vardır. Həmçinin, 1920.78 manat borc məcburi köçkün borcu kimi xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən dondurulmuşdur.
15. 855.72 manat məbləğində yaranmış borc abunə haqqından çıxarışda keçmiş borclar kimi qeyd edilməklə, həmin borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanmasını, borcun yaranması əsasını və borcun həqiqətən mövcud olubolmamasını iş materiallarına əsasən müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Belə ki, keçmiş dövrdə yaranan və hal-hazırda iddiaçıdan ödənilməsi tələb edilməyən borc məbləğinin iddiaçıya məxsus abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarının kobud surətdə pozulmasına səbəb olur.
16. Bundan başqa istehlakçı İddiaçı məcburi köçkün statusuna malik şəxs olmaqla, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ona şamil edilir. Belə olan halda 1920.78 manat borcun silinməməsi istehlakçı İddiaçı hüquqlarının kobud surətdə pozulmasına səbəb olur.
17. Odur ki, Sumqayıt şəhəri, məhəllə 21, ev 0010, mənzil 2762 (ünvan 1 ünvanına hesablanmış 855.72 manat məbləğində yaranmış köhnə borc silinməlidir.
18. Məhkəmə həmçinin hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, məhəllə Sumqayıt şəhəri, məhəllə 21, ev 0010, mənzil 2762 (ünvan 1 ünvanında X1yə görə hesablanmış 1920.78 manat məbləğində məcburi köçkün borcu da silinməlidir.
Nəticə hissəsi:
19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********02762) X1yə görə hesablanmış 1920.78 manat məbləğində məcburi köçkün borcu və 855.72 manat məbləğində yaranmış köhnə borc "xxxx" ASC tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva