Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7240/2023 25.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 25 dekabr 2023cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat Bağları ərazisində yerləşən 2490H nömrəli, 0,03 ha torpaq sahəsi yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00908) ilə bağlı cavabdeh təşkilat tərəfindən hesablanmış 562 (beş yüz altmış iki) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat Bağları ərazisində yerləşən 2490H nömrəli, 0,03 ha torpaq sahəsi reyestrdən çıxarış ilə onun mülkiyyətindədir. Həmin torpaq sahəsində fərdi yaşayış evi var. Həmin evdə daha çox yay aylarında (abonent kodu: **********00908) o və ailəsi yaşayır. Sözügedən fərdi yaşayış evində 2015-ci ildən qaz xətti və mexaniki qaz sayğacı (**********3 nömrəli) olmuşdur. Yaşadıqları bütün müddət ərzində onlar davamlı olaraq qaz sayğacından qanunauyğun şəkildə istifadə etmiş və bunun müqabilində vaxtlı-vaxtında ödənişlər etmişdir. Bunu abonent saldosundan da görmək olur. xx.xx.2023-cü il tarixində "Azəriqaz" İB-nin əməkdaşları sözügedən ünvanda qaz sayğacını ona xəbərdarlıq etmədən və iştirakı olmadan özbaşına yenisi ilə əvəzləyib eyni markalı, mexaniki **********6 nömrəli sayğacı quraşdırmışlar. “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-8856/Q001 nömrəli akt tərtib olunaraq sayğac yoxlanılması üçün labaratoriyaya göndərilmişdir. Labaratoriya yoxlanılması zamanı müəyyən edilib ki, guya sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilib. Cavabdeh İB-nin "dəymiş ziyanın bərpasına dair" xx.xx.2023-cü il tarixli tələbnamə əsasında ona itirilmiş qaz sərfiyyatının (4320 m3) bərpası məqsədi ilə 562 (beş yüz altmış iki) manat məbləğində heç bir əsası olmayan borc yazılmışdır. Bunu cavabdeh təşkilatın rəsmi saytında abonent kodunu daxil etməklə müəyyən etmək olur. Məhkəmənin nəzərinə çatdırır ki, bundan əvvəlki qaz sayğacı 8 il müddətində onun evinin qaz istehlakını ölçüb və bu müddət ərzində cavabdeh təşkilat bir dəfə belə həmin sayğaca texniki baxış da keçirtməmişdir. Cavabdeh təşkilatın qanunsuz əməlləri nəticəsində o, normal qaz istehlakını həyata keçirə bilmir. Məhkəmənin nəzərinə çatdırır ki, qaz sayğacı onun mənzilindən kənarda yerləşir və qaz sayğacına edilən bütün müdaxilələrə o, cavabdeh deyil, çünki sutkanın 24 saatı da sayğacı müşahidə etməyi mümkünsüzdür. Ödəniş tarixçəsindən də göründüyü kimi, sayğaca müdaxilə etməyə onun ehtiyacı da yoxdur. Həmçinin o, indiyədək hər ay öz ödənişlərini vaxtlı-vaxtında etmiş və demək olar ki, onun evində aylıq qaz sərfiyyatı mövsümünə görə stabildir. Yəni onun evinin qaz sərfiyyatında hər hansı böyük dəyişiklik yoxdur ki, o, ödənişlərin həcminə görə sayğaca müdaxilə etmək məcburiyyətində qalır. Qaz sərfiyyatı stabildir və o, heç bir ödənişini gecikdirməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə sənədinin elektron kabinetinə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi 2490H ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 518.40 manat borc hesablanmışdır. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi 2490H ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 4320 m3 (4320*0.12=518,40 manat) müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuş və və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş MSK-14-2-2/3-5-8856/Q001 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin MSK-14-2-2/3-5-8856/Q001 nömrəli, xx.xx.2023-cü il tarixli telefonoqramına əsasən xx.xx.2023-cü il tarixində əhali sektorunda istismarda olan Sumqayıt QİS-dən Metrologiya Departamentinə gətirilmiş aktda nömrələri qeyd olunan qaz sayğacları 31 avqust 2023-cü il tarixdə Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh bununla bağlı məhkəməyə hər habsı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 562 manat borcun silinməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş abonent saldosuna əsasən cavandeh tərəfindən iddiaçıya 518.40 manat borc hesablanmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, Corat bağları ərazisi 2490H ünvanına ünvanına əsassız olaraq hesablanmış 518.40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, Corat bağları ərazisi 2490H ünvanına (abonent kodu: **********00908) hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7240/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7240/2023
25.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver