Məhkəmə qərarları › İş №2(060)-7218/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7218/2021

22.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7218/2021 22.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 377,57 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 23 saylı evin, 3 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. "xxxx" ASC-nin nümayəndələri tərəfindən 05.07.2021ci ildə mənzilə xidmət göstərən sayğaca baxış keçirilmiş və 223373 saylı akt tərtib edilmişdir. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və elektrik sayğacına heç bir müdaxilə etməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, 05.07.2021-ci il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın işləməməsi halı aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı təsdiq edilmiş “X1 qaydaları”-nın 8.15-ci bəndinin tələblərinə uyğun olaraq 05.07.2021-ci il tarixli, 223373 saylı akt əsasında 380,82 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Ona görə də iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, akta əsasən 380,82 manat borc mövcuddur. - 05.07.2021-ci il tarixli, 223373 saylı akta əsasən, elektrik sayğacına baxış zamanı sayğacın işləməməsi halı aşkar edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 23 saylı evin, 3 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəsi ilə 02.04.2007-ci ildə qeydiyyata alınmışdır. - 05.07.2021-ci il tarixli, 223373 saylı akta əsasən, elektrik sayğacına baxış zamanı mənzilə məxsus sayğacın işləməməsi halı aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus mənzilə aid sayğacın işləmədiyi dövr üçün 380,82 manat sərfiyyat borcu hesablanmışdır. 15.09.2020-ci ildən akt yazılan tarixədək sayğac işləməmişdir. Abonent kartından görünür ki, orta aylıq sərfiyyatın dəyəri 11-17 manat arasında dəyişir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, sayğacın müəyyən dövr ərzində işləməməsi işin mübahisəsiz halı olduğundan, abonent kartından göründüyü kimi həmin dövrdəki enerji sərfiyyatının dəyəri təqribən 130 (13 man. x 10 ay) manat ehtimal edildiyindən, iddiaçı tərəfindən 32 manat ödənildiyindən, nəticədə 98 manat borc qaldığından, iddiaçı həmin məbləğlə razılaşdığından və cavabdeh bu dəyəri mübahisələndirmədiyindən, bu vəsait İddiaçı tərəfindən ödənilməli, borcun qalan hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 500 manatdan aşağı olduğu üçün qanunvericiliyin tələbinə əsasən 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən abonent kodu **********00836 saylı Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 23 saylı evin, 3 saylı mənzilinə hesablanmış 282,82 manat borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməli və 20 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 23 saylı evin, 3 saylı mənzil üzrə qeydiyyata alınmış **********00836 saylı abonent koduna hesablanmış 282,82 manat borc silinsin. İddianın verilməsinə görə 20 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar